29 dekabr 2023 23:13
393

Ulu Öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən güclü dövlət xadimi, siyasi xadim, müstəqilliyi­mizin qurucusu və memarı, ensiklopedik biliyə malik tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi hazırkı dövrdə bir-birindən dəyərli əsərlər yaradılır, yazılır. Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menec­menti fakültəsinin Redaksiya-Nəşriyyat işi kafedra­sının dosenti, filologiya üzrə fəlsəfə doktoru Rasim Süleyma­no­vun “Ulu Öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” adlı monoqrafiyasının ikinci nəşri çapdan çıxmışdır. Monoqrafi­yanın elmi redaktoru Bakı Dövlət Universitetinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, rəyçisi isə M.F.Axundov adına Milli Kitabxananın direktoru, Əməkdar mədə­niyyət işçisi, professor Kərim Tahirovdur.

Monoqrafiyada “Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənə­viyyatını dünyaya nümayiş etdirirlər” deyən, Azərbaycan tarixini, ədə­biyyatını, mədə­niyyətini, incəsənətini dərindən bilən, ensiklopedik biliyə malik olan tarixi şəxsiy­yət, dünya şöhrətli siyasi xadim Ulu öndər Heydər Əliyevin Azərbaycanın kitab mədə­niy­yəti, kitabçılıq işi, kitab və onun nəşri məsələləri ilə əlaqədar diqqət və qayğısı, eyni zamanda onun zəngin irsi, haqqında yazılmış fundamental əsərlər araşdılmış və elmi-tədqiqata cəlb olunmuşdur.

Alim monoqrafiyasını yazarkən dərin elmi araşdırmalar aparmış, Ulu Öndərin bütün irsini və onun haqqında yazılmış mənbələri elmi-tədqiqata cəlb etmiş, tədqiqatının nəticələrini mono­qra­fi­yada on bölmədə  qruplaşdırmışdır.

Alim elmi-tədqiqatın məqsəd  və vəzifələrini Ulu Öndər Heydər Əliyevin öz sözləri ilə belə şərh edir: “Həm kitabları yazıb yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram”.

Tədqiqat əsərində Azərbaycan elmini, mədəniyyətini, ədəbiyyatını dərindən bilən, onu böyük məhəbbətlə sevən və yüksək qiymətləndirən Heydər Əliyevin 26 mart 1997-ci ildə xalq şairi Səməd Vurğunun ev muzeyindəki çıxışında, 17 oktyabr 1997-ci ildə Respublika sarayında bəstə­kar Müslüm Maqomayevin yubiley gecəsindəki çıxışında, 26 may 1998-ci ildə Respublika sarayında Azərbaycanın xalq  şairi Süleyman Rüstəmin anadan olmasının 90 illiyi münasibətilə təntənəli yubiley gecəsindəki çıxışında, 27 may 1998-ci ildə Respublika sarayında ”Azərbaycan Xalq Cumhuriyyətinin 80 illik  yubileyinə həsr olunmuş mərasimdəki çıxışında, 9 iyun 1998-ci ildə Astana şəhərində türkdilli ölkələrin dövlət başçıla­rının zirvə görüşündəki nitqində, 21 avqust 1998-ci ildə Prezident iqamət­ga­hında Azərbaycanın ədəbiy­yat, mədəniyyət, incəsənət, elm, din və idman xadimləinin böyük bir qrupuna “Şöhrət” ordenlərinin təqdim edilməsi mərasimindəki çıxışında, 14 oktyabr 1999-cu ildə Naxçıvan şəhərində XII əsrin görkəmli memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin  yaratdığı milli memarlığımızın möhtəşəm abidəsi Mömünə Xatun türbəsini ziyarəti zamanı çıxışında, 16 yanvar 2001-ci ildə Prezident sarayında TÜRKSOY təşkilatının XV toplantısında iştirak edən türkdilli ölkələrin nümayəndələri ilə görüşündə, türkdilli dövlət başçılarının 12 may 2001-ci ildə keçirilən VII Zirvə görüşün­dəki nitqində onlarla adını çəkə bilmədiyimiz çıxış və nitqlərində Azərbaycanın milli mədəniyyətinə, elm və mədəniyyət  xadimlərinə və mədəni abidələrinə verdiyi dəyər öz əksini tapır.

Əsərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın mədəni abidəsi, milli sərvəti olan “Kitabi-Dədə Qorqud” dastanlarına verdiyi dəyər zirvə təşkil edir. Müəllif qeyd edir ki, Ulu Öndər “Kitabi-Dədə Qorqud”u ana kitabı adlandırır və onun əhəmiyyətini əsaslandıraraq yazır: “Azərbaycan xalqının tarixi­nin, etnik yaddaşının, arxaik təfəkkürünün güzgüsü olan “Kitabi-Dədə Qorqud” nitqi­mizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi kimi də böyük mədəni-estetik əhə­miy­yət kəsb edir. Kitab elə bir qüdrətə malikdir ki, özündən sonra gələn söz sənətimiz, ozan-aşıq sənətimiz, yazılı ədəbiyyatımız onun təsirindən kənarda qala bilməmişdir”.

