26 dekabr 2023 01:57
329

Azərbaycanın enerji siyasətinin prioriteti

2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

“Yaşıl enerji” növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda Azərbaycanın enerji siyasətinin prioritetidir. Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini getdikcə gücləndirən ölkəmiz “yaşıl keçid” platformasının əsas iştirakçılarından birinə çevrilib.  Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə “yaşıl enerji”yə keçidlə bağlı fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın da  “yaşıl enerji zonası” elan edilməsi elə bu istiqamətdə atılan addımlardır. Üstəlik, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu göstərici 270 meqavata çatdırılacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

“Yaşıl enerji”  siyasəti ölkəmizin digər bölgələrində də uğurla tətbiq olunur. Belə ki, bu il oktyabrın 26-da Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda Günəş Elektrik stansiyalarının,  Abşeron-Qaradağ rayonunda isə külək enerjisi layihələri ilə bağlı investisiya müqavilələri  imzalayıb. Üç yeni stansiyanın ümumi gücü 1 QVt olacaq. Qeyd edək ki, indiyədək  “Masdar” şirkəti ölkəmizdə 230 MVt gücündə, daha doğrusu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasının - Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi layihəsini həyata keçirib. Hazırda “Masdar” Azərbaycanda “yaşıl hidrogen” və “yaşıl ammonyak”ın istehsalı ilə bağlı bazar araşdırmaları da aparır.

Azərbaycan, həmçinin Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal işləyir. 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanın bu sahədə potensialının realizə olunmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir. Sənədə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpaolunan enerji mənbələrində istehsal olunan “yaşıl enerji” Azərbaycandan Gürcüstana, oradan kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, daha sonra isə Avropa Birliyi ölkələrinə ötürülüləcək.

Bu il dekabrın 21-də energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan “Yaşıl enerji və smart city” mövzusundakı panelində çıxışı zamanı deyib ki, Türkiyə ilə “yaşıl enerji”nin istehsalı və ixracı üzrə əməkdaşlığa artıq başlanılıb: “Türkiyə ilə “yaşıl enerji” tərəfdaşlığımızın əsas ağırlıq mərkəzləri Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur kimi geostrateji əhəmiyyətli bölgələrimizdir”.

O, həmçinin bildirib ki, Naxçıvandan 1000 meqavatdan çox enerjinin Türkiyə və Avropaya ixracı strateji hədəfinə uyğun olaraq Azərbaycan - Türkiyə - Avropa enerji dəhlizinin yaradılması əsas prioritetlərimizdən biridir. Bu məqsədlə hazırda enerji infrastrukturlarının yaradılması, ötürücü sistem operatorları arasında əməkdaşlığın qurulması, habelə enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyası Şəbəkəsinə (ENTSO-E) qoşulması ilə əlaqədar müvafiq addımlar atılır.

Yeri gəlmişkən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsinə xüsusi önəm verilib. Həmin sənədə əsasən, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Üstəlik, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur.  Hazırda ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmiz baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını da hədəf kimi götürüb

Bütün bunlar  yeni dövrümüzün reallığıdır. Azərbaycan isə reallıqlarla ayaqlaşan ölkədir. Şübhəsiz, ölkəmizin ətraf mühitə verdiyi bu önəm beynəlxalq aləmin diqqətini çəkməyə bilməzdi. Bu mənada gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Bakıda təşkili təqdirəlayiqdir. Şühbəsiz, həmin tədbir bu sahənin sürətli inkişafına yeni investisiyaların cəlb olunmasına  daha əlverişli imkan yaradacaq.

Heç də təsadüfi deyildir ki, dövlətimizin başçısı İlham Əliyev dekabrın 25-də “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: ”BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”