22 dekabr 2023 23:24
287

BABALARIMIZ OĞUZLAR (TÜRKMƏNLƏR)

(V yazı)

NİZAMÜLMÜLK VƏ İSLAHATLARI

Elmi ədəbiyyatda Nizamülmülkün iqta və ordu islahatlarının türkmənlər arasında daha çox narazılıq doğurduğu vurğulanır. Əslində, islahatların bu iki aspekti bir-biri ilə qırılmaz dərəcədə bağlıdır. Böyük Səlcuqi dövlətində əkin torpaqları xass, xəraci və iqta olmaqla 3 yerə bölünürdü. Xass ərazisi hökmdarın şəxsi mülkü sayılırdı və o, həmin ərazidən istədiyi kimi istifadə edirdi. Sultan ailəsinin təminatı əsasən xass torpaqlarının gəlirləri hesabına həyata keçirilirdi. Xəraci (dövlət) torpaqları xəzinəyə aid idi, bu torpaqların qazancı da xəzinəyə mədaxil edilirdi. İqta torpaqları isə sultanın əmri ilə hərbi mükəlləfiyyət daşıyan və dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə verilirdi. Həmin iqta sahibləri götürdükləri gəlirlə müəyyən miqdarda silahlı döyüşçü saxlayır, onları təchiz edir və müharibələr zamanı hərbi dəstələri ilə birlikdə dövlət ordusunda yer alırdılar. S.Aşurbəylinin qeyd etdiyi kimi, “...iqta təsisatı XI əsrdən etibarən hərbi qulluqda olan adamlara yalnız renta kimi verilən, torpaq və kəndlilər üzərində sahiblik ixtiyarı verməyən torpaqlardan istifadə və torpaq sahibliyi sistemi idi. Sultan Məlikşah adı dəftərə düşmüş bütün hərbçilərə, 46 minə qədər süvariyə iqta torpağı paylamışdı... Artıq XI əsrin sonlarında və XII əsrdə iqta torpaq sahibliyi, əslində, irsən keçirdi. Sonralar, feodal münasibətlərinin daha da inkişaf etməsi ilə əlaqədar iqtalar, mülk tipli torpaq sahibliyinə çevrilir”.

Bəzi müəlliflər (Əbdülkərim Özaydın və b.) hərbi təyinatlı iqta təsisatının Nizamülmülkün islahatları çərçivəsində yarandığını, Böyük Səlcuqi dövlətində bu sistemin ilk dəfə 1073-ci ildə tətbiq olunmağa başladığını, 1087-ci ildə isə bütün ölkəni əhatə etdiyini yazırlar. Amma bu qənaəti şübhə altına alacaq faktlar da az deyil. Misal üçün, Sultan Toğrulun Boğa və Anasıoğlu adlı türkmən bəylərinin Azərbaycana gələrək, onun hakimiyyətini qəbul etməsi xəbərini “sevinclə qarşıladığı”, Amidi onlara iqta verdiyi və 10 min nəfərlik bu türkmən qrupunu oraya göndərdiyi məlumdur. Aydın görünür ki, iqta təsisatı Səlcuqi idarəçilik sisteminə Nizamülmülk tərəfindən gətirilməmiş, o, yalnız, Özaydının da etiraf etdiyi kimi, “türk-İslam ünsürünü gücləndirmək məqsədi ilə bu sistemi təkmilləşdirmiş və nizama salmışdır”. Fuad Köprülünün fikrincə, iqta müəssisəsinin ana hədəfi, dövlətin hərbi dayağı olan türkmənlərin vassal ölkələrdə yerləşdirilməsi olub. Onun yazdığına görə, iqta sahiblərinə çevrilən türkmənlərin yavaş-yavaş torpağa bağlanacaqları, dövlətə daha sədaqətlə xidmət göstərəcəkləri düşünülürdü. XI əsrdə, ələlxüsus da Dəndənəkan döyüşündən sonra Xorasan və Azərbaycan ərazilərinə üz tutmuş köçəri türkmənlərin istəklərinin təmin olunması, onların ehtiyaclarının ödənilməsi, yəni torpaqla təmin olunmaları dövlətin hərbi qüdrətinin qorunub saxlanılması və artırılması baxımından strateji önəm kəsb edirdi və göründüyü kimi, iqta təsisatının genişləndirilməsi də bu məqsədə yönəldilmişdi. Azərbaycan tarixindən bildiyimiz hadisələr də göstərir ki, Böyük Səlcuqi dövləti iqta təsisatının yaratdığı imkanlar daxlində “türkmən məsələsi”nin həllinə çalışmışdır.  S.Aşurbəyli yazır: “Cənubi Qafqaz ölkələrində, o cümlədən, Şirvanda yaylaq və qışlaq otlaq torpaqlarında köçəri türklər məskunlaşdırılırdı. İqta, keçmiş yerli oturaq feodalları əvəz edən gəlmə köçəri əyanların, türk köçəri-hərbi zadəganlığının oturaq kəndli kütlələri üzərində ağalıq formasına çevrildi. Hicri 467-ci (miladi 1074) ildə türk qoşunlarının başında gələn Əqrar ibn Buğa, sultanın Şirvanı iqta şəklində ona verdiyini bildirdi. Lakin Şirvanşah Fəribürz sultanın əvvəlki mövqeyini bərpa etməsinə nail oldu (yəni, Şirvanı öz hakimiyyətində saxladı-N.M.). Ancaq sultan, sərhəd vilayəti Dərbəndi iqta olaraq iki İraqın əmiri Say-Təginə (bu ad bəzi mənbələrdə “Savtəgin” və ya “Sevtəgin” kimi keçir-N.M.) bağışladıqdan və onun nümayəndəsi gəldikdən sonra Fəribürz sultanın xəzinəsinə hər il xərac verən səlcuq vassalı səviyyəsinə endirildi”.

•İqta təsisatı hərbi qulluqçulara renta şəklində verilən torpaq sahibliyi sistemi idi. İqta sahibləri aldıqları torpaqdan istifadə müqabilində müəyyən miqdarda silahlı döyüşçü saxlayır, onları təchiz edir və müharibələr zamanı öz dəstələri ilə birlikdə orduya qatılırdılar. XI əsrdə iqtalar torpaq və kəndlilər üzərində sahiblik hüququ vermirdi. XII əsrdə isə bu təsisat artıq irsən atadan oğula keçən mülk tipli torpaq sahibliyinə çevrildi.

İslahatlardan əvvəl Səlcuqi ordusu, əksəriyyət etibarilə, türkmən döyüşçülərindən təşkil olunurdu. Onların öz bəylərinə qırılmaz bağlılığı maraq toqquşmaları zamanı orduda intizamın zəifləməsinə səbəb olur, gizli və açıq pozuculuq hallarına yol açırdı. Vahid komandanlıq və intizam məsələsinə müstəsna əhəmiyyət verən Nizamülmülk Böyük Səlcuqi hərbi qüvvələrini türkmən bəylərinin hökmü altından çıxarmağın həyati önəm daşıdığını anlamış və öz mövqeyini əsaslandıraraq, sultanın razılığı ilə qulam təsisatı yaratmaqla səfərbərlik mənbələrinin şaxələndirilməsi hesabına dövrünün ən güclü ordusunu yaratmağa müvəffəq olmuşdu. Əsasən, qılınclar, düz və əyri xəncərlər, döyüş baltaları, yay, ox və nizələrlə silahlandırılan bu ordu 5 əsas qaynaqdan qidalanırdı:

Birinci və ən mühüm mənbə olan qulamlar, əsas etibarilə müharibələr zamanı əsir götürülən və yaxud qul bazarlarından kiçik yaşlarında satın alınan türk mənşəli şəxslər arasından seçilib sarayda yetişdirilir, mühüm dövlət vəzifələrinə yüksələ bilirdilər. Qulamlar muzdlu əskərlər idilər və əsasən paytaxtda fəaliyyət göstərir, mühafizə funksiyalarını yerinə yetirir, döyüşən orduya müharibələr zamanı cəlb olunurdular. Şəxsən sultana məxsus minlərlə qulam sarayın təhlükəsizliyinə cavabdeh idi. Vəzirlər, məliklər, dövlət əyanları da müəyyən miqdarda qulam saxlaya bilirdilər. Qulam sisteminin yaranması, əlbəttə, türkmənlərin orduda və dövlət idarəçiliyində mövqelərini zəiflədirdi. “Səlcuqların muzdla tutulmuş məmlüklərdən seçmə ordu təşkil etmələri və dövlətin hərbi vəzifələrinin onlara etibar olunması köçəri türklərlə münasibətləri kəskinləşdirirdi” (E.Məmmədov). Türkmənlərin  qulamlara kin bəslədikləri, qulamlıqdan yetişən zabitlərin əmri altında döyüşməkdən imtina etdikləri məlum və anlaşılandır. Dövlətin quruluş dövründə onların böyük çətinliklərə qatlaşdıqlarını, sınaqlardan ləyaqətlə çıxdıqlarını, döyüşlərdə igidliklər göstərdiklərini yüksək qiymətləndirən  Nizamülmülk bu qarşıdurmanı aradan qaldırmaq üçün yollar axtarır, “Siyasətnamə”də bu haqda yazırdı: “Bir qism hüzursuz olan türkmənlər də saray qulamları tərzində vəzifələndirilməli, xidmətlə məşğul edilməli, onlara əkmək (çörək, burada maaş mənasında-N.M.) verilməlidir. Silah və xidmət tərbiyəsi alar və xalq ilə birlikdə oturaqlaşarlar. Könül bağlar, xidmət edərlər və onların təbiətlərində Səlcuqi xanədanına qarşı fikir hasil olar və sabitləşər. Ehtiyac duyulduğu vaxt da qulamlar kimi təchiz və təşkil edilib atlanarlar. Bu dövlətdən nəsibsiz qalmazlar və beləcə məmnun olarlar”. Lakin onun düşüncə və istəklərinin  gerçəkləşmədiyi tarixdən məlumdur. Başqa cür ola da bilməzdi. Əslində, türkmənlərin “saray qulamları tərzində məşğul edilər”lərsə, öz bəylərinin xidmətindən çıxıb qulamlığa keçəcəklərini düşünməyin özü də “türkmən məsələsi”nin mahiyyətini bəsitləşdirib “çörək davası” səviyyəsinə endirmək cəhdindən başqa bir şey deyildi. Türkmənlər “çörək davası” güdmür, canları-qanları hesabına qurduqları dövlətdə çoxəsrlik yaşayış və düşüncə ukladlarının bərqərar olması üçün çalışırdılar. Eyni zamanda Nizamülmülkün orduda hər hansı tayfanın (“qövm”ün) üstünlüyünü yolverilməz hesab etməsi və hərbi birləşmələrinin müxtəlif etnik mənşəli şəxslərdən təşkili qaydasını rəsmiləşdirməsi də, ehtimal ki, onun “xoş niyyətinin” həyata keçməsinə ciddi maneə törətmişdir. Bu qayda türkmənlərin döyüş ənənələri və ordu baxışları ilə daban-dabana zidd idi və onlar bununla heç cür razılaşa bilməzdilər.   

