30 dekabr 2023 00:58
338

Bir ovuc erməni maraqlarının əsiri Fransa

Makron hakimiyyətinin uğursuz siyasəti bu ölkəyə nəticə etibarilə ancaq düşmən qazandırır

Fransa dünyada kifayət qədər önəmli dövlətdir. Əlbəttə, supergüclər sırasında deyil. Lakin ikinci cərgədədir. Keçmiş imperiyadır, yəni, onun müstəmləkələri, nüvə silahı var, NATO-nun və Avropa İttifaqının (Aİ) qurucu ölkələrindəndir, BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvüdür, bu qurumda veto hüququna malikdir. Yəni bu ölkənin böyük resursları mövcuddur. Bura qədər yaxşı gəlmişdik. Baxın, burada Kərəmi ağlamaq tutdu…

ATƏT-in  keçmiş Minsk qrupunun həmsədr dövləti regiona nüfuz etməyə çalışan, başqa sözlə, regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransa sonradan daha fərqli “imkanlar” axtarışına çıxıb. Günümüzün reallığında ortaya çıxan bəzi faktlar sübut edir ki, Parisin yürütdüyü xarici siyasət kursu heç də bəyan etdiyi “yüksək Avropa dəyərlərinə”, “demokratik prinsiplərə” söykənmir - tam əksinə, Fransanın Cənubi Qafqaz da daxil olmaqla bir sıra regionlara münasibəti neokolonializmə, qeyri-adekvat variantlara əsaslanır.

Rəsmi Parisin başlatdığı “soyuq müharib”ədəki məğlubiyyəti…

Erməni kartı üzərindən Azərbaycana təzyiq göstərməyə, separatizmi dəstəkləməkdən Ermənistanı silahlandırmağa qədər qeyri-adekvat davranışlar nümayiş etdirməyə çalışan Fransa özünün əsl siması(zlığı)nı ortaya qoyur.  Cənubi Qafqazda yürütdüyü neokoloneolizm siyasətinin fərqli bir mənzərəsini formalaşdırmağa çalışan Fransanın bütün kartları açılıb - Parisin dünya ictimaiyyəti qarşısında rəzilliklərinin sayı-hesabı yoxdur. Xüsusilə Azərbaycana qarşı qurduğu oyunlar ard-arda iflasa uğrayır. Cəmisi 2 illik intervala nəzər saldıqda maraqlı bir situasiya ilə qarşılaşırıq: Fransanın patronajlığı altında olan Frankofoniya təşkilatında Azərbaycana  məğlubiyyət, BMT TŞ-də ard-arda düşdüyü rəzil durumlar - Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı boşa çıxan bütün çabalarından tutmuş separatçı xuntanın müdafiəsinə qədər keçdiyi “bütün yollarda” acı məğlubiyyətə düçar olması, Prezident Emmanuel Makronun Qarabağla bağlı cəfəng fikirlərinin heç bir işə yaramaması, Aİ-nin “müşahidə qrupu” adı altında özünün kəşfiyyat şəbəkəsini Ermənistana yerləşdirməsinin effektivsizliyi, bu ölkənin Milli Assambleyasının, Senatının Azərbaycana qarşı qəbul etdiyi qərəzli “qətnamə”lərin kağız parçası kimi əhəmiyyət daşımaması və s.

Cəhdlərinin nəticə verməməsi onu yeni təşəbbüslərdən antibəşəri addımlardan çəkindirmədi, əksinə…

Azərbaycanın hüquq-mühafizə, təhlükəsizlik orqanlarının uğurlu fəaliyyəti və peşəkarlığı ilə Fransanın casus şəbəkəsinin ifşası həyata keçirildi.

Xəbər verildiyi kimi, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Nazirliyin Mətbuat xidmətinin məlumatına görə, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

Azərbaycanın bu haqlı davranışının ardından isə Fransa özünü dünya birliyinin gözü qarşısında əməlli-başlı rüsvay edib - Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib.

Artıq savaş iki ölkə arasında humanitar sahəni də əhatə etməkdədir. İsmayıllı Rayon İcra Hakimiyyəti maraqlı bəyanat yayıb. Bə­yanatda deyilir ki, 2015-ci ilin may ayın­da İsmayıllı və Fransanın Evian-Le Ba şəhərləri arasında Dostluq və Əməkdaş­lıq Xartiyası imzalanıb. Məqsəd iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdir­mək, mədəniyyət, turizm kimi sahələrdə yaxından əməkdaşlıq etməkdən ibarət idi. Bu istiqamətdə praktiki addımlar atıl­mış, əməkdaşlığın davamı kimi 2017-ci ildə Evian şəhərində “Azərbaycan bağı”­nın və parkda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidba­nu Natəvanın heykəlinin açılış mərasimi keçirilib. Eyni zamanda, İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi yerləşdirilib. Təəs­süf ki, “Qardaşlaşmış şəhərlər” humanist ideyasını Fransa tərəfi siyasiləşdirərək, Vətən müharibəsindən sonra Ermənis­tana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırıb. 

Bəyanatda qeyd olunur ki, 2023-cü il dekabrın 18-də Evian Şəhər Bələdiyyə Şurasının iclasında ölkəmizə qarşı əsas­sız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub. Həmçinin şəhər meri “Azərbaycan bağı” qeyd edilən ya­zıların silindiyini elan edib. Buna cavab olaraq Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian Şəhər Bələdiyyə Şu­rasının “Azərbaycan bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına eti­raz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası qüvvə­dən düşmüş hesab edilib.

Bundan sonra İsmayıllı şəhər mərkə­zi parkı məşhur Azərbaycan şairi Xurşid­banu Natəvanın adını daşıyacaq.

Ən maraqlısı budur ki…

Rəsmi Paris Bakı ilə bilərəkdən gərgin­ləşdirməyə çalışdığı münasibətlərin nə ilə nəticələnə biləcəyini, onun Azərbaycan­da, bütövlükdə Cənubi Qafqazda nələr­dən məhrum olacağını hesablayıbmı? Hansı tərəfin daha çox itirəcəyini nəzərə alıbmı?

Fransa hazırda demək olar ki, hər bir cəhətdən Azərbaycanın qarşısında məyusluq hissi yaşayır. Fransanın siyasi yolla Azərbaycana qarşı istər BMT səviyyəsində, istərsə də digər beynəlxalq qurumlar səviyyəsində yanlış iddialarının hər biri cavabsız və nəticəsiz qalıb. Ermənistan da bütün bunlardan nəticə çıxarmalıdır. Çünki onun havadarı olan Fransanın beynəlxalq hüquqazidd əməllərinin ifşa olunması gələcək üçün yaxşı heç nə vəd etmir.

Yaqut Ağaşahqızı, “İki sahil”