26 dekabr 2023 00:12
311

Xalq sizi boykot edib, siz nəyi boykot edirsiniz? - Radikal müxalifətə radikal sual

Azərbaycan cəmiyyəti 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlaşır və bu siyasi mübarizədə  kimin-kim olduğu bir daha üzə çıxacaq. Yəni, tarixdə qəbul olunmuş həqiqətdir ki, hər bir seçki siyasi qüvvələrin özünü təsdiq meydanıdır. Bu proseslərdə hakimiyyətə iddialı partiyaların elktoratı, nüfuzu və cəmiyyət tərəfindən qəbul olunması nəticələrdə özünü tam aydınlığı ilə göstərir.

Lakin ölkəmizin siyasi həyatına və inkişafına qeyri-konstruktif fəaliyyəti ilə ləkə gətirən radikal müxalifət bu dəfə də seçkiləri boykot qərarı verib. Səbəb isə  ilk növbədə bu partiyaların ictimai dayaqlarının və potensial elektoratlarının olmamasıdır. Yəni, çox zəifdirlər. Anlayırlar ki,  onların seçkini boykot etmələrinə rəğmən xalq da onları çoxdan həm də dəfələrlə boykot edib. Bəli, son 30 ildə radikal müxalifətçiliklə məşğul olan AXCP sədri Əli Kərimlinin və Müsavat partiyasının başqanı Arif Hacılının uduzmaq qorxuları onları dəfələrlə boykot qərarı verməyə məcbur edib.

Məlumdur ki, 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri ilk dəfə olaraq ölkənin istisnasız bütün ərazisində keçiriləcək. Azərbaycan xalqı buna Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əvvəlcə 2020-ci ildə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdıraraq öz torpaqlarını işğaldan azad etməklə, sonra da bu ilin sentyabr ayında keçirdiyi antiterror tədbirləri nəticəsində ölkənin tam suverenliyini bərpa etməklə nail olub. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyəsdədir. Bu birlik Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirməsi, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olması nəticəsində formalaşıb və möhkəmlənib. Bütün bunlara görə də Azərbaycan xalqı üçün cənab İlham Əliyev alternativsiz namizəddir. Əlbəttə ki, bu vəziyyət öz acizliyini, gücsüzlüyünü dərk edən radikalları məyus edir və onları seçki təxribatlarına sövq edir.

Qərbin ölkəmizlə bağlı təxribat planlarında radikal müxalifətdən istifadə yenə də gündəmdədir

Eyni zamanda, radikal müxalifəti qərəzli mövqelərdən çıxış etməyə sövq edən digər səbəblər də var. Yəni, bu gün Azərbaycanın nə Vətən müharibəsindəki qələbəsini, nə də öz suverenliyini tam bərpa etməsini həzm edə bilməyən bəzi Qərb ölkələri də növbədənkənar prezident seçkilərini təxribatlar üçün real fürsət kimi dəyərləndirməyə çalışırlar. Təbii ki, bu məqsədlə onlar ilk növbədə, ayrı-ayrı xarici dairələrin maraqlarına xidmət etməyə, qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaflar yaratmağa hər zaman hazır olan radikallardan istifadə etməyə çalışırlar. Təbii ki, kimlərin hansı təxribatlar, hansı məkrli planlar hazırlamasından asılı olmayaraq ölkəmizdə bunların həyata keçmə ehtimalı sıfıra bərabərdir. Yəni, radikal müxalifətin bundan əvvəlki boykot çağırışları nə ilə nəticələnmişdisə, bu dəfə də nəticə eyni olacaq.

Burada bir nüansa diqqət yetirmək lazımdır. Radikal müxalifət sosial şəbəkələr vasitəsi ilə özünün varlığını sübut etmək üçün dəridən –qabıqdan çıxır. Xüsusilə Əli Kərimlinin və Arif Hacılının trol dəstələri bütün gün hakimiyyəti və hətta onlara dəstək verməyən xalqı söyməklə, cəmiyyətə saxta və böhtan dolu informasiyalar yaymaqla özlərinin fəaliyyətlərini gözə soxmağa çalışırlar. Ancaq həqiqi siyasi yarışın arqumenti olan seçkilərdən isə qaçırlar. Müsavat və AXCP-nin özü də yaxşı dərk edir ki, bu seçki sosial şəbəkələrdə yaradılan süni aktivliyə bənzəmir, bu işdə xalqın real dəstəyi mütləqdir.  

Radikalların boykot qərarı onların növbəti özünəqəsd cəhdidir

Bu, bir həqiqətdir ki, siyasətçi, siyasi xadim adına iddia edən şəxsin özünü realizə etmək üçün seçkidən daha gözəl imkan yoxdur. Hətta qalib gəlməsə belə, şəxsin və ya partiyasının hansı istiqamətdə zəifliyi, niyə səs ala bilməməsi seçki mühitində ortaya çıxır. Partiya da bu boşluqları aradan qaldırır və növbəti seçkiyə hazırlaşır. Eyni zamanda, hər bir partiya seçki dövründə geniş ictimai tribuna qazanmış olur ki, insanlarla, öz elektoratları, sosial bazaları ilə işləyə, mesajlarını cəmiyyətə çatdıra bilsinlər. Yəni, belə bir mühitdən könüllü şəkildə imtina etmək sadəcə özünəqəsddir. Bu, həm də onun göstəricisidir ki, Azərbaycanın radikal müxalifəti xalqın taleyi ilə bağlı məsuliyyəti bölüşmək gücündə deyil.

Elçin Zaman, «İki sahil»