Müəllif qeyd edir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev həyatının və fəaliyyətinin bütün dövrlərində Azərbaycan kitabına yüksək qiymət vermiş, onun inkişafına qayğı ilə yanaşmışdır.

Ümummilli Lider Heydər Əliyev 3 iyun 1995-ci ildə M.F.Axundov adına Milli Kitabxanada “Vətənə, dövlətə, xalqa sədaqət andı” adlı miniatür kitabın təqdimat səgisində demişdir: “Kitab nəşri hər ölkənin, hər xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazır­laşmışıq. Ona görə də hər birimiz kitablara bocluyuq. Həm kitabları yazıb yarat­maq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifə­lərimdən biri sayıram”.

Müəllif qeyd edir  ki, sərgiyə gələrkən Heydər Əliyev Milli Kitabxanaya 300-ə yaxın kitab hədiyyə gətirmişdir. Qiymətli kitablardan ibarət olan bu kolleksiya kitab­xana­nın qızıl fonduna daxil olmuşdur.

Alim qeyd edir ki, tarixən zəngin olan Azərbaycan mədəniy­yətinin, onun tərkib hissələrindən biri olan kitab mədəniyyətinin bu günkü səviyyəsi Ulu Öndərin adı ilə birbaşa bağlıdır. Heydər Əliyev mədəniyyəti xalqın böyük milli-mənəvi sərvəti hesab edirdi.  Ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və nəşr olunması müasir dövrümüzün  ən əhəmiyyətli sahəsi hesab olunur.

Müəllif Ulu Öndər Heydər Əliyevin Azərbayca­nın zəngin tarixinin və mədəniyyətinin araşdırılmasına, təbliğinə diqqət yetir­mə­sini, qədim əlyazmaların qorunma­sına, öyrənilməsinə və təbliğinə xüsusi önəm verdiyini qeyd edir. Azərbaycanın tarixinə və mədəniyyə­tinə dair dünyanın müxtəlif arxiv və kitabxanalarında saxlanılan əlyazmaların toplanılıb respublikaya gətirilmə­diyin­dən alimlər onlardan istifadə edə bilmirlər. Mövcud vəziyyətdən çıxmaqdan ötrü Heydər Əliyev böyük əzmlə mühüm qərarların qəbul edilməsinə nail oldu. Hələ 1981-ci ilin avqust ayında Azərbaycan KP MK “Azərbaycan SSR Elmlər Akademiyası Respub­lika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması tədbirləri haqqında” məsələni müzakirə edərək müvafiq qərar qəbul etmişdir. Həmin qərarda deyilirdi ki, fondda müxtəlif dillərdə 40 mindən çox nadir yazılı abidə saxlanılır və fondun statusunun dəyişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan elmi, mədəniy­yəti və tarixi üçün xüsusi əhəmiyyət daşıyan həmin qərarın qəbul edilməsi ilə  Əlyazmalar Fondu Əlyazmalar İnstitutuna çevrildi.

Müəllif qeyd edir ki, Heydər Əliyev Azərbaycanda bədii tərcümə işinin də yaxşı­laş­dırılması sahəsində mühüm işlər görmüşdür. Həmin sahəyə diqqəti artıran Heydər Əliyev Azərbaycanda bədii tərcümə işini qaydaya salan müvafiq mərkəz yaratdı. Mərkəz sonrakı illərdə bədii tərcümə sahəsində Azərbaycanın  beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrində mühüm rol oynamışdır.

Rasim Süleymanov Ulu Öndərin Azərbaycanda hakimiy­yətinin hər iki dövründə milli-mənəvi dəyərlərimizin qorunmasını həmişə diqqət mərkəzində saxladığını qeyd edir. 24 may 2000-ci il tarixdə dünya şöhrətli şair, mütə­fək­kir Nizami Gəncəvinin məqbərəsini ziyarət zamanı Ulu öndər demişdir: “Niza­mi­nin məqbərəsini qorumaq bizim müqəddəs vəzifəmizdir. Siz də bunu etməlisiz, biz də  etməliyik. Gərək elə olsun ki, indiki nəsil də, gələcək nəsil də vaxtilə buraxılmış səhvləri buraxmasınlar...

Mən qürur hissi keçirirəm ki, Nizaminin yolunda az iş görməmişəm. Onun xatirə­sini əbədiləş­dirmək, irsinin daha da təbliğ olunması, yayılması üçün, kitablarının nəşri üçün çox iş görmüşəm”.

Müəllif qeyd edir ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi milli sərvətimizdir və biz bu qiymətli irsi zaman-zaman öyrənməli, dövlətçiliyimizə və həyatı­mıza tətbiq etməliyik. Bu istiqamətdə bir çox dəyərli əsərlər yazılıb. Heydər Əliyev Fondu tərəfindən Heydər Əliyev irsinin tədqiq metodologiyası və araşdırma­ların strategiyası işlənib hazırlanmışdır.

