31 dekabr 2023 09:00
415

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Zəngəzur da, Araz da şimallı, cənublu qardaşları birləşdirəcək

Naxçıvandan başlanan «Sərhəd hərəkatı» ilə formalaşan diaspor təşkilatlarında bir araya gələn soydaşlarımız məskunlaşdıqları ölkələrdə Azərbaycanı təmsil edən diplomatik nümayəndəliyimizdir

Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə xalqına xidmət naminə gördüyü işlərin, qəbul etdiyi qərarların, həyata keçirdiyi yeniliklərin, özünü doğruldan və bu təməl əsasında bu gün də davam etdirilən islahatların hər biri əsrə bərabər dəyərlər, on illər üçün nəzərdə tutulan uzaqgörənliyinin məntiqi nəticəsidir. Tarixi hadisələrin əsl mahiyyəti həmin an tam mənası anlaşılmasa da, zaman xalq üçün zəruri olanları dəyərləndirir. Ulu Öndər Heydər Əliyevin muxtar respublikada göstərdiyi fədakarlıqlar müstəqilliyimizin əbədiliyi, milli birliyimizin möhkəmlənməsi, torpaqlarımızın qorunması baxımından taleyüklü məsələlərdir.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında «Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında» məsələnin müzakirəsinin siyasi əhəmiyyəti ilə bağlı fikirlərini deputatlarla bölüşən Ulu Öndərin bu təşəbbüsü Azərbaycan xalqının milli ruhunun dirçəlməsi, özünəqayıdışı kimi dəyərləndirildi. Tarixin bütün dönəmlərində Azərbaycana qarşı birləşərək təxribatlar törədən, Xalq şairi Bəxtiyar Vahabzadənin təbirincə deyilsə bizi «qoyun, xər» adlandıran, böhtanlar yağdıran, zülm edən İranla Rusiyanın imzaladıqları xəyanətkar «Gülüstan», «Türkməncay» müqavilələri ilə cənublu, şimallı qardaşlara bölünən azərbaycanılılar on illərlə birləşmək həsrəti ilə yaşadılar. Sovetlərin yaşıl papaqlı, qırmızı ulduzlu əsgərləri iki qardaş arasında canlı çəpər oldular.

«İki il bundan öncə Naxçıvanın mütərəqqi qüvvələri tərəfindən «Sərhəd hərəkatı» adı altında həyata keçirilən tədbirlər indi artıq özünün siyasi və tarixi qiymətini alır və dünyaya Azərbaycan türklərinin həmrəyliyinin və birliyinin nə qədər zərurət kəsb etdiyini nümayiş etdirir. Şübhə yoxdur ki, bu hərəkat getdikcə güclənəcək, bizim xalqın birləşməsinə, tam milli azadlığa nail olmasına kömək edəcəkdir» söyləyən, insanlarda milli təfəkkürü formalaşdıran Ulu Öndər bu sözləri ilə ən böyük azərbaycanlı olduğunu təsdiqlədi. Azərbaycanın vahid dövlət olmasından qorxan, hərəkat iştirakçılarını «başıpozuq dəstə» adlandıran imperiya ilə molla qaragüruhçularının qərəzli məqsədlərini «1989-cu ilin dekabr ayının axırlarında Naxçıvanla İran sərhədi arasında olan tikanlı məftillər rusların iradəsinin əksinə olaraq aradan götürüldü. Təbiidir ki, Moskvada buna çox pis münasibət göstərdilər. Bu işi həyata keçirən vətənpərvərləri «sərxoşlar», «narkomanlar» adlandırdılar. İmperiya öz mövqelərini heç cür əldən vermək istəmirdi. Bütün bunlara son qoymaq üçün biz birləşməliyik. Qars müqaviləsi bu işdə çox böyük əhəmiyyət kəsb edir» sözləri ilə ifşa edən uzaqgörən müdrik siyasətçi Heydər Əliyev ağlının, zəkasının qüdrəti ilə müstəqilliyimizin əbədiliyi naminə xalqa bələdçilik etdi, arxasınca apardı. Qardaşları ayıran Arazın həsrət nisgilinə son qoydu. Rus imperiyasının və İran istilaçılarının ayrı saldığı şimallı, cənublu qardaşların birləşəcəyinə əminliyini imzası ilə möhürlədi.

Ötən əsrin sonuncu onilliyində, xalqda milli özünüdərkin gücləndiyi bir zamanda naxçıvanlılar vahid milli birlik və müstəqillik ideyası uğrunda birləşərək imperiya buxovundan xilas olmaq üçün azadlığa aparan yola qədəm qoydular. SSRİ-nin dövlət sərhəddi boyunca çəkilmiş tikanlı məftillərin sökülməsi, «Sərhəd hərəkatı» kimi tarixə yazılan aksiyalar həyata keçirildi. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk Dərnəkləri qurultayında muxtar respublikada başlayan bu hərəkat milli birlik və həmrəylik yolunda atılan ilk addım kimi dəyərləndirildi. Müstəqilliyimizin təhlükədə olduğu bir zamanda dünya azərbaycanlılarını bir təfəkkür, məslək ətrafında birləşdirmək ideyasını gerçəkləşdirməklə diaspor təşkilatlarının əsasını qoyan Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti qısa zamanda bəhrəsini verdi.