•Nizamülmülk islahatlarından sonra Böyük Səlcuqi ordusu, əsasən 5 mənbədən təşəkkül edirdi: 1) qulamlar (muzdlu əskərlər); 2) qulamlıqdan yetişən əmirlərin qoşunları; 3) iqta sahibi olan tayfa bəylərinin əmrindəki türkmən döyüşçüləri; 4) vassal dövlətlərin qüvvələri; 5) yaxın bölgələrdən gələn, qənimət və qəza məqsədi ilə döyüşən orduya qatılan könüllülər.

Çox vaxt minlərlə əskər seçilərək döyüş hazırlığı keçmək üçün qulamlıqdan yetişən əmirlərin tabeçiliyinə verilirdi. Bunlar “qulamlıqdan yetişən üməra əskərləri” (qulamlıqdan yüksəlmiş əmirlərin əskərləri) adlanır və Səlcuqi ordusunun ikinci əsas  mənbəyini təşkil edirdilər. Daimi dislokasiya olunan bu qoşunlar  dinc dövrdə öz əmirlərinin komandanlığı altında təlim keçir, müharibələr zamanı operativ şəkildə hərb meydanlarına göndərilirdilər.  

İqta sahibi olan bəylərin əmrindəki türkmən qüvvələri ordunun üçüncü mühüm mənbəyi sayılırdı. Onların gücündən yalnız müharibə və səfərlər zamanı istifadə edilirdi. Qalan vaxtlarda isə türkmən döyüşçüləri öz obalarında gündəlik məişət işləri ilə məşğul olurdular. Onlar maaş almır, yürüşlər zamanı əldə olunan qənimətdən kiçik bir pay qazanmağa ümid bəsləyirdilər. Qulamlarla ziddiyyətlərin bir qolu da məhz maddi maraqlardan nəşət edirdi. Türkmənlər ordu üçün nəzərdə tutulan ülufə və nafaq kimi vergilərdən faydalanmır, üstəlik, döyüş qənimətlərinin (buraya hərbi əsirlər də daxil idi) böyük bir qismindən də məhrum olurdular (qulamlar onların payına şərik çıxırdı). Türkmən qüvvələrinin  silah-sürsat, digər döyüş ləvazimatları ilə təchizatı dövlət tərəfindən deyil, öz bəyləri tərəfindən, onlara verilmiş iqta torpaqlarının gəlirləri hesabına aparılırdı. Bu isə onların bəylərinə daha sıx bağlanmaları üçün əlavə bir stimul idi. Tarix kitablarında türkmənlərin intizamsızlıq, itaətsizlik, tabeçilik göstərməkdən imtina etmək kimi hallara tez-tez yol verdikləri bildirilir ki, bunun da səbəbi onların hər şeydən əvvəl tayfa və bəylərinin mənafeyini güdmələrində axtarılmalıdır. 

Səlcuqi ordusunun mənbələrindən bəhs olunarkən vassal dövlətlərin qüvvələri dördüncü, yaxın bölgələrdən döyüşmək üçün gələnlər və könüllülər isə beşinci mövqedə sıralandırılır. Müharibə dövründə vassal əmirliklər üzərlərinə götürdükləri təəhhüdlərə uyğun olaraq Səlcuqi dövlətinin çağırışlarına əsasən, düşmən qarşısına tələb edilən say və tərkibdə qoşun çıxarırdı. Bəzən onların qüvvələri Səlcuqi ordusunun öz sayını belə üstələyirdi. Hərbi əməliyyat zonalarına yaxın bölgələrdən döyüşmək üçün gələn azsaylı könüllü qüvvələr isə çox zaman qəza və ya qənimət məqsədi güdürdülər.

Beləliklə, Nizamülmülk islahatlarının bu qısa şərhi araşdırdığımız ziddiyyətlər panoramını bir qədər də aydınlaşdırır, təsəvvürlərimizi genişləndirir, eyni zamanda belə bir məlum qənaəti daha da qüvvətləndirir ki, Səlcuq ailəsi ilə birlikdə və onların ardınca bərəkətli torpaqlar tutmaq istəyi ilə Orta Asiyadan qərbə doğru köç etmiş türkmən boyları istəklərinə faktiki olaraq çata bilməmişlər. Nəticədə onların böyük bir qismi özlərini aldadılmış və atılmış hesab etmiş və Səlcuqi dövlətindən üz döndərmişdir. X.İnalcığın aşağıdakı fikri də deyilənlərin sübutu üçün daha bir tutalğa verir: “Böyük Səlcuqi sultanlarının İrana hakim olduqdan sonra keçmiş kisralar (yaxud kəsralar; Sasani hökmdarları-N.M.) tipində bir hökmdar anlayışını mənimsəmələri və oğuz qəbilələrinin təəssüblə bağlı olduqları törəyə zidd hərəkət etmələri bu qəbilələrlə onlar arasındakı anlaşılmazlıqların gerçək səbəblərindən biri və başlıcası ola bilər”.

Türkmənlər klassik İslam dövlətçilik modelinə xas vahid mərkəziyyət prinsipi, ələlxüsus əski “ordu-millət” anlayışına sığmayan muzdlu qoşun növlərinin yaradılması ilə barışmaq istəmir, dövlət mülkiyyətinə əsaslanan iqtisadi idarəçilik formalarını rədd edirdilər. Onların əqidəsinə görə, ordu hakim etnik birliyin inhisarında qalmalı, işğalçı yürüşlərin genişləndirilməsi nəticəsində öz xərcini ödəməyə qadir olmalı (Sultan Məlikşah hər il qoşunun ehtiyacları üçün 60 min dinar qızıl pul ayırırdı), döyüşlərdə əldə edilən qənimət, əski dövrlərdəki kimi iştirakçılar arasında bərabər şəkildə bölünməli idi. Qədim türk dövlət təşkilatının pozulması, ənənələrin məqsədli şəkildə ortadan qaldırılması türkmənlərin kütləvi şəkildə dissidentizmə yuvarlanmasının başlıca səbəbidir,- desək, yanılmarıq. Onlar zaman-zaman səlcuqi sultanlarının himayəçiliyindən qətiyyətlə imtina etmiş, mövcud hakimiyyəti sarsıtmağa və dəyişməyə çalışmış, bu yolla mövqelərini gücləndirəcəklərini, problemlərini həll edəcəklərini düşünmüşlər. Dövlətə baş qaldıran, itaətdən çıxan, qarətçilik və talançılıqla özlərini gözdən salan türkmən qrupları müxtəlif dövrlərdə ayrı-ayrı xanədan üzvlərinin taxt uğrunda mübarizəsinə dəstək vermiş, bu zaman onların əlində alətə çevrildiklərinin fərqinə belə varmamışlar. Onları hərəkətə gətirən əsas qüvvə Səlcuqi dövlətinə yox, türk törəsinə sədaqət duyğusu olmuşdur. Törə isə, təkrar edək ki, xanədan üzvlərinin hamısının taxt haqqını tanıyırdı.

•Türkmənlər klassik İslam dövlətçilik modelinə xas vahid mərkəziyyət prinsipi, ələlxüsus əski “ordu-millət” anlayışına sığmayan muzdlu qoşun növlərinin yaradılması ilə barışmaq istəmir, dövlət mülkiyyətinə əsaslanan iqtisadi idarəçilik formalarını rədd edirdilər. Onların fikrincə, ordu hakim etnik birliyin inhisarında qalmalı, işğalçı yürüşlərin genişləndirilməsi nəticəsində öz xərcini ödəməyə qadir olmalı, döyüşlərdə əldə edilən qənimət, əski dövrlərdəki kimi iştirakçılar arasında bərabər şəkildə paylanmalı idi. Qədim türk dövlət təşkilatının pozulması, ənənələrin məqsədli şəkildə ortadan qaldırılması türkmənlərin kütləvi şəkildə dissidentizmə yuvarlanmasının başlıca səbəbidir.

TÜRKMƏN ÜSYANLARI

1058-ci ildə Məlik İbrahim Yınalın Sultan Toğrula qarşı üsyanı  türkmənlərin iştirakı ilə baş tutan bu tipli birinci etiraz sayılır.

Üç il sonra (1061) Səlcuqi taxtına sahib olmaq üçün Məlik Kutalmış baş qaldırır. Kutalmış bəy hələ atası Arslan Yabğunun sağlığında türkmənlər üzərində böyük təsir imkanlarına yiyələnmiş və iqtidara gələndən sonra onu dəstəkləyən köçəri soydaşlarının pozulmuş hüquqlarını bərpa edəcəyinə and içmişdi. Sultan Toğruldan narazı türkmən kütlələr onu taxta çıxarmaqla dövlətin əsl sahibi olacaqlarına inanırdılar. Odur ki, Məlik Kutalmış üsyanı həmin il yatırılsa da, iki il sonra, Sultan Alparslan dövründə yenidən alovlanmış, lakin nə əvvəl, nə də sonra qələbə qazanmamışdı.

Türkmənlərin dəstək verdikləri uzunmüddətli silahlı taxt mücadilələrindən biri də Məlik Kavurd üsyanıdır. Çağrı bəyin Kirman məliki olan oğlu Kavurd, qardaşı Alparslanın hakimiyyətini qəbul etmirdi və onu devirməyə qərarlı idi. 1064-cü ildə (bəzi mənbələrdə 1067-ci il göstərilir) başlayan bu üsyan Sultan Alparslanın səltənətinin sonuna qədər gah enən, gah da qalxan xətt üzrə davam etmiş, onun vəfatından sonra daha da qızışmışdı. Alparslan öləndən sonra Məlik Kavurd onun oğlu Məlikşahın da sultanlığını tanımadı və əmi ilə qardaşoğlu arasında qarşıdurma 1073-cü ildə tammiqyaslı müharibə həddinə çatdı. Tərəflərin qarşı-qarşıya gəldikləri Kərəz döyüşü Məlikşahın qələbəsi ilə nəticələndi.

Yeri gəlmişkən, yada salaq ki, Sultan Alparslan dövründə bəzi türkmən qrupları “kafir kıfşak”larla (İslam dinini qəbul etmədiklərinə görə qıpçaqlara kafir gözü ilə baxılırdı) birləşərək, Üstyurd və Manqışlağın əsas ticarət yolları üzərində nəzarəti ələ almışdılar və Səlcuqi karvanlarını qarət edirdilər. Sultan Alparslan 1065-ci ilin sonlarında bu istiqamətdə yürüş keçirmiş, soyğunçuları darmadağın edərək, yolları  nəzarət altına almışdı.     

Sultan Məlikşahın 1092-ci ildə 38 yaşında zəhərlənib öldürülməsindən sonra ölkədə başlanan çaxnaşmalarda da türkmənlər mühüm rol oynadılar. Buna misal kimi 1093-1095-ci illərdə baş vermiş Məlik Tutuş üsyanını göstərmək olar.

