29 dekabr 2023 02:59
357

UNESCO-nun qərəzi və riyakarlığı nə vaxtadək davam edəcək?..

İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Buna görə də işğal illərində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biri olub.

Bütün bunlara baxmayaraq bu gün Ermənistan Xarici İşlər Nazirliyi utanıb-qızarmadan Azərbaycanı erməni mədəni irsini məhv etməkdə ittiham edir. Belə ki, Ermənistanın xarici işlər nazirinin müavini Vahe Gevorkyan Tehranda keçirilən Qədim Sivilizasiyalar Forumunun 7-ci nazirlər görüşündə çıxışı zamanı Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Gevorqyan guya Qarabağda “erməni mədəni-tarixi irsinin məhv edilməsinin qarşısını almaq üçün UNESCO-nun texniki missiyasının təcili həyata keçirilməsinin zəruriliyi olduğunu” deyib.

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin iki ölkə arasında sülhün bərqərar olmasına qarşı çıxmaqda davam etdiyi bildirilir: “Azərbaycanı “etnik təmizləmə”də günahlandıran Ermənistan xarici işlər nazirinin müavini “erməni mədəni irsi” ilə bağlı Qarabağa UNESCO missiyasının göndərilməsinə dair çağırış edib. İlk növbədə, vurğulamaq istərdik ki, təxminən 30 illik bir dövrdə işğal edilmiş torpaqlarda Azərbaycan xalqının mədəni irsini dağıdan, təhqir edən və UNESCO missiyasının həmin ərazilərə göndərilməsinə mane olan Ermənistan olub”. İcma hesab edir ki, UNESCO-nun fakt-araşdırıcı missiyası əsrlər boyu Azərbaycan xalqının yaratdığı zəngin mədəni irsin monitorinqi məqsədilə məhz Ermənistana göndərilməlidir: “Qərbi Azərbaycan İcması bu məsələni dəfələrlə qaldırıb. Lakin Ermənistan nəinki UNESCO missiyasına imkan vermir, hətta Azərbaycan xalqının mədəni irsinin mövcudluğunu belə danır. Ermənistan diplomatiyası riyakarlığa və destruktiv fəaliyyətə son qoymalıdır”.

Təəssüfləndirici haldır ki, bəzi beynəlxalq və regional təşkilatların anti-Azərbaycan mövqeyi İkinci Qarabağ müharibəsindən sonra daha da kəskinləşib.

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCOda ikili standartlardan kənarda qalmayan, ermənipərəst təşkilatlar sırasına daxil olan təsisatlardandır. Təşkilat dövlətimiz tərəfindən işğala məruz qalmış Azərbaycan ərazilərinə dəvət edilsə də, qurum rəsmi Bakının çağırışlarına heç vaxt əhəmiyyət verməyib. Ancaq erməni işğalçıları məğlubiyyətə uğradıqdan sonra Qarabağ bölgəsinə səfər etməyi planlaşdıran UNESCO-nun əsl niyyəti üzə çıxıb. Rəsmi Bakı təşkilatın bu səfərinə icazə verib və Ağdamdan keçməklə Xankəndiyə getməyin mümkünlüyünü bildirib. Lakin UNESCO bu təkliflə razılaşmayıb və birbaşa Xankəndiyə səfər etmək niyyətində olduğunu qeyd edib. Bununla da təşkilat növbəti dəfə özünü rəzil duruma salıb. Artıq əminliklə söyləmək olar ki, "Qafqazın Xirosiması" adlandırılan Ağdama səfər etməkdən çəkinən təşkilatın bundan sonra bəşəriyyətə hər hansısa bir töhfə verəcəyi inandırıcı görünmür.

Ölkəmizə qarşı bu cür riyakar yanaşma Azərbaycan-UNESCO əməkdaşlığına da ciddi zərbə vurur. Dövlət başçısı İlham Əliyev də təşkilatın riyakar və ermənipərəst mövqeyini dəfələrlə tənqid edib və bu təşkilatın hər hansı bir ölkənin filialı olmadığını deyib.

UNESCO-nun Qarabağdakı xristian mədəni irsi ilə bağlı narahatlıqlarını dilə gətirməsi bir daha burada müsəlmanlara qarşı dini ayrı-seçkiliyin olmasına ən bariz nümunədir. Halbuki, əzəli Azərbaycan ərazilərində vandal ermənilər tərəfindən 67 məsciddən 65-nin tamamilə dağıdılması heç zaman təşkilatın gündəmində olmayıb, bunun əksinə, Azərbaycan səbəbsiz yerə kilsələrin dağıdılmasında ittiham edilib.

Hələ üç il əvvəl Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Zəngilanda məscidin qarşısında çıxış edərkən Azərbaycanı günahlandıran UNESCO və Avropa Şurasını dağıdılan məscidlərə etinasız qalmamağa çağırmışdı: "Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək?".

Təbii ki, yuxarıda qeyd olunanlar erməni vandalizminin təzahürlərinin sadəcə bir hissəsidir. Rəsmi İrəvan həm indiki Ermənistan ərazisində, həm də 30 il işğal altında saxladığı ərazilərimizdə  azərbaycanlılara məxsus tarixi-mədəni və dini irsinın məhv edilməsinə görə cavab verməlidir. UNESCO isə beynəlxalq qurum olaraq bu barədə həqiqətləri öz hesabatlarına daxil etməlidir.

Nigar Orucova, “İki sahil”