29 dekabr 2023 01:58
334

Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır

Tarixi Zəfərimizin reallıqları ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında, mövqeyinin möhkəmləndirilməsində öz sözünü deyir

Artıq 2023-cü ilin sonuna sayılı günlər qalır. 2023-cü ilin Azərbaycanın həyatında hansı diplomatik uğurlarla yadda qaldığını qısaca nəzərdən keçirək. Qürurverici olan bu məqamı xüsusi qeyd etmək istərdik ki, artıq Qarabağ münaqişəsi tarixin arxivinə atılıb. Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb. Bu reallıqlar ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında, mövqeyinin möhkəmləndirilməsində öz sözünü deyir.

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əlaqlərin inkişafı qarşılıqlı səfərlərin say tərkibindən də aydın görünür. Belə ki, dövlətimizin başçısı İlham Əliyev cari ilin ötən dövründə 25-dən artıq xarici ölkəyə səfər edib ki, bunun 4-ü qardaş Türkiyəyə, 2-si Almaniyaya, 2-si Tacikistana, 2-si Qazaxıstana, 2-si Belçikaya, 2-si isə Macarıstana olub. Digər ölkələr İsveçrə Konfederasiyası, Bosniya və Herseqovina, Bolqarıstan, Litva, Moldova, Qırğızıstan və Özbəkistandır. Türkdilli dövlətlərlə əməkdaşlığın yeni prioritetlər üzrə inkişaf etdiilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir.

Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında ümumilikdə türk dünyasının birliyinin şahidi olur. Bu birlik özünün aydın ifadəsini işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində tapır. Hələ tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir: «Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.» Tarixi Zəfərimizdən sonra Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmi təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlərimizdə yeni mərhələnin əsası qoyuldu.

Təhlillər əsasında bu fikir xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə davamlı səfərlərinə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər bir sənəd münasibətlərin inkişafında hüquqi bazadır. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu məqam da xüsusi qeyd edilir ki, bir türkdilli dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı və birgə səylər göstərməlidirlər. Təbii ki, bu çağırış özlüyündə diaspor fəaliyyətinin genişləndirilməsini bir tələb kimi qarşıya qoyur.

Bu mühüm məqamı da qeyd etmək istərdik ki, bu ilin avqust ayında Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçirildi. Bu, iki dost ölkə arasında münasibətlərin dünəninə və bugününə bir baxış kimi dəyərləndirildi. Azərbaycan ilə Özbəkistan tarixi, dini, mədəni əlaqələr baxımından bir-birinə yaxın ölkələrdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısı İlham Əliyev ilə görüşündə bu əlaqələri belə xarakterizə etmişdir: “Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə xüsusi qiymət verilir. Bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır.”

Azərbaycan hər zaman türk dünyasının birliyinə davamlı töhfələr verir. Bunun üçün ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Məhz bu töhfələrin nəticəsidir ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə Türk Dünyasının Ali Ordeninə layiq görüldü. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi Türk Dövlətləri Təşkilatının çəkisini və perspektivini göstərir.

Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edir. Onu da qeyd edək ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirdi. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etdi. Bu, pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk onlayn tədbir idi.

Azərbaycan türk dövlətləri ilə ikitərəfli səviyyədə sıx əməkdaşlıq edir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında dediyi “Bir millət, iki dövlət” ifadəsi iki türk dövləti arasında olan qardaşlıq münasibətlərini ən dəqiq şəkildə xarakterizə edir. Prezident İlham Əliyevin Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstana, eyni zamanda, bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri münasibətlərdə yeni səhifənin açılmasında öz sözünü deyir.

Ümumilikdə Azərbaycanın tarixi Zəfəri türk dünyasının nüfuzunun artmasında stimulverici amil oldu. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlərin hər biri Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

Bu ilin iyun ayında isə təsdiq olunmuş plana əsasən, Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Alpan-2023" birgə təlimi keçirildi. Ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək, şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərini uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra etdilər. Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır.

