25 dekabr 2023 23:31
305

Vətəni, milli təəssübü gəlir mənbəyinə çevirən xain xoflular

Həyatda hər insan səhv edə bilər. Amma sarsaq adamın səhv etməkdə israrı xainliyin, insanlıqdan kənar əməllərin islah olunmamasının göstəricisidir. Müstəqil Azərbaycanın inkişafını gözləri götürməyən xarici bədxahlarımızın ölkəmizə qarşı istifadə etdikləri yalan , böhtan informasiyaların mənbəyi təxribatların önündə gedən daxili satqınlar, qrant ovçuları və bu qəbildən olan büqələmunlardır.

Belə deyirlər ki, başqasını təhqir edib, etikadan kənar ifadələr işlədənlər adətən qarşısındakına öz ünvanlarını bildirir, əsl-nəcabətini, tərbiyə və əxlaqını təqdim edirlər.

Vətənini yadların qrantlarına satanlar triosunun öndəgedənləri- AXCP sədri Əli Kərimlinin, «Milli Şura»nın kağız üzərində başçısı Cəmil Həsənlinin, Müsavat Partiyasının başqanı Arif Hacılının vicdanlarını satdıqları bazarlarda siyasi al-ver yenə qızışıb. Virus kimi milli- mənəvi keyfiyyətlərimizi murdar niyyətləri ilə çirkləndirən nankorlar xarici bədxahlarımızın Azərbaycanın əleyhinə təşkil etdikləri kampaniyalarda ermənilərdən çox fəallıq göstərirlər. «Meydan TV», «OsmanqızıTV», «Azərbaycan saatı» kimi anti-Azərbaycan kanallarında toplaşan, etik normalara sığmayan davranışları ilə mənəvi çirkinliklərini ortaya qoyan Əli Kərimli başda olmaqla digər naxələflərin də Azərbaycan xalqı adından danışmağa haqları yoxdur. Başqalarının dili, diktəsi ilə danışaraq milləti haqqında böhtan yağdıranlar, düşmənə dəstək verənlərin Vətəni, milli mənsubiyyətləri olmur. Fərari kimi diyar-diyar gəzərək bir gün almanın «brot»undan, ertəsi gün ingilisin «bread»dından dadan bu əqidəsizlərin azərbaycanlı adını daşımaları belə xalqımıza xəyanətdir. AXCP sədri Əli Kərimlinin «proqramlaşdırdığı» bu manqutlar üçün Vətən məfhumu yadlaşıb. Ermənilərin pənah gətirdikləri havadarlarının Azərbaycandakı inkişafı etiraf etdikləri halda baltamıza sap olmağa belə layiq olmayanlar haqqında atalar belə deyib: «Bəyə, xana yaradı, keçəl qıza yaramadı.» «Vətənsiz», «atılmışlar» sözləri ilə başlanan milli xəyanətkarların çirklənmiş tərcümeyi –halları mənəviyyatsızlıqla zəngindir.

Prezident İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin fevral ayının 7-nə təyin olunan növbədənkənar prezident seçkilərindən xoflanan AXCP sədri Əli Kərimlinin qarın ağrısı yenidən başlayıb. Cəmiyyətdə elektoratı olmayan, sosial bazası dağılan Əli Kərimli adətinə uyğun olaraq yenə təxribat maşınını işə salıb. Xarici ağalarının, ermənipərəst dairələrin sifarişləri əsasında təxribatlara başlayan Əli Kərimli ölkəmizdəki demokratik şəraitdən, azad rəqabət mühitindən, söz azadlığından yararlanaraq qarayaxma kampaniyasını genişləndirib.

Bu günlərdə keçirilən AXCP-nin qurultayında siyasi karlıq və korluq xəstəliyinə tutulduğunu səsləndirdiyi hədyanlarla təsdiq edən Əli Kərimli 7 fevral seçkisində iştirak etməyəcəklərini «boykot» çağırışı ilə bildirdi. Amma bu zat hələ də anlamır ki, əvvəlki siyasi kampaniyalarda da istifadə etdiyi « boykot» siyasi rəqabət metodu deyil, acizlik, özündən bədgümanlıq, xarici dairələrə xidmətin əlamətidir. «Kirli texnologiyalar»dan istifadə etməklə sifarişli «boykot» yolunu seçən, daşnak təfəkkürlü Əli Kərimli hiyləgər gedişləri ilə alacağı qrantlarının sayını artırmağa çalışır.
Destruktiv müxalifət daimi prinsiplərindən olan nifrət, qısqanclıq, qarayaxma əməllərini davam etdirir. «Boykot»” pərdəsi altında elektorat sarıdan zəifliklərini gizlətməyə çalışan AXCP, Müsavat, «Milli Şura» mənsubları, manipulyasiya və siyasi alverlə pul qazanan təxribatçılar seçkilərdə iştirakdan imtina etməklə hətta az saydakı tərəfdaşlarının belə seçim haqqını pozurlar. Seçki qanunvericiliyində göstərilən sayda imza toplaya bilməyəcəklərini aydın dərk edən Əli Kərimli kimi ona bənzəyən, qaragüruhçu, ölkədə siyasi sabitliyi pozmağa çalışan, sosial bazası olmayan digər naxələflər də 2024-cü ilin fevral ayında keçiriləcək növbədənkənar prezident seçkilərinin guya demokratik prinsiplərə uyğun olmadığı barədə hay- küy salırlar.

