30 dekabr 2023 02:16
360

Açılmalıdır!

Asiya ilə Avropa arasında nəqliyyat qovşağı rolunu oynayacaq Zəngəzur dəhlizinin işə düşməsi zərurətə çevrilib

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə edilmiş irəliləyiş 2023-cü ili nikbin notlarla yola salmağa imkan verir. Doğrudur, yaranmış real tarixi şəraitə baxmayaraq sülh müqaviləsinin imzalanması hələ ki mümkün olmayıb. Ancaq istər 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, istərsə də bu il sentyabrın 19-20-də Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində yaratdığı reallıqlar Azərbaycanı Cənubi Qafqazın siyasi mənzərəsini dəyişmək iqtidarında olan güclü aktora çevirib. Üstəlik, həmin reallıqlar bəzi Qərb dairələrini qıcıqlandırsa da Ermənistanın siyasi rəhbərliyi də artıq vəziyyətlə barışıb və sülh müqaviləsinin imzalanmasının, həmçinin kommunikasiyaların açılmasının qaçılmaz proses olduğunun fərqindədir. Çünki həm dayanıqlı sülh, həm də kommunikasiyaların blokdan çıxarılması Ermənistanın özü üçün də həyati əhəmiyyət daşıyır. Baş nazir Nikol Paşinyan yaxşı başa düşür ki, təkcə regional deyil, beynəlxalq əhəmiyyətə malik nəqliyyat loqistikasının Ermənistandan keçməsi ölkəsinin müstəqilliyi üçün bu gün mövcud olan təhdidlərin neytrallaşdırılmasında da əhəmiyyətli rol oynaya bilər. Odur ki, əslində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatda nəzərdə tutulduğu kimi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat və kommunikasiya xətlərinin – Zəngəzur dəhlizinin açılması üçün də tarixi şərait yaranıb.

Dəhlizi əhəmiyyətli edən səbəblərdən biri də odur ki, yol boyu texniki xidmət mərkəzlərinin, mehmanxana və digər iaşə obyektlərinin açılması zərurəti ortaya çıxacaq. Bu isə əlavə iş yerlərinin yaranmasına və ümumilikdə əhalinin sosial vəziyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək. Həmçinin yükünü Zəngəzur dəhlizi ilə daşıyan dövlətlər və transmilli korporasiyalar regionun sabitliyində maraqlı olacaqlar. Nəticədə Azərbaycan beynəlxalq aləmdə daha nüfuzlu və güclü dəstəyi olan dövlətə çevriləcək.

Azərbaycan dəhlizin açılması məqsədilə öz ərazisində lazım olan bütün işlərin sürətlə və keyfiyyətlə aparılması üçün bütün zəruri addımları atıb. Artıq Ermənistandan da bununla bağlı müsbət siqnallar daxil olmaqdadır. Belə ki, bu ölkənin ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan dekabrın 29-da keçirdiyi mətbuat konfransında bildirib ki, siyasi danışıqlarda razılaşmalar əldə olunarsa Arazdəyən-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsindəki çatışmazlıqların aradan qaldırılması prosesinə start veriləcək: “2021-ci ildə ilkin mərhələdə hesablamalar aparılıb. Sonradan Memarlıq və İnşaat Universitetinə tapşırıq verdik ki, daha müfəssəl iş görsünlər və vəziyyət tam qiymətləndirildi. Odur ki, məsələnin siyasi tərəfi həll edilərsə infrastrukturda olan çatışmazlıqların aradan qaldırılması prosesinə başlanılacaq.”

Məlum olduğu kimi, Zəngəzur dəhlizi böyük Turan yolunun önəmli bir hissəsidir. Bu məsələ hətta 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanmış Müttəfiqlik münasibətləri haqqında Bəyannamədə də öz əksini tapıb. Prezident İlham Əliyev sənədin imzalanması mərasimində bildirmişdi ki, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr var və bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.”

Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də  Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Bu baxımdan Zəngəzur dəhlizinin çox böyük regional  və beynəlxalq əhəmiyyəti var, dəhlizdən istifadə edəcək Gürcüstan, İran, Türkiyə və Rusiya, eləcə də Qərb və ərəb dövlətlərinin hamısı qazanacaqlar.

Məlumdur ki, müasir dünyada iqtisadi inkişafın əsas lokomotivlərindən birini də yükdaşımalar üçün nəzərdə tutulan nəqliyyat dəhlizləri təşkil edir. Azərbaycan coğrafi mövqeyinə görə cəlbedici olmaqla yanaşı, həm də dinamik inkişaf edən dövlətdir. Təsadüfi deyil ki, nəqliyyat-tranzit sahəsində Azərbaycanın həyata keçirdiyi və iştirak etdiyi bir sıra beynəlxalq layihələr ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırıb. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini göstərmək olar. Azərbaycanın iştirak etdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də xüsusi əhəmiyyət daşıyan iqtisadi layihələrdən biridir.

Dünya iqtisadiyyatının inkişaf perspektivləri, eləcə də ölkəmizin Asiya ilə Avropa arasında nəqliyyat qovşağı rolunu oynaması nəzərə alınmaqla, Zəngəzur dəhlizinin açılması zərurətə çevrilib.

Mahir Rəsuloğlu, “İki sahil”