Məlikşahdan sonra bir-birinin ardınca hakimiyyətə gələn I Mahmud (1092-1094), Bərkyaruq (1094-1105), Müizəddin Məlikşah (1105), Məhəmməd Tapar (1105-1118) və b. arasında qızışan nüfuz və taxt qovğalarının Böyük Səlcuqi dövlətini təməlindən laxlatdığını, mərkəzdənqaçma meyllərini gücləndirdiyini, ölkəni bir neçə hissəyə parçaladığını bilirik. 1118-ci ildə taxta çıxan Əhməd Səncərin Səlcuqi ərazilərini yenidən birləşdirmək üçün göstərdiyi bütün cidd-cəhdlərə rəğmən, dövlətin Məlikşah dövründəki sərhədlərinin bir daha bərpa olunmadığına da, dağıdıcı proseslərdə türkmənlərin yaxından iştirak etdiyinə də şübhə yoxdur. Düşünürük ki, Azərbaycan torpaqlarının da daxil olduğu İraq Səlcuqiləri dövlətinin (bəzən “İraq və Xorasan Səlcuqiləri” deyilir) yaranması misalında (Ə.Nəcəfin xronikası əsasında) bu məsələyə qısa bir nəzər salmaq maraqsız olmaz.

İRAQ SƏLCUQİLƏRİNİN ANA DÖVLƏTDƏN AYRILMASI

Sultan Toğrul dövründə Azərbaycan və Aran hələ Böyük Səlcuqi dövlətinin vassallarından biri idi. 1054/1055-ci ildə onun Təbrizə səfəri zamanı Rəvvadi əmiri Əbu Mənsur Vəhsudan sultana itaətini bildirərək, onun adına xütbə oxutdurmağa, sikkə kəsdirməyə başladı, oğlunu girov kimi Səlcuqi sarayına təslim etdi. Şəddadi, Rəvvadi, Şirvanşahlar, Süləmilər, Cəfərilər və b. hakim sülalələrin başçıları da hakimiyyətlərini qorumaq üçün Sultan Toğrula itaət göstərdilər. Sultan, qardaşı oğlu Yaqutini Aran və Azərbaycan əmiri təyin edərək, vassal hakimlər üzərində nəzarəti ona tapşırdı. Oğuz-türkmənlərin daha sıx toplaşdıqları Gəncədə iqamət edən Əmir Yaquti əsasən, vergi məsələlərinin tənzimlənməsi ilə məşğul olurdu. Ondan sonra vəliəhdi İsmayıl İl-Arslan və nəvəsi Qütbəddin Məvdud (yaxud Alp Sunqur) da burada hökm sürdülər. Sultan Məlikşah dövründə isə Azərbaycan artıq Səlcuqi dövlətinin bir əyalətinə çevrilmişdi. 1088-ci ildə Gəncəyə səfəri zamanı Məlikşah Azərbaycanı taxt şahzadələrinin ölkəsi elan etdi. Bunun əsas səbəbi Azərbaycan və xüsusən də Aranda türkmən amilinin güclü olması idi (vəliəhdlərin təhlükəsizliyi burada daha etibarlı təmin edilirdi). Həmin ildən sonra Azərbaycan sancağının hakimliyi Sultan Məlikşahın oğlu Məhəmməd Tapara (sonra isə onun oğulları Toğrul və Məsuda) keçdi.

Məlikşah vəfat edəndə qardaşı, Şam məliki Tutuş taxtı dərhal ələ keçirsə də, mərhum sultanın arvadı Tərkən (bəzən bu ad “Türkan” fonetik variantında qeyd olunur) xatun bununla barışmayıb, kiçik oğlu Mahmudu sultan elan etdirməyə nail oldu. Tərəfdarlarıyla Reyə çəkilən Məlik Bərkyaruq da üçüncü qüvvə kimi mübarizəyə qoşuldu; orada öz adına xütbə oxutdu və Tərkən xatunun üzərinə göndərdiyi qoşunu Burucərddə darmadağın etdi. Tərkən xatunun sui-qəsd nəticəsində öldürülməsindən sonra taxta Bərkyaruq çıxdı. Məlik Tutuş isə türkmənlərin dəstəyini alaraq üsyana qalxsa da (bu hadisəni az əvvəl xatırlatdıq) 1095-ci ildə Rey yaxınlığındakı döyüşdə məğlubiyyətə uğrayıb həyatını itirdi. Bağdadda Sultan Bərkyaruqun adına xütbə oxundu. Düşünmək olardı ki, Məlik Tutuşun ölməsi ilə artıq Bərkyaruqun hakimiyyəti üçün təhlükə qalmayıb. Amma bu dəfə də ortaya Gəncə hakimi Məhəmməd Tapar (bəzi tədqiqatlarda Bərkyaruqun adı “Börküyarıq”, Taparın adı isə “Təpər” kimi verilir) çıxdı. O, “Gəncəviyyə türkmənləri”ni öz ətrafında birləşdirib, qardaşı- Xorasan hakimi Əhməd Səncər ilə sövdələşdi və Sultan Bərkyaruqa qarşı qiyama başladı. 1101-ci ildə Həmədan döyüşündə Bərkyaruqun üsyançılar üzərində qələbə çalmasına baxmayaraq, xəlifə əl-Müstəzhir xanədan mənsublarını barışdırmağa nail oldu. Razılaşmaya əsasən, Böyük Səlcuqilər dövləti faktiki olaraq 3 yerə parçalandı: Azərbaycan və Arran mərkəz olmaqla Qafqazdan Suriyaya qədər şimal-şərq vilayətlərində sultanlıq Məhəmməd Tapara verilir; paytaxtı Həmədan olmaqla Bağdad, Rey, Cibəl, Təbəristan, Fars, Xuzistan, Məkkə və Mədinənin idarəsi “Böyük Sultan” ünvanı ilə Bərkyaruqda qalır, Xorasan və şərq torpaqlarında isə Məlik Səncərin hakimiyyəti tanınırdı. Ə.Nəcəfin yazdığına görə, “Məhəmməd Taparla Sultan Bərkyaruq arasında Xoy ətrafında meydana gələn ikinci müharibədə zəfəri Bərkyaruq qazansa da, Azərbaycanın iqtası yenə Tapara verildi. Sultan Bərkyaruqun vəfat etdiyi 1104-cü ildə Azərbaycanda yalnız Taparın adına xütbə oxunurdu. Bu, Taparın əmrindəki Azərbaycan türklərinin mərkəzi hakimiyyəti tanımadıqlarını göstərməkdədir”.

Sultan Bərkyaruqdan sonra Məhəmməd Tapar Bağdad üzərinə səfərə çıxdı və 1105-ci ildə çətinlik çəkmədən sultan taxtına oturdu, Azərbaycan və Arranı isə iqta olaraq vəliəhd elan etdiyi oğlu Mahmuda verdi. 1118-ci ildə Tapar öləndə yerinə kiçik yaşlı Məlik Mahmud keçməli idi. Lakin Məlikşahın oğlu, Xorasan hakimi Əhməd Səncər onun sultanlığını qəbul etmədi və səltənətə iddiasını ortaya qoydu. 1119-cu ilin 14 avqustunda baş verən Savə döyüşündə qələbə çalaraq Böyük Səlcuqi taxtını ələ keçirən Səncər, onun hakimiyyətini tanıması şərti ilə Mahmudu himayəsinə aldı, Rey istisna olmaqla ölkənin qərb vilayətlərini ona verdi, özü isə paytaxtını Mərvə köçürdü. Beləliklə, ölkə şərq və qərb səlcuqiləri arasında bölündü, İraq Səlcuqi dövləti yarandı və Həmədan, İsfahan, Cibəl, Kirman, Fars, Xuzistan, İraq, Azərbaycan, Arran, Cəzirə, Diyari-Mudar, Diyari-Rabiə, Şam və Rum (Anadolu) məmləkətləri onun tərkibinə daxil edildi. İraq Səlcuqiləri dövlətinin ilk sultanı olan Mahmud Azərbaycan və Arranın hakimliyini qardaşı Məsuda tapşırdı. Lakin ətrafındakı əmirlərin təsiri altına düşən Məsud türkmənlərin gücü ilə Sultan Mahmuda qarşı bir neçə dəfə uğursuz qiyama cəhd göstərdi. Qardaşını incitmək istəməyən Mahmud Azərbaycan və Arran hakimliyi ilə birlikdə Mosul və əl-Cəzirənin idarəsini də ona həvalə etdi. Ə.Nəcəf bu prosesləri şərh edərkən yazır: “Məhəmməd Tapardan sonra Böyük Səlcuqi dövləti iki yerə bölünməklə qalmamış, bölünmüş ərazilərin daxilində də parçalanmalar başlamışdır. Sultan Məhəmmədə qədər Böyük Səlcuqi sultanlarına tabe olduqlarını inkar etməyən Anadolu, Suriya, Fələstindəki türk hakimləri, əmirləri, dövlətləri və bəylikləri də Sultan Mahmud dövründə müstəqil siyasət yeritməyə başlamış, oxutduqları xütbələrdə və zərb etdirdikləri sikkələrdə çox vaxt Səncərin və Mahmudun adını çəkməyə belə ehtiyac hiss etməmişdilər”.

Əhməd Səncər Böyük Səlcuqi tarixinin parlaq sultanlarından hesab olunsa da, məlumdur ki, dövlət, məhz onun səltənəti dövründə süquta uğramışdır. Tənəzzül və çöküş səbəblərinin üst-üstə düşməsi Səncər dönəmini təcavüz və xəyanətlər, qırğın və sui-qəsdlər, aclıq və səfalət dövrü kimi səciyyələndirməyə əsas verir. Bu siyahıda türkmənlərin dövlət əleyhinə fəaliyyətlərinin şiddətlənməsi xüsusi yer tutur. Səncər dövrünün türkmənlərini artıq dövlətdən incik düşmüş, küskün və narazı, etirazlarını məlik üsyanlarına qoşulmaqla ifadə edən qeyri-mütəşəkkil bir siyasi qüvvə saymaq sadəlövhlük olar. Xanədandaxili didişmələr, dərin siyasi və iqtisadi böhran onları son dərəcə radikallaşdırmış, sultana meydan oxuyan, onun qarşısında ağır şərtlər qoyan, arxalarında gizlənmək üçün asi məliklərə belə ehtiyac duymayan dövlət düşməninə çevirmişdir. Sultan Səncərin əsir götürülməsi əhvalatı da deyilənlərin dəlilidir.

SULTAN SƏNCƏR VƏ TÜRKMƏNLƏR

1553-cü ildə baş verən və çox vaxt üzərindən səthi keçilən bu əhvalat müxtəlif variantlarda nəql olunur. Bir variantda (Ə.Özaydın) hadisənin Bəlx valisi İmadəddin Kamaçın vergi toplamaq üçün göndərdiyi təhsildarın öldürülməsi ilə başladığı göstərilir. Kamaçın öldürülən məmur üçün diyət ödəmək tələbi oğuzlar tərəfindən rədd olunur. Az sonra onları cəzalandırmaq üçün səfərə çıxan Kamaç və oğlu Əbubəkr də qətlə yetilir. Bu hadisədən sonra Sultan Səncərin Bəlx üzərinə yürüşə çıxdığını eşidən türkmənlər əfv diləyib, öldürülənlər üçün diyət ödəməyə razılaşsalar da, Kamaçın nəvəsi Müəyyəd Ay-Aba onların qətiyyən əfv oluna bilməyəcəklərini söyləyir və Sultanı döyüşə girməyə təhrik edir. 1153-cü ilin aprelində baş verən döyüş Böyük Səlcuqi dövləti və şəxsən Sultan Səncər üçün fəlakətlə nəticələnir. Sultanın qoşunları məğlub edilir, özü isə əsir alınır. Səncəri Mərvə gətirən oğuzlar onu hökmdar kimi tanımağa davam etsələr də, buraxmır, 3 il (bəzi mənbələrə görə 2 il) əllərində saxlayırlar. 1156-cı ildə Müəyyəd Ay-Aba Sultan Səncəri azad edir.