Amma dünya təcrübəsində növbədənkənar seçkilərin keçirilməsi qəbul olunan demokratik hadisədir. Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi üçün xalqımızın taleyində dönüş yaradan taleyüklü hadisələr baş verib. İllərdən bəri Ermənistanın işğalı nəticəsində yurdlarını tərk etməyə məcbur qalan sabiq köçkünlərin doğma yurdlarına qayıtması seçicilərin siyahısının təzələnməsi zərurətini yaradır. Qarabağ, Şərqi Zəngəzur bölgəsində, Ağdamda, Laçında, Zəngilanda aparılan bərpa-quruculuq işlərindən sonra insanların məskunlaşdığı ərazilərdə yeni seçki məntəqələri yaradılır.

Beləliklə, 2024-cü ilin 7 fevral tarixində keçiriləcək seçkilər Azərbaycanın ictimai-siyasi həyatında növbəti mərhələ kimi mühüm əhəmiyyətə malikdir. Növbədənkənar seçkilərdə iştirak etmək istəyən siyasi partiyaların sayının artması, namizədlərin qeydiyyata alınması prosesi göstərir ki, ölkə ictimaiyyəti siyasi kampaniyanın keçirilməsini dəstəkləyir. Bu baxımdan radikal antimilli ünsürlərin seçkiləri «boykot» qərarı onların çirkin niyyəti ilə bağlıdır.

Prezident İlham Əliyevin Xankəndi Zəfərimizin üçüncü ildönümü münasibətilə xalqa müraciəti, bu münasibətlə keçirilən hərbi parad, Xankəndi stadionundakı futbol matçı ölkə vətəndaşlarında xoş əhval-ruhiyyə yaradıb. Seçkilərdə də biabırçı şəkildə məğlub olacaqlarından qorxan anti milli ünsürlərdən fərqli olaraq Azərbaycan xalqı 7 fevral seçkilərinə Zəfər sevinci, fərəhi ilə hazırlaşır.
Həmin gün bütün ölkə vətəndaşları dünyanı heyrətləndirən Azərbaycan həqiqətlərnə reallığa, xoşbəxt gələcəyə, güclü, qalib dövlətin uğurlarına səs verəcəklər. Bu birlik isə xarici ağalarının nökərlərinə çevrilən Əli Kərimli çetesinə layiqli cavab olacaq.

Seçki ərəfəsində və seçkidən sonra ölkədə qarışıqlıq yaratmaq, Azərbaycanın demokratik imicinə zərbə vurmaq Vətənə, xalqa xidmət sayıla bilməz. Bu, hər şeydən əvvəl Azərbaycanı istəməyən qüvvələrin, o cümlədən ermənilərin dəyirmanına su tökməkdən başqa bir şey deyildir.

Bu fonda Azərbaycanda müxalifətin acınacaqlı imici və vəziyyəti ortaya çıxır. Yəni, radikal müxalifətin rasional düşüncəli və kreativ yanaşma tətbiq edən institut kimi çıxış edə bilmədiyi aydındır.