Onun sədrliyi ilə 1991-cı il dekabrın 16-da keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasında hər ilin 31 dekabr tarixinin «Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü» kimi qeyd edilməsi ilə bağlı qərarın qəbulu ilə Azərbaycanda diaspor hərəkatının təməli qoyuldu. Həmin sessiyada çıxış edən müdrik şəxsiyyət Heydər Əliyev siyasi əhəmiyyətli «Sərhəd hərəkatı»nın məhz Naxçıvandan başlanmasını qürur hissi ilə qeyd edərək bildirmişdi ki, bütün Azərbaycanda bu hərəkatın güclənməsi soydaşlarımızın birləşməsinə təkan verəcəkdir. Elə də oldu. Respublikamızın Arazboyu bölgəsində yerləşən rayonların vətənpərvər gəncləri bu hərəkata qoşuldular. Xalqımızın milli oyanışını bəhanə edən, erməniləri dəstəkləyən başda SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov olmaqla məsul vəzifələrdə çalışan hayların, ermənipərəstlərin, təhlükəsizlik xidməti əməkdaşlarının birgə hazırladıqları mənfur 20 Yanvar qırğınları törədildi.

1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da azərbaycançılıq ideyasını davam etdirən Ulu Öndər 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə müxtlif ölkələrdə məskunlaşan soydaşlarımızın Vətənlə əlaqələrini gücləndirdi.

«Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər» söyləyən Ulu Öndər bildirirdi ki, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, mənəvi dəyərlərimizdir, xalqımıza məxsus adət –ənənələrimizdir.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradan Ulu Öndərin səyi ilə soydaşlarımızın təşkilatlanması məqsədli, planlı şəkildə formalaşdı, diaspor təşkilatlarının cografiyası genişləndirildi, təkimilləşdirildi. Hazırda diaspor təşkilatlarımız keyfiyyət baxımından daha güclü, fəaliyyəti məqsədyönlüdür.

İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə müstəqilliyimizin əbədiliyi, torpaqlarımızın işğaldan azad edilməsi naminə mübarizəyə qoşulan dünya azərbaycanlıları Ulu Öndərin siyasi məktəbinin yetirməsi, müasir dünyamızın qlobal problemlərinin həllində söz sahibi Prezident İlham Əliyevin ətrafında sıx birləşdilər.

Bütün dünya ictimaiyyəti Azərbaycanın müdafiə qüdrətinin, dəmir yumruq ətrafında yenilməz qüvvə kimi birləşən soydaşlarımızın Vətənə sonsuz məhəbbətinin, yenilməzliyinin, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığının şahidi oldu.

Azərbaycan xalqına verdiyi bütün vədlərini yerinə yetirən Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi də «Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!» sözləri qətiyyət nümunəsi kimi bu birliyin çağırışı oldu, erməni işğalçılarını sarsıtdı.

Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında bu gün dünya siyasətinin aktual mövzularından olan Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması ilə bağlı tarixi faktlardan bəhs edən, Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı daşnakların törətdikləri kütləvi qırğınlardan söz açan Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində qazandığımız Zəfəri dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin ifadəsi kimi yüsək dəyərləndirdi.

«İndi biz Zəfər yolunu çəkmişik. Zəfər yolunu bizim əsgər, zabitlər ayaqla açdılar, o dağın, dərənin, meşənin içi ilə. Yəni, bu da təxribat idi. Yəni, Şuşanı bizdən qoparmaq üçün, erməniləşdirmək üçün Şuşanı da saldılar bu süni qurumun tərkibinə. Amma alınmadı, nə qədər çalışsalar da, alınmadı. Şuşa öz milli ruhunu o vaxt həmişə qoruyurdu və işğal dövründə ermənilər Şuşanı erməniləşdirə bilmədilər» söyləyən Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi iki əsrdə daşnak ideologiyasının qurbanı olan, dəhşətlər yaşayıb, iztirablardan keçsə də «dəmir yumruq»la düşmənin başını əzib, tarixi ədaləti və milli ləyaqəti bərpa edən Qələbəmizi xalqımızın torpağına, elinə-obasına bağlılığının ifadəsi adlandırdı. Zəfərimizdə payı olan və artıq təkmilləşən diaspora təşkilatlarının rolunu yüksək dəyərləndirdi.

«Əlbəttə, mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir. Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar» söyləyən Prezident İlham Əliyev tövsiyələrini də bildirdi: «Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün.»

Hazırda diaspor təşkilatlarının qarşısında duran başlıca hədəf ikinci, üçüncü nəsil azərbaycanlılara Azərbaycan dilini, xalqımızın tarixini öyrətmək, mədəniyyətimizi , milli adət –ənənələrimizi, İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətləri təbliğ etmələridir. Məhz onların fəallığı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, dövlətçilik maraqlarımızın müdafiə edilməsidir. «Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz» söyləyən Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin bərpası ilə bağlı qətiyyətinin reallaşması bütün dünya azərbaycanlıları üçün növbəti Zəfər olacaq. Araz çayı da, Zəngəzur dəhlizi də əsrlərdən bəri davam edən qardaş həsrətinə son qoyulacağı günün şahidi olacaqlar. Həmin gün Ulu Öndərin ruhu da rahatlııq tapacaq.

Xuraman İsmayılqızı, «İki sahil»