F.Starın “İtirilmiş maarif” kitabında isə hadisə belə nəql edilir: “Əvvəlki nəsillərin yaşayış müddəti ərzində oğuz köçərilərinin böyük bir sayı Əfqanıstanda Bəlx ətrafında qərar tutmuşdu. Səncər onlarla sövdələşməyə nail ola bilmişdi. Bu sövdələşmə onlardan hər il 20 min qoyunun hökmdar mətbəxinə alınması hesabına başa gəlmişdi (E.Məmmədov həmin 20 min qoyunun təzminat kimi ödənilməli olduğunu bildirməklə məsələyə tam aydınlıq gətirir-N.M.) və onlara imkan vermişdi ki, birbaşa olaraq sultanın şəxsi idarəsi altında təbəəliyə keçsinlər. Sövdələşmə bağlandı və oğuzlar Səncəri bir neçə münaqişədə sədaqətlə dəstəklədilər. Ancaq bunun ardınca da Bəlxdə hər şeyə həddindən artıq müdaxilə edən yerli rəsmilər qərar çıxardılar ki, bu sövdələşmənin heç bir inzibati mənası yoxdur və özlərini oğuzlarla taxt-tac arasına sırımağa çalışdılar. Bu pozuntu köçəriləri özündən çıxardı və onlar Bəlxdə səlcuq güclərinin üstünə hücum etdilər. Hadisənin gedişi Səncəri yerdə qalan qoşun dəstələri ilə hərəkətə gətirdi. Oğuzlar bədbəxt sultanı ələ keçirib 3 il əsirlikdə saxladılar. Sultanın əsirlik müddətində onlar dəfələrlə Mərvi qarət etdilər. Nişapuru və digər əsas şəhərləri talanlara məruz qoydular. Nəhayət, Səncəri azadlığa buraxanda hökmdar artıq sınmış bir şəxs idi və 1157-ci ildə vəfat etdi. Bu zaman imperiya artıq parça-parça olmuşdu”. Burada maraq doğuran bir məsələni də əlavə edək ki, tanınmış orta əsr müəllifi Dövlətşah Səmərəndinin “Təzkirətüş-şüəra”sında söylədikləri (“Xarəzm vilayətlərinin çoxu, Mavəraünnəhr, iki İraq və bir çox şəhərlər o şuluqluqda xaraba qaldı... Sultan ğuzların əsirliyindən xilas olanda artıq qocalaraq düşkünləşmişdi”) Qərb tədqiqatçısı F.Starın fikirləri ilə, demək olar, birəbir uyğun gəlir.

•Sultan Səncər dövrünün türkmənlərini artıq dövlətdən incik düşmüş, küskün və narazı, etirazlarını məlik üsyanlarına qoşulmaqla ifadə edən qeyri-mütəşəkkil bir siyasi qüvvə saymaq sadəlövhlük olar. Xanədandaxili didişmələr, dərin siyasi və iqtisadi böhran onları son dərəcə radikallaşdırmış, sultana meydan oxuyan, onun qarşısında ağır şərtlər qoyan, arxalarında gizlənmək üçün asi məliklərə belə ehtiyac duymayan dövlət düşməninə çevirmişdir.

Təfərrüatı nə qədər müxtəlif olsa da, bu biabırçı hadisə dövlətlə onun yaradıcıları olan türkmənlər arasında körpülərin yandırıldığını, türk dövlətlərinin bel sütunu sayılan qədim dövlət-əşirət nizamının pozulduğunu, “kut” anlayışının aşındığını bariz şəkildə nümayiş etdirir. Ənənələr unudulmuş, köklər qırılmışdır. Amma mahiyyətinə varınca görmək çətin deyil ki, bütün bunlar heç də öz-özünə, yaxud qarşıduran tərəflərin günahı üzündən baş verən təsadüfi hallar olmayıb, tayfa dövlətlərinin anadangəlmə daxili ziddiyyətlərini əks etdirən ümumi, universal qanunauyğunluqların nəticəsi kimi meydana çıxır. Təkcə Böyük Səlcuqiləri deyil, həm də ümumtürk tarixinin Anadolu Səlcuqiləri, bəyliklər, Ağqoyunlu və Qaraqoyunlu, Osmanlı və Səfəvi dövrələrini xarakterizə edən və hər dəfə də öz doğruluğunu təsdiqləyən həmin dialektik-sosial qanunauyğunluq prof. Yəhya Başkanın “Türk tarixində oğuzlar və dövlət” məqaləsində ətraflı təsbit olunmuşdur.

DÖVLƏT-ƏŞİRƏT ANTOQONİZMİ: QANUNAUYĞUNLUQ VƏ İSTİSNALAR

Alim yazır: “IX əsrə qədər bütün sivilizasiyalar bir böyük köçdən sonra qurulmuş, bir böyük köçdən sonra da dağılmışdır. Bu səbəblə qədim sivilizasiyaların təməl dialektikası köçərilik və oturaqlıqla şərtlənmişdir. Başqa cür söyləsək, köçəri-oturaq əksliyi həm də sivilləşmənin dialektik əsasını təşkil etmişdir. Tarix boyunca əşirət və qəbilələr dövlətlərin alternativi (“anti-tezi”) olmuşdur. Əşirət və ya boylar köçəri həyat və quruluş tərzinə sahib idilər. Burada insanlar bir-birinə qan qohumluğu ilə bağlandıqları üçün dövlət, köçəriləri təhdid mənbəyi kimi görmüşdür. Bu səbəbdən də qədim dövlətlər daxili siyasətdə qarşılarına yurd axtaran əşirətlərin məskunlaşdırılması, oturaqlaşdırılması, vergiyə cəlb olunması və sosiallaşması kimi vəzifələr qoymuşdur. Köçərilik, dövlətin təbiətinə ziddir. Dövlətlər daha geniş bir sosial tərkibin (millət) ortaq maraqlar ətrafında təşkilatlanmasını ifadə edir. Tarixi bir qrafik şəklində təsvir etsək, görə bilərik ki, həmin təsvirdə qan bağına əsaslanan birliklərdən (əşirət, tayfa) ortaq mənafe və dəyərlər ətrafında təşkilatlanan millət, dövlət və imperiyalara doğru dəyişikliklər əks olunur. Sivilizasiyanın dialektikası xaricdə rəqib güclər, daxildə isə əşirətlərlə ziddiyyət və mübarizələri ehtiva edir. Dövlətin, dinin, iqtisadi strukturun, mədəniyyətin möhtəviyyatı, sivilizasiyanın ömrü də elə bu dialektika ilə təyin olunur. Boy və dövlətlərin qarşılıqlı mübadiləyə əsaslanan birgəyaşayışı bir müddət davam edir, sonra isə labüd bir  böhranla nəticələnir. Dövlətin mübadilə üzərində nəzarəti monopoliyaya götürmək və köçəriləri özündən asılı vəziyyətə salmaq istəməsi, qarşı tərəfin isə buna yağma və talanlar yolu ilə müqavimət göstərməsi böhranı dərinləşdirir, köçərilər öz tələblərini təmin etmək üçün silaha əl atırlar. Yaranmış dialektik əkslikləri çözə bilən sivilizasiyalar sağlam və uzunömürlü olur, bunu bacarmayanlar isə tez bir zamanda aradan çıxır. Türk dövlətləri də bu cəhətdən istisna deyil: kağan, xan və ya hökmdarlar gücləri çatdıqca köçəri boyları hakimiyyət altına almış, ülüş, bölüşmə adlanan, qənimətdən pay vermək kimi səciyyələndirə biləcəyimiz üsulla onları öz tərəflərinə çəkmişlər. Erkən dövrdə dövlət təşkilatı məhz bu qaydaya əsaslanmış, boylarla münasibətlər bu yolla tənzimlənmiş, mülkün dayanıqlığı bu cür təmin edilmişdir. Başqa sözlə, xaqanlar siyasi status-kvonu qorumaq üçün döyüşlərdə qazanılan  qəniməti müttəfiq bəylərlə paylaşmalı olmuşlar. İqtidara yaxın və uzaq çevrələr və boy bəyləri də mövqelərini paylarına düşən qənimətə uyğun müəyyənləşdirmiş, boylarını bu nisbətdə səfərbər etmişlər. Lakin dövlətin hərbi gücü zəiflədikcə onlar iqtidar sahiblərindən istədikləri payı ala bilməmiş və çıxış yolunu yeni iqbal arxasınca düşməkdə görmüşlər. Bu üzdən də türk tarixində- Osmanlılar xaric- dövlətlər uzunömürlü olmamışdır.”

•“Köçərilik, dövlətin təbiətinə ziddir. Dövlətlər daha geniş bir sosial tərkibin (millət) ortaq maraqlar ətrafında təşkilatlanmasını ifadə edir. Tarixi bir qrafik şəklində təsvir etsək, görə bilərik ki, bu qrafikdə qan bağına əsaslanan birliklərdən (əşirət, tayfa) ortaq mənafe və dəyərlər ətrafında təşkilatlanan millət, dövlət və imperiyalara doğru dəyişikliklər əks olunur. Sivilizasiyanın dialektikası xaricdə rəqib güclər, daxildə isə əşirətlərlə ziddiyyət və mübarizələri ehtiva edir. Dövlətin, dinin, iqtisadi strukturun, mədəniyyətin möhtəviyyatı, sivilizasiyanın ömrü də elə bu dialektika ilə təyin olunur”. (Yəhya Başkan)