Hər iki ölkə arasında imzalanan «Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə»dən sonra əlaqələrin yeni istiqamətlər üzrə davamının nəticəsidir ki, qardaş ölkədə hərbi sahədə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artır. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. «Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında» müqavilə və «Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması» çərçivəsində görülən işlər, hərbi təhsil sahəsindəki əməkdaşlıq ölkəmizin müdafiə qüdrətini gücləndirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşdırılması təmin edilir. Azərbaycan hərbçilərinin Türkiyədə keçirilən hərbi təlim-məşqlərdə iştirakı əsgər və zabitlərimizin peşəkarlığını, döyüş qabiliyyətini artırır. «Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında» müqaviləyə əsasən atıcı silahların istehsalı, döyüş sursatlarının, mühəndis texniki vasitələrin, onların ehtiyat hissələrinin idxalı ilə bağlı layihələrin qarşılıqlı həyata keçirilməsi hər iki ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartları səviyyəsində modernləşdirilməsinə kömək göstərir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin qardaş ölkənin eyni profilli müəssisələri ilə əməkdaşlığı da ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir.

Azərbaycanın Avropa dövlətləri ilə əməkdaşlığı yüksək səviyyədədir. İstər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə diqqət yetirsək Azərbaycanın beynəlxalq nüfuzunun yüksək səviyyədə olduğunu qeyd edə bilərik. Azərbaycanın Avropa İttifaqı, həmçinin quruma üzv olan dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Avropa İttifaqıa üzv olan dövlətlərin üçdə biri ilə strategi tərəfdaşlığa dair sənəd imzalanıb. Bu əməkdaşlıq daha çox enerji sahəsində özünü qabarıq şəkildə nümayiş etdirir. Bu günlərdə Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində dövlət başçısı İlham Əliyev bildirmişdir ki, Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək.

Onu da qeyd edək ki, ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və hazırda bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu və siyasi çəkisi ev sahibliyi etdiyi, yaxud digər ölkələrdə iştirak etdiyi tədbirlərin say tərkibində də özünü aydın şəkildə nümayiş etdirir. Belə ki, təkcə son aylarda keçirilən tədbirləri xronologiyasına diqqət yetirmək kifayətdir. Bu sırada Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünü, Bişkekdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşünü, Astanada Türk Dövlətləri Təşkilatının Zirvə görüşünü, Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısını, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünü, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışını, Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresini qeyd edə bilərik. Təbii ki, bunlar yalnız son üç ayın beynəlxalq əhəmiyyət daşıyan tədbirləridir. Ümumilikdə il ərzində onların say tərkibi genişdir. Bu, Azərbaycanın nüfuzunun, beynəlxalq mövqeyinin göstəricisidir. Bu mühüm hadisəni də qeyd edək ki, gələn il Azərbaycan COP29-a ev sahibliyi edəcək.

Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizdən sonra əlaqələrin yüksələn xətlə inkişafı diqqətdən kənarda qalmır.Bu əməkdaşlıq, həmçinin tarixi Zəfərimizin reallıqlarının qəbulunda da öz sözünü deyir. Belə ki, hazırda ölkəmizin beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifinə dəstək bəyanatlarda öz əksini tapır. Azərbaycan bu dəstəyin konkret əməldə ifadə olunmasını qarşıya əsas tələb kimi qoyur. Tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanması istiqamətində səylərini daha da artırır. Nəzərə alaq ki, bununla bağlı müxtəlif formatlarda və tərkiblərdə görüşlər keçirilir. Bu mühüm məqamı qeyd edək ki, dövlət başçısı İlham Əliyevin dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forumdakı çıxışı, ünvanlanan suallara cavabı Azərbaycanın cari ildə ayrı-ayrı sahələrdə keçdiyi yolun və qazanılan uğurların təqdimatı oldu. “Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, bu təbiidir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Bunu sülh yolu ilə etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı.