Müəllif yazır ki, 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ulu Öndərin həyat və fəaliyyət  fəlsəfəsinin, onun elmi-nəzəri irsinin, azərbay­can­çılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması sahəsində üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirir.

2005-ci ildə Fondun birillik fəaliyyətini əks etdirən nəfis tərtibatlı kitab nəşr edilmişdir. Fondun fəaliyyətə başladığı ilk bir il ərzində həyata keçirilən layihələrdən bəhs edən bu kitab qurumun öhdəsinə götürdüyü missiyaya sadiqliyini, Heydər Əliyev  ideyalarına sədaqətini əks etdirir.

Müəllif fikrini yekunlaşdıraraq yazır ki, Ulu Öndərin ideyalarının rellaşdırıl­ma­sına xidmət edən Heydər Əliyev Fondu bu zəngin irsin qorunmasında və gələcək nəsil­lərə ötürülməsində əsas rol oynayır.

Alim qeyd edir ki, hələ sağlığında əfsanələşən, siyasət zirvəsini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simaları çox ehtiramla, hörmətlə fikir söyləmişlər. ABŞ-ın sabiq Prezidenti Corc Buşun “Şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “Siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirakın “Qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi 100 illik yubileyi ərəfəsində qürur və iftixarla xatırlanır və daha böyük məhəbbətlə sevilir.

Böyük Britaniyada   Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev və Azərbaycanın yüksəlişi, enişi və yenidən dirçəlişi” adlı kitab nəşr olunmuşdur. AzərTAC-ın 19 iyun 2013-cü il tarixli xəbərinə görə bir çox görkəmli dünya liderləri haqqında kitab yazan məşhur ingilis naşiri Graeme H.Vilsonun müəllifi olduğu kitabda dahi şəxsiyyət Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu kimi xarakterizə olunur, Ulu Öndərin böyük siyasi və dövlət xadimi kimi fəaliyyətinə nəzər salınır. Tədqiqat əsərində bu kitabların beynəlxalq əhəmiyyəti xüsusi olaraq vurğulanır.

Monoqrafiyanın doqquzuncu bölməsi “Görkəmli şəxsiyyətlər, dövlət, elm, mədə­niy­yət xadimləri Ulu Öndər Heydər Əliyev haqqında” adlanır. Müəllif bu bölməni Azərbaycan Respulikasının birinci vitse prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın sözləri ilə başlayır: “Heydər Əliyev fəlsəfəsini başa düşmək, dərk etmək üçün Azərbaycan xalqının son 50 illik tarixini öyrənmək, yüzlərlə elmi, siyasi, bədii, publisistik əsərləri oxumaq lazımdır. Yaşlı nəsil Heydər Əliyevin- Ulu öndərin ölçüyəgəlməz xidmətləri ilə yaxşı tanışdır. Bugünkü nəsil də, gələcək nəsillər də böyük düha sahibinin xalqı, vətəni üçün gördüyü işləri, vətən qarşısında xidmət­­lərini bilməlidir”.

Elmi-tədqiqat işinin bu bölməsində Vladimir Putinin, Bill Klintonun, Nursultan Nazarbayevin, Leonid Kuçmanın, Eduard Şevardnadzenin, Henri Kissincerin, Corc Buşun, Toni Bleyerin, Jak Şirakın, Süleyman Dəmirəlin, Rəcəb Tayyib Ərdoğanın və İslam Kərimovun, Çingiz Aytmatovun və onlarla tanınmış xadimin Ulu Öndər Heydər Əliyev haqqında fikirləri yer alır.

Monoqrafiyanın “Nəticə”  hissəsində müəllif monoqrafiyanı yekunlaşdırır. Müəllif qeyd edir ki, müstəqil Azərbaycan dövlətinin hər bir atributu Ulu Öndər Heydər Əliyevin adı ilə, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Müəllif görkəmli dövlət xadimi haqqında yazmağın çox çətin və eyni zamanda şərəfli, məsuliyyətli bir iş olduğunu Ulu öndərin 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda göstərdiyi kimi ifadə edilir.

Ümumiyyətlə, monoqrafiyanın analitik təhlili onu deməyə əsas verir ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Süleymanovun elmi yaradıcılığında Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği qırmızı xətt kimi keçir. Tədqiqatçı alim müxtəlif xarici ölkələrdə və respublikamızda, beynəlxalq və respublika səviyyəli konfranslarda Ulu Öndərin siyasi və elmi irsini bir sıra mənalı və məzmunlu məruzələri gənclərin vətənpərvərlik, öz millətinə, xalqına sevgi, milli mənəvi dəyərlərə sayğı hissi ilə tərbiyə olunmasında Heydər Əliyev irsinin əhəmiyyətini böyük məhəb­bətlə elmi ictimaiyyətə və geniş oxucu kütlələrinə çatdırmışdır.

Xuraman Ağayeva,
Bakı Dövlət Universitetinin Sənəd menecmenti kafedrasının dosenti