Gördüyümüz kimi, Y.Başkan “dövlət-əşirət” ziddiyyətlərindən bəhs edərkən bu münasibətlərin mərhələvi xarakterini xüsusi vurğulayır. Yuxarıda deyilənlər həmin xüsusiyyətin “türkmən məsələsi”nin inkişafında da gözlənildiyini əks etdirir. Məlik üsyanları və Sultan Səncər dönəmi haqqında məlumatlar ziddiyyətlərin sonrakı mərhələləri barədə, düşünürük, yetərli təsəvvür yaradır. Əvvəlki mərhələdə isə Böyük Səlcuqi dövlətinin müharibə və fəth planlarında türkmənlərə əsas icraçılar kimi yer ayrıldığı şübhəsizdir. Sultan Toğrul və varisləri- Alparslan, Məlikşah narazı türkmənlərlə,- dövlət üçün nə qədər “sıxıntı” yaratsalar belə!- ümumilikdə yumşaq və anlayışlı davranmış, ziddiyyətlərin qarşıdurma həddinə çatmasına yol verməməyə səy göstərmişlər. Soydaşlarının köçəri həyat tərzinə dərindən bağlılığı ilə onları dövlət həyatına inteqrə etdirmək istəkləri arasında tərəddüd keçirən sultanlar növbəti mərhələdə bu dilemmadan çıxış yolunu türkmən elatlarını mərkəzdən uzaqlaşdırıb Anadoluya, Suriyaya, ucqarlara yönəltməkdə görmüşlər. Nişapurinin yazdığına görə, Sultan Alparslana qarşı asiliyi ilə bir çox türkmən qrupları arasında böyük nüfuz qazanmış Məlik Kutalmışın oğulları Süleymanşah və Mansurun Anadolu üzərinə qəza axınlarına izn verməzdən əvvəl Sultan Məlikşah vəziri Nizamülmülk və digər müşavirləri ilə məsləhətləşmələr aparmış, necə deyərlər, “yüz ölçüb bir biçmişdir”. Belə məşvərətlərin birində  Nizamülmülkün Sultana dedikləri xüsusilə xarakterikdir: “/Kutalmış oğulları/ Əgər Bizansa qələbə çalarlarsa, Səlcuqi torpaqlarını genişləndirərlər. Əgər məğlub olarlarsa, dövlətin ayağından bir tikan da çıxmış olar”. Yəni, Nizamülmülk və dolayısı ilə Məlikşah Anadolunun fəthini istəsələr belə, rəqib məliklərin sıradan çıxarılması variantını da istisna etməmiş, hər iki halda “türkmən məsələsi”nin həllini düşünmüşlər. Anadolu uğrunda mübarizə hakim dini baxış olan “qəza” (din düşmənləri ilə müharibə) mahiyyəti daşıyırdı. Xristian Bizansın hakimiyyəti altında olan Anadolunun fəthi türkmənlər arasında məhz bu düşüncə ilə şərtlənirdi. Onlar bu yolla həm müsəlman torpaqlarını (“darül-İslam”ı) genişləndirmək savabı, həm də “kafir torpaqlarında” (“darül-hərb”də) özlərinə yurd tutmaq imkanı qazanacaqdılar. Səlcuqi dövləti isə qəza zərurətini əsaslandırarkən Anadolunun fəthini həm də strateji məqsədlərinin gerçəkləşməsi və geniş türkmən kütlələri ilə ziddiyyətlərin yumşaldılması üçün güclü motivasiya imkanı və əlavə legitimlik mənbəyi kimi görürdü. Beləliklə, öz miqyas və əhəmiyyətinə görə dünya tarixində kəskin dönüş yaratmış bu epoxal hadisə- Anadolunun fəthi Səlcuqi dövləti və türkmən tayfaları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəldilsə belə, mahiyyət etibarilə onların türklük və İslam dünyası qarşısında ən böyük xidməti kimi qiymətləndirilməlidir.

ANADOLU UĞRUNDA MÜBARİZƏ

Yayla iqlimi və bol otlaqları ilə türkmənlərə son dərəcə əlverişli bir həyat vəd edən Anadolu torpaqlarının yurd tutulması Səlcuq ailəsi başçılarını çoxdan, hələ uzaq bozqırdan qərbə doğru hərəkətə başladıqları ilk vaxtlardan düşündürürdü. Dövlət qurulduqdan sonra Sultan Toğrulun buyruğu ilə Bizans sərhədlərində toplanan geniş türkmən kütlələrinin bu bərəkətli bölgəyə sahib olmaq istəməsi də tamamilə təbii idi. Həm “yuxarı”lar, həm “aşağılar” bu istəyi gerçəkləşdirmək üçün hazırlıq görür, məqam gözləyirdilər. Bir vaxtlar dünyanın ehtişamlı imperiyalarından olmuş Bizansın XI əsrin əvvəllərindən etibarən gücdən düşməsi bu hərbi-strateji məqsədlərinə çatmaq üçün geniş imkanlar açırdı. 1018-ci ildə (bəzi qaynaqlara görə, hətta 1015-1021-ci illərdə) Çağrı bəy əmrindəki 3 min nəfərlik süvari dəstəsi ilə ilk dəfə Anadolunun şərq hüdudlarına daxil olmuş, buradakı qalalara və Azərbaycana axınlar etmiş, Buxara yaxınlarına- qardaşı Toğrul bəyin yanına qayıdanda demişdi ki, “O ölkədə bizim qarşımıza çıxa biləcək bir qüvvə yoxdur”. Kəşfiyyat xarakterli bu səfərdən sonra Arslan Yabğuya bağlı oğuz dəstələrinin də Qəznəvi sultanları Mahmud və Məsudun təqiblərindən qaçaraq bir neçə dəfə Anadoluya girdikləri, 1028-ci ildə isə Azərbaycandan Ani krallığına yürüş edərək böyük qənimət götürdükləri deyilir. Maraqlıdır ki, onlardan sonra Bizans torpaqlarına axın etmiş Məlik Kutalmış və məşhur türkmən bəylərindən Bəkçioğlu Afşinin gətirdikləri məlumatlar da Çağrı bəyin fikrini təsdiqləyir, vəziyyətin dəyişmədiyini göstərirdi. Bir çox mənbələrdə bizanslıların hətta “qadınlaşıb döyüş qabiliyyətini itirdikləri”nə dair şəhadətlər yer alır.

1040-ci illlərdə İbrahim Yınal və Arslan Yabğu oğlu Kutalmış bəy Sultan Toğrulun əmri ilə Pasin və Həsənqalanı ələ keçirib Səlcuqi mülkünə qatdılar. 1054-cü ildə Toğrul bəy özü də ordusu ilə Şərqi Anadoluya gələrək Muradiyyə və Ərcisi fəth etdi. Bayburtu alan türkmən qoşunları Sultan geri qayıtdıqdan sonra axınlarını davam etdirib Trabzona qədər yayıldılar. Toğrul bəyin səltənəti dövründə Azərbaycan və Arranda Bizansa tabe olan xristian hakimlərinin məğlub edilməsi düşmənin gözünü qorxutmuş, orta və şimali Anadoluya axınların gücləndirilməsi üçün zəmin yaratmışdı. Gümüştigin, Afşin, Əhmədşah, Salari-Xorasan kimi bəylərinin əmrində hərəkət edən türkmən birlikləri Azərbaycandan və Səlcuqi hakimiyyətindən asılı olan kiçik ərəb əmirliklərindən keçərək Anadoluya axınlarına ara vermirdilər. İlk baxışdan nizamsız görünsə də, onlar irəlicədən məqsədyönlü şəkildə hazırlanmış plan üzrə hərəkət edirdilər. Artıq əsas məqsəd qarət və qənimətçilik deyildi; qarşıya düşmənin qala qoşunlarını, təchizat və ərzaq anbarlarını sıradan çıxarmaq, müqavimətini qırmaq, əhalini yormaq, bezdirmək və daxildə narazılıq yaratmaq kimi vəzifələr qoyulurdu.

Sultan Toğrul dövründə Anadolunun fəthi türkmənlər arasında bir dini vəzifə (“qəza”) kimi geniş kütləvilik qazanmışdı. Əli ibn Məhəmməd ibnül-Əsirin “Əl-kamil fi əl-tarix” əsərində nəql olunduğuna görə, 1047-ci ildə Məlik İbrahim Yınal Həmədanı ələ keçirdikdən sonra yurd tutmaq üçün yanına gələn türkmən bəylərinə belə demişdi: “Bu məmləkət sizin məskunlaşacağınız qədər geniş deyil. Bu səbəblə doğrusu budur ki, Rum (Anadolu) qəzasına gediniz, Allah yolunda cihad ediniz və qənimət alınız. Mən də arxanızca gəlib sizə yardım edəcəyəm”. Az sonra Yınal, həqiqətən də Anadoluya girərək, məşhur Həsənqala döyüşündə bizanslılara qələbə çalmış və türkmənlərin Trabzona qədər irəliləmələri üçün yol açmışdı.

•Yayla iqlimi və bol otlaqları ilə türkmənlərə son dərəcə əlverişli bir həyat vəd edən Anadolu torpaqlarının yurd tutulması Səlcuq ailəsi başçılarını çoxdan, hələ uzaq bozqırdan qərbə doğru hərəkətə başladıqları ilk vaxtlardan düşündürürdü. Dövlət qurulduqdan sonra Sultan Toğrulun buyruğu ilə Bizans sərhədlərində toplanan geniş türkmən kütlələrinin bu bərəkətli bölgəyə sahib olmaq istəməsi də tamamilə təbii idi.

Sultan Alparslan hakimiyyətə gələn kimi Bizansa axınların yeni dalğası başladı. O, türkmənlərin Anadoluya köç etmələrinə icazə verdikdən (fəthləri sanksiyalaşdırdıqdan) sonra Azərbaycan sərhədlərində mövqe tutan türkmən qüvvələri bir neçə qoldan Ərzurum, Ahlat, Muş civarlarına hücuma keçərək, Malatya və Şərqi Qarahisarı (Kolania) aldılar. Sivas zəbt olundu və imperator Konstantin Dukasın göndərdiyi ordu məğlub edildi. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycan, türkmən axınçıları üçün etibarlı qərargah, arxa cəbhə, hazırlıq mərkəzi və sığınacaq rolunu öynayırdı. Dinar, Kapar, Cəmcəm, Tuğtəkin (Tuğtigin) kimi başbuğların idarəsi ilə hərəkət edən türkmən qoşunları yayda döyüşür, qışda Azərbaycana qayıdırdılar. Əl-Hüseyni, Alparslanın Azərbaycana səfərindən (1064) bəhs edərkən onun burada türkmən bəyi Tuğtəkindən Anadoludakı vəziyyət haqqında məlumat aldığını, sonra isə onunla birlikdə Bizans yürüşünə çıxdığını yazır. Səfər zamanı sərhədyanı bölgələrdə bir neçə qalanı tutan Sultan Alparslan Bizansın strateji mərkəzlərindən sayılan Ani qalasını mühasirəyə alır. Mancanaqlardan atılan atəşlə qalanın bir divarı uçurulur və martın 16-da (bəzi mənbələrə görə, avqustun 16-da) baş verən şiddətli döyüşdə şəhər fəth olunur. Aninin alınması ilə axınçıların Anadolunun içərilərinə yolu açılır. Civardakı qalalarda və əkin sahələrində məskunlaşan türkmənlər 1067-ci ildə artıq Qızılirmaq vadisi boyunca Qayseriyə qədər irəliləyərək, bu şəhəri də ələ keçirirlər.