Qeyd etdiyimiz kimi, Azərbaycan üç il bundan əvvəl 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Şanlı Qələbəmizdən dərhal sonra Ermənistana sülh təklifini etdi. Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forumdakı çıxışında “Məncə, həmçinin bu da beynəlxalq ekspertlər tərəfindən də təhlil edilməlidir ki, otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Ermənistana sülh təklif edən biz idik” söyləyərək dövlətimizin humanizm siyasətini bir daha təqdim etdi. Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi: “İmzalanacaq sənəd şübhəsiz ki, əhəmiyyət kəsb edir, amma bizim üçün xüsusilə də 30 ildir ermənilərin torpaqlarımızın bir santimetrini belə azad etmək istəməməsindən sonra vacibdir. 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyəndə prezident olan əvvəlki Qarabağ klanının liderləri yox, Paşinyanın özü nə demək istəyirdi? Heç kim ona bu sualı vermirdi. Onun müdafiə naziri 2019-cu ildə də Azərbaycanı işğalla hədələyən “yeni ərazilər uğrunda yeni müharibə olacaq” deyəndə bu, Köçəryan-Sarkisyan qruplaşması deyildi. Bu, Paşinyan idi, o idi. İndi o, “Qarabağ Azərbaycandır” deyir. Ona görə deyir ki, çünki biz müharibədə qalib gəlmişik, ideologiyasını dəyişdiyi üçün yox. İdeologiya eynidir. Onlar hələ də bu ideologiya ilə yaşayırlar. Ermənistan iqtidarı ilə müxalifətin fərqi yalnız ondan ibarətdir ki, Ermənistan hökuməti aydın başa düşür ki, əgər onlar bizim ərazi bütövlüyümüzə qarşı çıxmağa davam etsələr, arxasında kimin durmasından asılı olmayaraq, biz onları yenidən əzəcəyik, onların arxasında kimin dayanmasından və ya o məşhur, gözəl Avropa paytaxtında kimin onlara nə deməsindən asılı olmayaraq.”

Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi, erməni silahlı birləşmələrinin azad edilmiş ərazilərimizdən çıxarılmaması rəşadətli ordumuzun sentyabrın 19-da bir günlük lokal antiterror tədbirləri həyata keçirməsini şərtləndirdi. Bu tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam təmin olndu. Cənab İlham Əliyev 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Noyabrın 8-də Xankəndi şəhərində hərbi parad keçirildi. Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşması tariximizə daha bir uğur səhifəsini yazdı. Dövlətimizin başçısı oyundan əvvəl stadiondakı çıxışında bildirdi ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq. Cənab İlham Əliyev oyunun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşündə qürurla bu mühüm məqamı da xüsusi vurğuladı ki, yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.

Təbii ki, bir ilin xarici siyasət uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Azərbaycanın müstəqil, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti hər zaman bu uğurların sıralanmasının genişliyini təmin edir. Azərbaycan ən yüksək tribunalardan beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb edir. Cari ilin mühüm çağırışlarından biri də BMT sitemində təkmilləşmənin aparılması, Təhlükəsizlik Şurasına üzv dövlətlərin sayının artırılmasıdır. Təbii ki, Azərbaycanın hər bir çağırışına beynəlxalq dəstək böyükdür.

2023-cü ilin xarici siyasət uğurları 2024-cü ilə daha böyük inamla və qətiyyətlə qədəm qoymağa əsas verir. Artıq sülh müqaviləsinin imzalanması zamanıdır. Nəzərə alaq ki, Azərbaycan sülh təklifini edərkən onun masa üzərində uzun müddət qalmayacağını xüsusi qeyd etmişdir. Ermənistan verilən şansdan bəhrələnməklə həm regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verər, həm də yeni əməkdaşlıq formatlarında iştirak etməklə özünün iqtisadi vəziyyətini yaxşılaşdırar. Seçim Ermənistanındır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yeni böyük qardaş rolunu oynamaq istəyən Ermənistanın yeni havadarlarına öz gözəl paytaxtında oturub dincəlməsi, rahat olması məsləhətlidir.

Yeganə Əliyeva, “İki sahil”