31 dekabr 2023 02:36
498

Sülh danışıqları: 2024-cü ilə nikbin baxmağa əsas var

Sülh sazişi üzrə danışıqlara başlanılmasının təşəbbüskarı Azərbaycandır. Baza prinsipləri və ilk sülh layihəsi də ölkəmiz tərəfindən təqdim olunub. Prezident İlham Əliyev daim vurğulayır ki, Azərbaycan ilə Ermənistan arasında beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülhün əldə olunması qaçılmazdır və ölkəmiz regional sülh gündəliyinə, davam edən danışıqlar prosesinə daim sadiqdir.

Bütün bunlara baxmayaraq, Ermənistan bəzi Qərb ölkələrinin, xüsusilə Fransasnın təlimat, təzyiq və şirnikləndirmələri ilə danışıqlar prosesini əngəlləyir, gecikdirmə taktikasına əl atır, Üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi şəkildə pozmaqda davam edir. Şübhəsiz, bütün bunlar təsadüfi deyil. Çünki Rusiyanı regiondan çıxarıb bu coğrafiyada möhkəmlənmək istəyən Qərb ölkələrinin əlində alətə çevrilən Ermənistan sülh danışıqları ilə bağlı müstəqil qərar verə bilmir. Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən noyabrın 16-da parlamentdəki çıxışında “Ermənistan xaricdə işlənib hazırlanmış və nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün tramplin və plasdarm deyil” fikrini səsləndirir, digər yandan isə ABŞ və bəzi Avropa İttifaqı ölkələrindən dəstək istədiklərini də söyləməkdən çəkinmir. Bütün bunlar 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanata imza atan və Cənubi Qafqazda nəqliyyat və loqistika imkanlarının özü üçün alternativ mühüm əhəmiyyət daşıdığını dərk edən və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olan Rusiyanı narahat etməyə bilməz. Bu məsələlər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bəyanatında da öz əksini tapıb: “Başa çatmaqda olan il bir çox ölkələr və xalqlar üçün, o cümlədən Ermənistan üçün asan olmadı. Xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara cəlb etmək istəklərini görürürük. Ermənistan vətəndaşlarının taleyi Qərb üçün tam önəmsizdir. Onlar ermənilərin hisslərindən, ağrılarından və əzablarından yalnız öz məqsədləri üçün istifadə edirlər”.

Bütün bunlar bir daha göstərir ki, özünü sülh göyərçini kimi göstərməyə çalışan Ermənistanın siyasi rəhbərliyinin sülh prosesi ilə bağlı bəzi açıqlamaları manipulyasiyadan başqa bir şey deyil.  Əslində uzun illər öz havadarlarının köməyi ilə apardığı işğalçı siyasəti ilə dalana dirənən, bütün regional layihələrdən məhrum olan Ermənistanın siyasi rəhbərliyi yaxşı anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalamasa, Türkiyə Respublikası ilə münasibətləri normallaşdırmasa bu ölkənin çətin və ağrılı günləri bitməyəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş üçtərəfli razılaşmaların yerinə yetirilməsi Ermənistanda yaranmış mürəkkəb vəziyyətdən çıxış yoludur: “Onları Qərb aktorlarının köməyi ilə həll etmək mümkün olmayacaq. Rusiyadan fərqli olaraq, ABŞ və Avropa İttifaqı respublikaya və ümumilikdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmırlar. Onların məqsədi tamamilə başqadır-Moskvanı və digər regional oyunçuları sıxışdırıb çıxarmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq. Bu mürəkkəb şəraitdən çıxış yolu açıq-aydındır- İrəvan, Bakı və Moskvanın ən yüksək səviyyədə üçtərəfli razılaşmaları yerinə yetirilməlidir”.

Bütün bunların fonunda bir daha əmin olmaq istərdik ki, rəsmi İrəvan müstəqil siyasət yeridərək bəzi Qərb ölkələrinin təhriki ilə sülh prosesini sabotaj etməkdən əl çəkəcək. Azərbaycanla sülh sazişini imzalamaqla münasibətləri tənzimləyəcək, bununla da regionda davamlı sülhün, təhlükəsizliyin, əməkdaşlığın, eləcə də iqtisadi, siyasi və mədəni əlaqələrin bərqərar olunmasına töhfə verəcəkdir.

Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, ekspertlərin də bildirdiyi kimi, sülh sazişi ilə bağlı mənfi münasibət demək olar ki, sıfıra endilib. Belə ki, sülh prosesi ilə bağlı cari ildəki nəticələr, xüsusilə dekabr ayında baş verən ciddi etimad quruculuğu 2024-cü ilə nikbin baxmağa əsas verir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib ki, noyabrda delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi də müsbət inkişaf kimi qiymətləndirilməlidir: “2023-cü ilin sonunda müəyyən müsbət nəticələr qazanılıb. Bizi məmnun edən məqam ondan ibarətdir ki, bütün bunlar birbaşa təmas nəticəsində əldə edilib. Azərbaycan tərəfi bu nəticələri nəzərə alaraq 2024-cü ildə hadisələrin inkişafına nikbin baxır. Öz tərəfimizdən təbii ki, legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüquq əsas götürərək üzərimizə düşən müsbət münasibəti göstərməyə davam edəcəyik”.

Zahid Rza, “İki sahil”