Sultan və məliklərin dəstəyi, onların iştirakı ilə keçirilən səfərlər türkmən bəylərinin döyüş ruhunu yüksəldir, onlara əlavə stimul verirdi. Amma Bizans hələ də Səlcuqilərin Anadolu siyasəti qarşısında başlıca əngəl olaraq qalırdı. Malazgirt döyüşünə qədər, əsasən, vur-qaç taktikası ilə hərəkət edən türkmənlər Anadolunun dörd bir tərəfinə yürüşlər keçirir, düşməni zəiflədib gücdən salmaq üsuluna üstünlük verirdilər. Bizans amilini daim nəzərə almaq məcburiyyətində qaldıqları üçün onlar Azərbaycan və Ahlat kimi axın mərkəzlərini qarşı tərəfin hücumlarından qorumaq məqsədi ilə yerlərini tez-tez dəyişdirməli olurdular. Yəni, bu dövrdə yurd tutmaq və bu yurdlarda möhkəmlənmək hələ mümkün deyildi. Türklərin Anadoluya hakim olmaq strategiyası ilə barışmaq istəməyən İmperator IV Diogen muzdlu döyüşçülərdən ibarət böyük bir ordu toplayaraq, 1068-ci ildə hücuma başlamış, Maraşa qədər irəliləmiş, Koçhisar şəhərini geri almış, lakin türkmən süvariləri ilə meydan müharibəsinə girmək və onları sıradan çıxarmaq məqsədinə çata bilməmişdi. Türkmən atlıları Anadolu daxilində şəhərdən şəhərə keçməklə düşməni parçalamaq və yormaq, onu gözləmədiyi anda vurmaq taktikasına keçmişdilər. Onlar qədim türk döyüş ənənələrindən məharətlə yararlanaraq 1069-cu il kampaniyasında Afşin, Atsız, Çavlı, Arslantaş, Məhməd Dilmacoğlu, Sanduk kimi qoşun başçılarının komandanlığı və Səlcuqi məliklərinin də iştirakı ilə Roman Diogenin ordusuna böyük itkilər vermiş, aldadıcı manevrləri ilə düşməni taqətdən salmışdılar. Bizans qoşunu Qayseri üzərindən Malatya və Harputa qədər böyük bir yol qət etsə də, demək olar, əhəmiyyətli qələbə qazana bilməmişdi. Türk birlikləri isə Firatın şərqinə çəkilərək, say üstünlüyü aydın olan düşmənlə açıq döyüşə girmədən əlverişli məqamı gözləyərək Orta Anadolunun mərkəzi sayılan Konyanı və şəhər ətrafındakı qəsəbələri ələ keçirmişdilər. Ertəsi il Sultan Alparslan yenidən Anadolu səfərinə çıxmış, Malazgirt və Ərcis qalalarını alaraq, Diyarbəkirə çatmış, Urfanı mühasirəyə almışdı.

Malazgird döyüşü və Səlcuqi ordusunun möhtəşəm qələbəsi barədə yuxarıda ətraflı bəhs açdıq. Roman Diogenlə imzalanmış anlaşmanın ləğv olunması xəbəri Sultan Alparslana çatanda o, Qaraxanilər üzərinə Şərq səfərinə çıxmaq üzrə idi. Bizans tərəfinin hərəkətindən qəzəblənən Sultan, müqavilə şərtlərinin silah gücünə olsa da, yerinə yetirilməsinə qərar verdi. Bununla bağlı Kutalmışoğullarına və türkmən bəylərinə əmrində o demişdi: “Bundan belə aslan yavruları olun- yer üzündə gecə-gündüz qartal kimi uçun və rumlara mərhəmət göstərməyin”. Alparslan, Zahirəddin Nişapurinin “Səlcuqnamə” əsərindən də aydın göründüyü  kimi, türkmən bəylərini hər vəsilə ilə Anadolunun fəthinə həvəsləndirir, onlara geniş səlahiyyətlər verir, imtiyazlar vəd edirdi: “Rum vilayətinə gedin. Aldığınız mülk və torpaqlara kimsə müdaxilə etməyəcək. Kim hansı şəhəri və mülkü alarsa, onun oğullarının, ailəsinin və nəslinin olsun”.

Alp İlig, Artuk, Saltuk, Dolat bəylər Sultanın səsinə səs verərək, geniş çaplı hərəkata başladılar. Fütuhat prosesi daha da intensivləşdi. Müqavimət gücü qalmayan Bizansın qala və qarnizonları bir-birinin ardınca təslim olurdu. 1074-cü ildə Artuk bəy Sapança adlanan yerdə rəqibə sarsıdıcı zərbə endirdi, Sivas, Ərzurum və Çorum bölgələrini zəbt etdi. Məngücük bəy Şərqi Qarahisar və Ərzincanı, Əbülqasim bəy Çoruh bölgəsini ələ keçirdi. Artuk bəydən sonra Danişmənd Qazi Amasya və civarını tutaraq, Qara dənizə qədər irəlilədi. Sərkərdələrdən Gümüştigin Nizib, Amid və Urfada yunan ordularına qələbə çaldı. Bizans üzərində ən parlaq qələbə isə Nikeanın (İznikin) alınması oldu. 1074-1077-ci illər arasında Tokat, Yaşılirmaq və Kəlkit hövzələri türk yurduna çevrildi, yüz mindən artıq türkmən İzmitdən (Nikomediadan) Üsküdara qədər uzanan torpaqlara yerləşdi. Əvvəlki axınlar zamanı türkmənlər qənimət götürüb daimi dislokasiya yerlərinə- Azərbaycana, Hələbə və ya Ahlata qayıdırdılarsa, Malazgirddən sonrakı dövrdə onlar artıq tutduqları ərazilərdə yurd salırdılar. 1087-1088-ci illərdə Efes şəhəri və Egey dənizi sahilləri Tanrıvermiş bəyin, İzmir və civarındakı adaların əksər hissəsi isə Çakan bəyin hakimiyyəti altına düşdü. Beləliklə, Malazgirddə Bizansın sonuncu güclü ordusunun əzilməsi, müdafiə qabiliyyətinin iflic edilməsi ilə Anadolunun müqəddəratı biryolluq təyin olundu.

•Əvvəlki axınlar zamanı türkmənlər qənimət götürdükdən sonra daimi dislokasiya yerlərinə- Azərbaycana, Hələbə və ya Ahlata qayıdırdılarsa, Malazgirddən sonrakı dövrdə onlar artıq tutduqları ərazilərdə yurd salırdılar.

ANADOLU SƏLCUQİLƏRİNİN SULTANI SÜLEYMANŞAH

Fəth hərəkatında və Anadolu Səlcuqilər dövlətinin yaranmasında Kutalmışoğlu Süleymanşahın rolu xüsusi qeyd edilməlidir. Məlik Kutalmış və oğulları köçəri türkmənlər üzərində daim böyük təsirə malik olmuşlar. Onların hərbi gücünün əsas qaynağı da elə türkmən tayfaları tərəfindən dəstəklənmələri idi. Haqqı Dursun Yılmazın yazdığına görə, türk tarixşünaslığında Kutalmışoğlu Süleymanşahın Anadoluya gəlməsi ilə bağlı iki müxtəlif görüş irəli sürülür. Birinci fikrə əsasən, Kutalmış bəy Sultan Alparslana qarşı üsyan edib qətlə yetirildikdən sonra onun ailəsi Bizans hüdudlarına sürgün olunmuş, 1074-cü ildə Süleymanşah və qardaşı Mansur ətraflarına böyük bir türkmən qrupu toplayaraq Cənubi Anadoluda fəth hərəkatına başlamış, sonra da mübarizəni Orta Anadoluya keçirmişlər. İkinci fikir isə bundan ibarətdir ki, Məlik Kutalmışın oğulları Sultan Məlikşahın taxta çıxdığı vaxtlarda ona müxalif mövqe tutmuş, lakin Xəlifə onları barışdırmışdır. Yeni Sultan isə Süleymanşah və qardaşlarını Anadolu fəthinə göndərmiş və onlara tutacaqları torpaqlarda hökm sürəcəklərinə dair zəmanət vermişdir. Haqqı Dursun bəyin fikrincə, “bu iki görüşün hansının gerçəkliyi əks etdirdiyi barədə hələ də qəti bir qənaət hasil olmayıb”. Bizə görə, hər iki mülahizənin “səmərəli toxum”larına və müşahidələrə əsaslanaraq düşünmək olar ki, Sultan Alparslan dövründə Bizansa sürülmüş Kutalmışoğulları Məlikşah dönəmində Anadolunun Fərat çayı hövzəsi və Urfa bölgəsində uğurlu hərbi əməliyyatlar aparmış, (onunla barışdıqdan) sonra isə Orta Anadoluya keçərək fəth hərəkatını burada davam etdirmişlər. 1073-cü ildə Sultan Məlikşahın Süleymanşahı “Sultani-Rum” təyin edərək onun qarşısında fütuhatı genişləndirmək və sona çatdırmaq vəzifəsi qoyması, ələ keçiriləcək torpaqlar üzərində onun və qardaşlarının hakimiyyətini tanıyacağını bildirməsi Bizans mənbələrində də əksini tapıb. Buna isə Malazgirt döyüşündən sonra Orta Asiyadan və yaxın bölgələrdən böyük köçlər şəklində Anadoluya axışan türkmənlərin Kutalmışoğullarının himayəsinə girmələrindən daha məntiqli bir səbəb göstərmək olmaz.  

Böyük Səlcuqi hökmdarından “mənşur aldıqdan” sonra Süleymanşahın  buraya ondan əvvəl gəlmiş bəylərlə birləşərək, yeni bir Səlcuqi dövlətinin formalaşdırılmasına başladığı sənədlərlə təsbit edilir. İşğal olunmuş ərazilərin idarəçiliyini ələ alan  Kutalmışoğullarının əsas vəzifəsi bölgəyə köç edən türkmən boylarını Böyük Səlcuqi dövləti adından yerləşdirmək və Bizans üzərində yeni qələbələr qazanmaq idi. İmperator VII Mixailin ölkənin müdafiəsini gücləndirmək məqsədi ilə gördüyü tədbirlərə, o cümlədən, “Ölməzlər” (“İmmortel”) adlı yeni bir hərbi birlik təsis etməsinə baxmayaraq Bizans imperiyası o illərdə öz tarixinin heç də parlaq dövrünü yaşamırdı. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən qoşun başçıları (Rumeli və Anadoluda ordularının komandanları) öz aralarında taxt-tac uğrunda mübarizə aparır və hər biri də Süleymanşahdan hərbi yardım almaq istəyirdi. Nüfuzlu Bizans ailələrinin hakimiyyət ambisiyalarından məharətlə yararlanan Süleymanşah siyasi oyunları ilə onlar arasında düşmənçiliyi körükləyır və get-gedə qızışan taxt qovğalarından faydalanırdı. O, 1077-ci ildə Orta Anadolunun əsas şəhərlərindən olan Konyanı ələ keçirərək imperiya daxilində gedən proseslərə daha yaxından müdaxilə etmək imkanı qazanır və bir il sonra Nikifor Botaniatesin (III Nikifor) Konstantinopol taxtına sahib olmasında mühüm rol oynayır.  Siyasi təsir gücünü artıran və mövqeyini yaxşılaşdıran Süleymanşah manevrlərini bundan sonra da davam etdirir.

