29 dekabr 2023 00:11
286

Boykot qərarı radikal müxalifətin acizliyinin pik nöqtəsidir

Bu, bir daha göstərir ki, onların mövcudluğu və «gücü» yalnız sosial şəbəkələrdəki qaragüruhçuluqdan ibarətdir

Azərbaycan cəmiyyəti 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlaşır. Bu isə ölkəmizdə fəaliyyət göstərən hər bir siyasi partiya üçün əsl sınaq dövrüdür. Yəni elektoratına, liderinin nüfuzuna güvənən hər bir siyasi təşkilat üçün bu, bir növ hakuimiyyətə gəlməyin ən asan və sivil yoludur.

Lakin ölkəmizin siyasi həyatına və inkişafına qeyri-konstruktif fəaliyyəti ilə qara ləkə olmağa çalışan radikal müxalifət bu dəfə də seçkiləri boykot qərarı verib. Məsələn, Müsavat Partiyasının başqanı Arif Hacılı seçkilərdə iştirak etməyəcəklərini bildirdiyi halda,  AXCP sədri Əli Kərimli bu siyasi prosesi boykot etməyə çağırıb. Hər iki radikal partiya rəhbərlərinin bu qərarlarının başlıca səbəbləri onların cəmiyyətdə ictimai dayaqlarının və potensial elektoratlarının olmamasıdır.

Radikal müxalifətin bəzi funksionerləri isə hətta daha irəli gedərək nəinki seçkiləri boykot etməyə, hətta açıq şəkildə hakimiyyətə qarşı müqavimət göstərməyə çağırışlar edib. Məsələn, AXCP sədrinin müavini Seymur Həzi sosial şəbəkədə yazdığı statusunda bildirir ki, əsl siyasət müqavimət göstərməkdən keçir. Bu siyasətbaz və avaturist adam hələ də dərk edə bilmir ki, çağdaş Azərbaycan onun «şefi» Əli Kərimlinin 30 il əvvəl hakimiyyətdə olduqları zəif və antidemokratik dövlət deyil. Əksinə, bu gün ölkəmizdə tam oturuşmuş hüquqi dövlətçilik prinsipləri və demokratik siyasi mühit bərqərardır. Məhz buna görə də hakimiyyətə gəlməyin yeganə yolu şəffaf və ədalətli seçkilərdən keçir.

Yəni,  bu gün respublikamızda seçki mübarizəsində iştirak edən siyasi partiyalar üçün bərabər şərait, azad rəqabətin inkişafı üçün müasir seçki təbliğatı vasitələri  və seçki prosesinin şəffaflığını sübut edən ən yeni texnologiyalar var. Ən önəmlisi isə seçkilərin azad və ədalətli keçirilməsi üçün mövcud hakimiyyətin siyasi iradəsi mövcuddur.

Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara geniş imkanlar yaradılıb.

Əvvəldə qeyd etdiyimiz kimi, 7 fevral növbədənkənar  prezident seçkilərinin nəticələrinə kölgə salmaq üçün min cür oyundan çıxan radikallar əslində ilk növbədə öz gücsüzlüklərini, zəifliklərini ört-basdır etməyə çalışırlar. Daha doğrusu, onların seçkiləri boykot etmələri bir daha təsdiq edir ki, bu fakt onların 3-5 nəfərlik qohum-əqrəba birliyindən, maddi maraq istəyindən başqa bir şey olmadığının etirafıdır. Məlumdur ki, «Siyasi partiyalar haqqında» yeni Qanuna uyğun olaraq bu ilin ortalarında cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən bu radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub. Ona görə də heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliklərini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu tutublar.

Görünən odur ki, radikallar sağlam rəqabətin əvəzinə yenə də təxribat yolunu  seçiblər. Seçkilərlə bağlı qərəzli şəkildə boykotun elan olunması xaricdəki anti-Azərbaycan qüvvələrə xidmət etməkdən, onların təxribat planlarına dəstək verməkdən başqa bir şey deyil. Radikallar da yaxşı bilirirlər ki, boykot qərarı qətiyyən siyasi rəqabət metodu deyil, əksinə qərəzli informativ manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Eyni zamanda, bu bir aksimdur ki, seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Bir siyasi partiya və özünü siyasi xadim hesab edən şəxsin özünü realizə etməsi üçün seçkidən daha yaxşı meydan ola bilməz.

Elçin Zaman, «İki sahil»