30 dekabr 2023 01:57
348

Gorbagor olmuş xuntanı diriltmək cəhdi

Xankəndidə 30 ildən artıq meydan sulayan separatçı xunta rejim 2023-cü ilin sentyabr ayında 23 saat davam edən lokal antiterror tədbirlərindən sonra tarixin zibilliyinə atıldı.  Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyatlar nəticəsində azərbaycanlılara qarşı soyqırımlar törətmiş və hərbi cinayətlərdə əli olmuş bir qrup separatçı, həmçinin qondarma rejimin üç təlxəyi (Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan) həbs olunaraq Bakıya gətirildi. Amma separatçılardan bəziləri, o cümlədən qondarma rejimin keçmiş “başçı”sı Samvel Şahramanyan həbsdən yayına bildi.

Ermənistanda bir müddət susqun yaşayan Şahramanyn son günlər  bir qədər fəallaşıb. Onun bir qrup separatçı ilə görüşlər keçirməsi, qondarma rejimin ləğvi ilə bağlı “fərman”ını  ləğv etmək fikrinə düşməsi bunu sübut edir. Bu debil separatçı hələ də anlamır ki, ermənilərin Azərbaycanda  törətdikləri vəhşiliklərdən sonra onların burada nəyəsə iddia etməyə heç bir mənəvi haqları qalmayıb. Qondarma rejim də, onun statusu da cəhənnəmə göndərilib. Cəhənnəmə gedənin qaytarılması isə qeyri-mümkündür.

Xatırladaq ki, S.Şah­ramanyan Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən təxminən bir həftə sonra, daha doğrusu, sentyabrın 28-də “başçılıq” etdiyi separatçı xunta rejiminin ləğvi haqqında fərman imzalamışdı. İndi Azərbaycanla Ermənistan sülh sazişinin bir addımlığında olarkən bu separatçı həmin sənədi danmağa çalışır. Daha doğrusu, qondarma rejimin strukturlarının buraxılmadığını iddia edir.

Şübhəsiz, ruhi xəstə Şahramanyan xortladıqdan sonra  bu məsələni gündəmə gətirməsində sabiq hərbi xunta başçılarının, yəni hazırda Ermənistanda hakimiyyət gəlmək istəyən Xocalı soyqırımının əsas təşkilatçılarının – Robert Koçaryanın və Serjik Sarkisyanın, fərari general Seyran Ohanyanın, keçmiş qondarma rejimin təmsilçilərindən olan Samvel Babayanın, həmçinin onların Qərbdəki, xüsusilə Fransadakı havadarlarının əli vardır. Halbuki, özləri də çox yaxşı başa düşürlər ki, onların böyük siyasətə qayıtmaq üçün heç bir şansları yoxdur.  Bu faşist xislətli terrorçu-separatçıların S. Şahramanyanın ətəyindən tutmaları isə boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyil.

İnsafən, S. Şahramanyanın bu gedişi Ermənistan hakimiyyəti tərəfindən sərt qarşılanıb. Belə ki, baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan açıqlamasında deyib ki, Hayastanda fərman imzalayan ikinci şəxs ola bilməz. Hakim "Vətəndaş  müqaviləsi" fraksiyasının katibi Artur Hovhannisyan isə bildirib ki, Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın: "Ermənistanda yalnız və müstəsna olaraq ölkənin qanuni rəhbərliyinin fərman və qərarları qüvvədədir. Ermənistanda bir hökumət var”.  O, həmçinin vurğulayıb ki, Hayastanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planları alt-üst olacaq, müəllifləri ciddi şəkildə cəzalandırılacaq. Deputat Lilit Minasyan bəyan edib ki, İrəvanda Qarabağla bağlı imzalanmış istənilən sənədin hüquqi qüvvəsi yoxdur: “İstənilən “qanun”, istənilən “qərar” etibarsızdır”.

Son məlumatlara görə, separatçı rejimin 1 yanvar 2024-cü ildə ləğvinə dair məlum qərarının qeyri-qanuni olması barədə fikirlər səsləndirən S.Şahramanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. Ermənistanın polis patrulları isə İrəvanın küçələrində mühafizəçilər və maşın karvanının müşayiəti ilə hərəkət edən Şahramanyanı saxlayaraq bildiriblər ki,  onun maşın karvanı ilə hərəkət etmək hüququ yoxdur. Şahramanyanı müşayiət edən  maşın karvanının saxlanılması sıradan bir hadisə də sayıla bilər. Amma bu fakt  Şahramanyanın Ermənistanda tamamilə önəmsiz fiqur  olduğunu sübut edir. Bütün bunlar Şahramanyanın iddialarından geri çəkilməsi ilə nəticələnəcəyindən xəbər verir.

Şübhəsiz, S.Şahramanyanın qondarma rejimin ləğvi ilə  bağlı səsləndirdiyi fikirlər Azərbaycandan çox Ermənistanın baş naziri Nikol Paşinyana təhdiddir. Çünki belə bir axmaq fikir daşıyıcılarının – Şahramanyanın və onu buna təhrik edənlərin məqsədi Ermənistanda nisbi siyasi sabitliyi pozmaq, kütləni Nikol Pa­şinyana qarşı qaldırmaqdır. Odur ki, birmənalı şəkildə demək olar ki, Şahramanyanın xortlaması, keçmiş rejimin strukturlarını diriltməyə cəhd göstərməsi rəsmi İrəvanın maraqlarına əsla uyğun gəlmir. Digər tərəfdən, reallıq ondan ibarətdir ki, erməni ictimaiyyəti artıq bir ovuc separatçının, daha doğrusu, irqçi ideologiyadan, “miatsum” nağıllarından, etnik nifrətdən xilas ola bilməyən qondarma rejimin nü­mayəndələrinin sərsəmləmələrinə önəm vermir. Bu məqamda xatırlatmaq yerinə düşər ki, üç ay bundan əvvəl bü­tün Ermənistan müxalifətinin təşkil etdiyi etiraz mitinqinə bir ovuc adam toplanmışdı. Bütün bunlardan belə nəticə hasil olur ki, separatçıların bu xam xəyalları da baş tutmayacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”