Nikifor Botaniatesin hakimiyyətə gəlişi Anadoluda yeni üsyanlara səbəb olmuşdu. Etirazlardan istifadə edən general Nikifor Melissenos daha çevik davranmış, təşəbbüsü ələ alaraq, üsyanların başına keçmişdi. O, Malazgird döyüşündən sonra qaçqın düşmüş yunanlardan bir ordu da toplamışdı. Lakin bu ordu kiçik idi və Melissenos məqsədinə çatmaq üçün yardım xahişi ilə Süleymanşaha müraciət etdi. Bu zaman Egey sahilləri ilə irəliləyən Süleymanşah onun da təklifindən boyun qaçırmadı və türkmən dəstələri Melissenosla birlikdə hərəkət etməyə başladılar. Taxt iddiaçısı şəhər və qalaları gəzib təbliğat aparır, türkmənlər isə onun adından həmin məntəqələri ələ keçirirdilər. Melissenos 1078-ci ildə “müşayiətçiləri” ilə birlikdə əvvəlcə Kuznuka, sonra isə İznikə girdi və özünü imperator elan etdi. Qərargahını Əskişəhərdə quran Süleymanşah buradan baş verənləri diqqətlə izləyirdi. İmperator III Nikifor İznikin mühasirəyə alınması əmrini  verəndə Bizans qoşunları iki tərəfdən- şəhərin içərisindəki və Əskişəhərdəki türkmən qoşunları tərəfindən üzük qaşı kimi dövrəyə alındı və asanlıqla darmadağın edildi. Konstantinopoldan Qüdsə gedən yolun üzərində yerləşən İznik olduqca əlverişli coğrafi mövqeyə malik idi. Buradan eyni vaxtda həm Anadoluya, həm də Suriyaya nəzarət etmək olurdu. Elə buna görə də Süleymanşah “öz sultanlığının mərkəzini” İznikə köçürdü və 1080-ci ildə şəhəri geri almaq üçün hücuma keçən Bizans qoşunlarını yaxınlaşmağa qoymadı. Bu zaman hələ Nikifor Mellissenos da İznikdə oturur və guya Anadolunun bir hissəsini “öz hakimiyyətində saxlayırdı”. Bir il sonra Süleymanşah həmin əraziləri də tutaraq, onun bu formal hakimiyyətinə son qoydu. Tezliklə İzmiti də aldı və Mərmərə dənizinin cənubuna qədər irəlilədi.

Qazi Süleymanşahın uğurları Sultan Məlikşah tərəfindən yüksək qiymətləndirilmiş, Abbasi xəlifəsi Qaim bi-Əmrullah isə ona sancaq və xələt göndərmiş və “Nasirüddövlə Əbül-fəvaris”, “Rüknəddin” kimi fəxri ünvanlar vermişdir. Qısa müddətdə Bursa ətrafını və Qocaeli yarımadasını ələ keçirən Süleymanşah Üsküdar və Kadıköyə doğru irəliləmiş, türkmənlərin boğazlara qədər yerləşmələri üçün 1078-ci ildə Bizans taxtına çıxmasına yardım etdiyi III Nikiforosun razılığını almağa nail olmuş, hətta gömrük dairələri yaradaraq Çanaqqala boğazından keçən gəmilərdən vergi almağa başlamış və beləcə, Səlcuqilərlə Bizans arasında sərhəd xətti az qala İstanbul boğazına qədər uzanmışdı. Bizansda siyasi böhranın dərinləşməsindən  istifadə edərək hakimiyyətini Mərmərə, Egey, Ağ dəniz və Qara dəniz sahillərinə qədər genişləndirməyi bacaran Süleymanşah 1077-ci ildə paytaxtı İznik olmaqla müstəqil Anadolu Səlcuqi dövlətinin yarandığını elan etmişdi.

1081-ci ildə Bizans taxtının yeni sahibi Aleksios Komnenosun səyləri ilə vəziyyət nisbətən onun lehinə dəyişməyə, türk birlikləri sıxışdırılmağa başlayırdı. Süleymanşah bu dəfə də siyasi məharətini işə salaraq, Bizansın revanş ehtimallarını heçə endirmək, eyni zamanda yaranmış gərginliyi yumşaltmaq üçün Aleksiosla anlaşma əldə etdi. İmzalanan müahidəyə əsasən, İzmit-İstanbul xətti üzərində yerləşən Drakon çayı (“Draqos suyu” və ya Draqos dərəsi) iki dövlət arasında sərhəd qəbul edildi. Qoşunlarını boğazlardan geri çəkilməli olsa belə, dövlətinin qərb sərhədlərinin təhlükəsizliyinə təminat alan Süleymanşah bununla felən, demək olar, bütün Anadoluya hakim olduğunu Bizansa qəbul etdirdi. O, Şərqi Anadoluda hərəkət azadlığı qazanır, eyni zamanda Bizans imperiyası Süleymanşaha illik xərac ödəmək öhdəliyi götürürdü. 

1082-ci ildə sultan ünvanı alan Süleymanşah Anadolu Səlcuqi dövlətinin şərq sərhədlərini genişləndirmək məqsədi ilə Çukurova (Kilikiya) səfərinə çıxdı. İki il sürən bu səfəri zamanı o, cənub-şərqdə yerləşən Tarsus, Adana, Aynizerba, Misis qalalarını ələ keçirdi, Malatyanı vergiyə bağladı, bütün Kilikiyanı Səlcuqi hakimiyyətinə tabe etdi. Erməni Filaretin zülmündən cana doyan Antakya (Antioxiya) əhalisi şəhəri Süleymanşaha təslim etmək üçün ona dəvət göndərdi. Sultan, Antakya üzərinə yola çıxmazdan əvvəl yaxın qohumu Əbül-Qasımı vəkil təyin etdi və paytaxt İzmirin idarəçiliyini ona tapşırdı. Kapadokya və Anadolu bölgələrinə valilər təyin etdikdən sonra oğulları Qılınc Arslan və Davudun əmrindəki 300 atlı ilə birlikdə Antakya yürüşünə başlayan Süleymanşah şəhəri asanlıqla ələ keçirdi. Cənub-qərbdən dağlar, şimal-qərbdən çay və bataqlıqlar, qərbdən dənizlə əhatə olunan, möhkəm qala divarları Bizans imperatoru Yustinianın dövründə (527-565) tikilmiş Antakya vaxtilə Bizansın, sonra ərəblərin hakimiyyəti altında olmuş, sonra yenidən Bizansın asılılığına düşmüşdü. 969 il xristian işğalında qalmış bu şəhərin yenidən müsəlman torpaqlarına qatılması İslam dünyası üçün xüsusi əhəmiyyət kəsb edirdi.

Antakyadan sonra Urfanı da təslim alan Sultan Süleymanşah bu şəhərlərin əvvəlki əmiri Filaretin müsəlmanlığı qəbul etməsi münasibəti ilə mərasim keçirdi və Maraşın hakimliyini ona tapşırdı. Yaxınlıqdakı Harput şəhəri civar ərazilərlə birlikdə Çubuk bəy tərəfindən zəbt olundu. Çankırını tutan Qarategin bəy sahil boyunca irəliləyərək Sinopu mühasirə və işğal etdi. 1084-1085-ci illərdə bir-birinin ardınca Bağraş, Süveydiyyə (Samandağı), İskəndərun, Derbesak, Artah, Telbaşir, Qaziantep kimi şəhər və qalalar da alındı. 1085-ci ildə Filaret vəfat etdi və Maraş da səlcuqilərin hakimiyyəti altına düşdü.  Sultan Süleymanşahla eyni vaxtda səfərə çıxan türkmən əmirlərindən Gümüştəkin Əhməd (tarixdə “Danişmənd Qazi” adı ilə məşhur olan bu sərkərdənin Süleymanşahın dayısı olduğu bildirilir), Buldaçı, Çavuldur, Tanrıbermiş və başqaları da düşmən üzərində parlaq qələbələr çalaraq Yuxarı Ceyhan, Sivas, Tokat, Amasya, Elbistan, Bayburt, Efes bölgəsi, Göksun, Raban kimi şəhər və qalaları fəth etdilər. Beləliklə, Antakyadan Qara dənizə, Egey dənizinə və Çanaqqalaya qədər ərazilər Anadolu Səlcuqi dövlətinə (və onun vasitəsi ilə Böyük Səlcuqi imperiyasına) ilhaq olundu. 

Qeyd etmək lazımdır ki, Antakya alındıqdan sonra Hələbin Harim və Duluk qəzaları da avtomatik olaraq Süleymanşahın əlinə keçmişdi. O, Hələbi və bütün Suriyanı zəbt etmək niyyətində idi, lakin Anadolu Səlcuqilərinin sərhədlərinin Mərmərə dənizindən Fərat çayına və Hələbə qədər genişlənməsinin Böyük Səlcuqi sultanını, eləcə də məlik və əmirləri narazı salacağını anlayırdı. Sultan Məlikşah, əlbəttə ki, dini mülahizələrlə Antakyanın və digər xristian bölgələrinin fəthini təqdir etməyə borclu idi və onun əmri ilə paytaxt İsfahanda bu münasibətlə təntənəli mərasimlər keçirilmişdi. Amma aydındır ki, Süleymanşahın belə sürətlə güclənməsi onu narahat etməyə bilməzdi. Böyük Səlcuqilər dövlətinin vassalı olan Hələb-Mosul hakimi Şərəfüddövlə Müslim bin Qüreyş də Süleymanşahla mübarizəsində məhz bu mülahizə ilə hərəkət edir, Sultan Məlikşahdan yardım alacağına ümid bəsləyirdi. Antakya, Filaretin hakimliyi dövründə Böyük Səlcuqi sultanına hər il vergi ödəmişdi. Müslim bin Qüreyş həmin vergini Süleymanşahın da ödəməsini tələb etdi, əks halda bunun itaətsizlik kimi qiymətləndiriləcəyini bildirdi. Süleymanşah Böyük Səlcuqi sultanına sadiq olduğunu söylədi və bunun isbatı kimi onun adına xütbə oxutdurmaq və sikkə kəsdirmək haqqında fərman verdi. Vergi iddiasını isə rədd etdi və öz mövqeyini belə əsaslandırdı ki, Antakyanın əvvəlki hakimi müsəlman olmadığı üçün cizyə (dini vergi növü-N.M.) ödəmişdir, amma artıq vəziyyət dəyişmişdir və bir müsəlman dövləti başqa birinə cizyə ödəyə bilməz. Bu ərəfədə Hələb  əmirləri və qoşun başçılarından bir neçəsinin Süleymanşahın tərəfinə keçməsi də təhdidləri bir nəticə verməyən Müslim bin Qüreyşi hiddətləndirdi və o, Antakya üzərinə hücuma keçdi. Lakin elə ilk döyüşdəcə həlak oldu.

Süleymanşah Hələbi mühasirəyə alıb, şəhərin hakimi Şərif Həsən bin Hibətullah əl-Hüteytidən təslim olmağı tələb etdi.  Yaxınlıqdakı bir neçə şəhər və qala onun qoşunları tərəfindən alındı. Əl-Hüteyti Süleymanşaha şəhərin təslim olunması üçün Sultan Məlikşahdan xəbər gözlədiyini söyləsə də əl altdan Tacüddövlə Tutuşa xəbər göndərərək, ondan yardım istədi. Tutuş, bildiyimiz kimi, Sultan Məlikşahın qardaşı idi. Səlcuqi xanədanı ilə ulduzu barışmayan Yabğulu türkmən oymaqlarının Atsız bəyin idarəsində birləşərək Cənubi Suriya və Fələstində müstəqil bir bəylik qurmalarından narahat olan Sultan Məlikşah Tutuşu buraya Suriya-Fələstin məliki sifəti ilə onları itaət altına almaq üçün göndərmişdi (sonradan- Sultan Bərkyaruk dövründə bu məlikliyin əsasında Suriya-Fələstin Səlcuqiləri dövləti yaranmış və müstəqilliyini elan etmişdi). Əslində, Məlikşah, Tutuşun hakimiyyət ehtirasını vaxtında sezmiş (bildiyimiz kimi, o, 1093-1095-ci illərdə üsyan qaldıracaqdı) və onu paytaxtdan uzaqlaşdırmışdı. Məlik Tutuş isə buraya mövqeyini möhkəmləndirmək, nüfuzunu və gücünü artırmaq niyyəti ilə gəlmişdi. Tez bir zamanda türkmənlərlə dil taparaq, onları ələ almış və müxtəlif üsullarla özünə tabe etdirə bilmişdi. Digər tərəfdən 1075-ci ildə Məlikşaha bağlı olan Afşin, Saltuk, Dilmacoğlu Məhməd, Tarankoğlu, Tutioğlu kimi məşhur axınçı bəyləri də Anadoludan Şam və Dəməşqə, Tutuşun əmrinə göndərilmişdilər. Məlik Tutuş eyni zamanda böyük sərkərdə Artuk bin-Əksüyü də öz tərəfinə çəkməyi bacarmışdı.