Döyüşdə məğlub olan zabitindən bunun səbəbini soruşan Napoleona verilən cavab belə olur: «Barıt yaş idi» İndi bataqlıq təfəkkürlü milli xainlərin «yaş barıtı» sosial bazalarının olmaması, elektoratlarının nəm çəkməsidir. Elə buna görə də siyasi dərnəklər təsəvvürü formalaşdıran, müasir siyasi metodlara, sivil mübarizə taktikasına istinad etməyən siyasi karları və korları milli maraqlar deyil, şəxsi mənafelər düşündürür. Radikal müxalifətin konseptual səviyyədə demokratik dəyərlərə və ideyalara malik olmadıqları cılızlıqlarından qaynaqlanır. Əlbəttə ki, müxalifət institutunun əsas fəlsəfəsi dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi olsa da, Əli Kərimli tayfası sivil mübarizə prinsiplərindən çox uzaqdır. Elə buna görədir ki, dövlətçilik, milli mənafe baxımından yoxsul qaragüruhçular el arasında deyildiyi kimi, siyasi hazırlıq səviyyələrinə görə Biləcəridən o tərəfə gedə bilmirlər. Unudurlar ki, siyasi partiyaların əsas funksiyası seçkilərdə iştirak etməkdir. Xüsusən müxalif partiyalar siyasi kampaniyalarda fəal iştirak etməlidirlər. Siyasi mübarizənin təməl prinsipləri budur:Təşkilat ətrafında sosial baza formalaşdırmaq, cəmiyyətin siyasi , iqtisadi inkişafında, siyasi kampaniyalarda iştirak etmək! Bu baxımdan seçkiləri «boykot» yolunu seçmək siyasi təşkilatın üzərinə düşən vəzifələri icra etməkdən yayınması deməkdir. Əli Kərimlinin «boykot»u seçməsi də siyasi savadsızlığın, özündən müştəbehliyin, fərdiyyətçiliyin və demokratik prinsiplərdən xəbərsizliyinin ifadəsidir.

Ədalətin meyarı budur ki, başqalarını nədəsə ittiham edənin özünə kənardan baxmaq cəsarəti olmalıdır. Bu gün iqtisadi inkişafı, siyasi nüfuzu, müdafiə qüdrəti, dəstəklənən diplomatiyası beynəlxalq səviyyədə etiraf olunan, nümunə göstərilən ölkəmizin son 20 ildə qazandığı uğurların alternativi, bənzəri yoxdur. MDB miqyasında heç bir ölkə dövlətinin suverenliyini Azərbaycan qədər etibarlı təmin etməyib. 44 günlük Vətən müharibəsi və 24 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə erməni faşizminin, sepatizminin kökünü kəsən Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliy ilə xalqımıza 30 il gözlədiyi sevinci yaşatdı, doğma yurdlarından qovulmuş insanların torpaq həsrətinə son qoyuldu. Təkcə bu fakt ölkəmizin nəyə qadir olduğunu dünyaya bəyan etdi.

Yeri gəlmişkən, fevralda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı hədyan danışanlara bəzi məqamları xatırladaq. İqtidarda olduqları qısa müddətdə ölkədə çörək növbələri, hərc-mərclik, bespredel, Ermənistanın torpaqlarımızın işğalı üçün «münbit şərait» yaradan, hər biri özləri üçün silahlı dəstə saxlayan, bu günki ağzı göyçəklərin ölkəmizin sosial-iqtisadi inkişafı, demokratik islahatları barədə yalan danışmağa haqları yoxdur.

«AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi. Ona görə belə günə düşdü. Məgər bizi bizdən çox sevən, istəyən varmı? Bu gün bəzi hallarda bəzi xarici dairələrdən eşidirik ki, biz Azərbaycana kömək etmək istəyirik, biz Azərbaycanı belə inkişaf etmiş ölkə kimi görmək istəyirik. Hamısı yalandır. Mən tam səmimiyyətlə deyirəm. Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, Ləl-Cəvahirat Fondunu talamışdı. İnsanlar öz axırıncı qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt prezident, dövlət katibi, baş nazir o Ləl-Cəvahirat Fondunu talan etmişlər. İndi onun izi-tozu da qalmayıb» söyləyən Prezident İlham Əliyevin qətiyyəti ilə dövlət büdcəmiz dinamik artımla möhkəmlənir. Əli Kərimlinin böhtan atdığı Silahlı Qüvvələrimizin döyüş təcrübəsi nümunə göstərilir. Respublikanın ən iri sənaye müəssisələrinin valyuta ilə alınan avadanlıqlarını el arasında deyildiyi kimi, keçi qiymətinə satan AXC-Müsavat iqtidarının talançılıqlarını hamı bilir. Təkcə bu iki faktın müqayisəli təhlili kimin daha çox söz haqqına sahib olduğunu göstərir.

Buna görə də 7 fevral 2024-cü ildə Azərbaycan xalqının etimad göstərəcəyi namizədə səs verəcəyindən xoflanmasınlar. Çünki əvvəlki prezident seçkilərində yanılmayan elin tərəzi gözü yenə də sözünü deyəcək, seçimini təkrarlayacaq.

Xuraman İsmayılqızı, «İki sahil»