Məlum olduğu kimi, Anadolunun fəthində əvəzsiz xidmətlər göstərmiş, “daima müzəffər” ləqəbli Artuk bəy 1078-1079-cu illərdə şiə karmatilərin əlində olan bölgələri almaq məqsədi ilə (şiəliyə qarşı mübarizə Böyük Səlcuqi dövlətinin siyasətində əsas xətlərdən biri idi) Suriyaya göndərilmiş, tapşırılan vəzifənin öhdəsindən layiqincə gələrək Əl-Əhsa (yaxud Əl-Hasa) vilayətini və Bəhreyn adalarını işğal etmişdi. Təqribən 1085-ci ildə birləşmiş səlcuqi ordusu tərəfindən Amid (Diyarbəkir) və Meyafarikin (Silvan) başda olmaqla Mardin, Cizrə və daha 30-a yaxın qaladan ibarət Mərvanilər ölkəsinin itaət etdirilməsində mühüm rol oynamışdı. Bu hərbi kampaniyada birləşmiş orduya Bağdaddan bütün İraqi-Əcəmin valiliyinə gətirilmiş Gövhərayin rəhbərlik etmiş, Çubuk bəy, Moncuk Börü, Çökürmüş və Hacib Altuntak kimi tanınmış türkmən sərkərdələri Artuk bəylə çiyin-çiyinə döyüşmüşdülər. Mərvanilərin vəziri (bəzən Diyarbəkir əmiri də sayılır) Fəxrüddövlə Məhəmməd bin-Cehir də səlcuqi ordusuna dəstək verirdi. Diyarbəkirin mühasirəsi zamanı elə həmin Fəxrüddövlə (bəlkə də onun oğlu Amidüddövlə?) ilə Artuk bəy arasında mübahisə yarandığı və Gövhərayinin (yaxud digər komandanların) də vəzirin tərəfini tutduğu deyilir. Hər neçə olmuşsa da, bu hadisələrdə Artuk bəyin pozuluşaraq Sultan Məlikşahdan incik düşdüyü və Suriyaya üz tutduğu, tezliklə də Məlik Tutuşun səfində yer aldığı məlumdur. Qüdsü Artuk bəyə iqta verməklə onun şəxsində daha bir güclü müttəfiq əldə edən Məlik Tutuş daha da güclənmiş və cəsarətlənmişdi. O, artıq əlindəki torpaqlarla kifayətlənmir, ətraf bölgələrə doğru genişlənmək xətti yeridirdi. Hələbdə də çoxdan gözü vardı.

Əl-Hüteytinin dəvətini fürsət bilən Tutuş yaranmış əlverişli vəziyyətdən yararlanmaq qərarına gəldi. Beləliklə, 1086-cı il iyunun əvvəllərində Süleymanşah və Məlik Tutuşun əksəriyyət etibarilə türkmənlərdən ibarət orduları Hələbdən 3 mil məsafədə yerləşən Ayn Seyləm məntəqəsində qarşılaşdı. Tarixçilərin yazdığına görə, Artuk bəyin döyüş məharəti və türkmənlərdən Çubuk bəyin öz qoşunu ilə Məlik Tutuşun tərəfinə keçməsi döyüşün (həm də Süleymanşahın) taleyini həll etdi. Ağır məğlubiyyətə uğrayan Süleymanşah bir fərziyyəyə görə döyüşdə həlak oldu, başqa bir ehtimala görə isə əsir düşməmək üçün özünə qəsd etdi. Məlik Tutuş onun ailə üzvlərini (arvadını və oğullarını) və vəziri Həsən bin Tahiri artıq Böyük Səlcuqi dövlətinin hökmünə verilən Antakyaya göndərsə də az sonra Sultan Məlikşah onları özü ilə  İsfahana apardı və ölənə qədər yanında saxlayaraq Anadoluda Kutalmışoğullarının hakimiyyətə qayıtmasına imkan vermədi. Bununla da kifayətlənməyən Məlikşah əvvəl Porsuq bəyi, sonra isə Urfa valisi Bozanı böyük bir qoşunla Anadolu Səlcuqilərinin üzərinə göndərdi. Qeyd etdiyimiz kimi, Süleymanşah şərq səfərinə çıxarkən öz yerinə vəziri Əbül-Qasımı qoymuş və dövlətin idarəçiliyini ona həvalə etmişdi. Əbül-Qasım Böyük Səlcuqi qoşunlarına mərdliklə müqavimət göstərsə də, İsfahandan qayıdarkən (oraya Sultan Məlikşahdan İznikin mühasirəsini dayandırmağı xahiş etmək üçün getmişdi) Bozan bəyin döyüşçüləri tərəfindən tutulub öldürüldü (1092). Süleymanşahın məğlubiyyəti və ölümü Anadoluda siyasi sabitliyi pozdu. Boş qalmış taxta iddiaçılar arasında toqquşmalar başladı. Sultan Məlikşah hakimiyyət boşluğuna yol verməmək üçün Anadolunu nəzarətinə götürdü.    

“Sultan” titulu daşımasına baxmayaraq, Süleymanşahın öz adına xütbə oxutdurub, sikkə basdırdığına dair hər hansı bir məlumat yoxdur. Mənbələrə istinad edən türk tarixşünasları onun, qurduğu dövləti hüquqi baxımdan Böyük Səlcuqilərin tərkib hissəsi, bir qolu saydığını və Sultan Məlikşaha təbəiyyətini dəfələrlə vurğuladığını yazırlar. Süleymanşahın hətta mərkəzə qarşı üsyana hazırlaşan qardaşı Mansurla üz-üzə gəldiyi, onun üsyanını yatırmaq üçün Məlikşahdan yardım aldığı da məlumdur. Bununla belə, Böyük Səlcuqi sultanları ilə Kutalmışoğulları arasında keçmişdən qalma siyasi və ailəvi ədavətin Məlikşah dövründə davam etdiyinə dair iddialar da mövcuddur. 1086-1092-ci illərdə Anadolu Səlcuqi dövlətinin İsfahan sarayı və oradan idarə olunan bölgə hakimləri tərəfindən daimi təzyiqlərə məruz qalması da həmin iddiaların gerçəkliyə uyğunluğunu göstərir. Tarixdən məlum olduğu kimi, Süleymanşahın oğulları Qılınc Arslan və Qulan Arslan (bəzi mənbələrə görə, Davud) həbsdən yalnız Məlikşahın vəfatından sonra buraxılmış və görünür, yeni sultan Bərkyaruğun razılığı ilə 1092-ci ilin sonu-1093-cü ilin əvvəllərində Birinci Qılınc Arslan Yavəgiyyə türkmənlərindən böyük bir qoşun toplayaraq İznikə daxil olmuş, atasının hakimiyyətini Əbül-Qasımın qardaşı Əbül-Qazidən təhvil almışdır.

Sultan Süleymanşahın tarixi xidmətlərindən danışarkən Anadolunun türkləşdirilməsi xüsusi qeyd olunmalıdır. Məhz onun səltənəti dövründə bayındır, çavuldur, çepni, salur, eymür, alayund, ürkər, ığdır, büğdüz, yıva, kınık, kayı, bayat, dögər, dodurğa, yazır(lı), afşar, kızık, bəydili, karğın kimi oğuz-türkmən boyları başda olmaqla özbək, qırğız, kuman, karluk, kumık, xəzər, xalac və hətta uyğur türkləri Mavəraünnəhr, Xarəzm, Xorasan, Azərbaycan və Arrandan axın-axın Anadoluya gələrək burada məskunlaşmış, Türküstanla Anadolu arasında işlək bir köç kanalı qurmuşlar. XI əsrdə 100-300 min nəfərlik qafilələr şəklində ilk olaraq Kastamonu, Dənizli, Manisa, Muğla, Daşeli bölgələrinə, Göllər ətrafı deyilən əraziyə, sonra isə bütün Anadoluya bir milyondan çox türkmənin gəlib yerləşdiyi söylənilir. Bölgənin sosial-etnik çöhrəsi tamamilə dəyişmişdir. Sonralar köçlər gah güclənmiş, gah zəifləmiş, lakin bir proses olaraq dayanmamış, müəyyən fasilələrlə XIV əsrədək davam etmişdir. Anadolu Səlcuqiləri ilə eyni dövrdə Orta və Şərqi Anadoluda Saltuklular, Danişməndilər, Məngücüklər (Məngücəklər), Artuklular, Sökmənlilər, Ahlatşahlar kimi ilk türk bəylikləri qurulmuşdur.

•Sultan Süleymanşahın tarixi xidmətlərindən danışarkən Anadolunun türkləşdirilməsi xüsusi qeyd olunmalıdır. Məhz onun səltənəti dövründə bayındır, çavuldur, çepni, salur, eymür, alayund, ürkər, ığdır, büğdüz, yıva, kınık, kayı, bayat, dögər, dodurğa, yazır(lı), afşar, kızık, bəydili, karğın kimi oğuz-türkmən boyları başda olmaqla özbək, qırğız, kuman, karluk, kumık, xəzər, xalac və hətta uyğur türkləri Mavəraünnəhr, Xarəzm, Xorasan, Azərbaycan və Arrandan axın-axın Anadoluya gələrək burada məskunlaşmış, Türküstanla Anadolu arasında işlək bir köç kanalı qurmuşlar. XI əsrdə Anadolu ərazisinə ümumilikdə bir milyondan çox türkmənin gəlib yerləşdiyi söylənilir. Bölgənin sosial-etnik çöhrəsi tamamilə dəyişmişdir.

Süleymanşahın vəfatından sonra bu bəyliklərin çoxusu müstəqil hərəkət etməyə başlamış, Anadolu Səlcuqilər dövləti ilə münasibətləri soyumuş, bəziləri birbaşa Böyük Səlcuqi sultanlarına biət etmişdir. Bu baxımdan I Qılınc Arslanın Anadoluda sosial-siyasi birliyi bərpa etmək cəhdləri də, həmin cəhdlərin bəyliklər və Böyük Səlcuqilər tərəfindən müqavimətlə qarşılanması da anlaşılandır. Amma o da şübhə doğurmur ki, Anadolu Səlcuqilərinin Bizans və civarda yerləşən kiçik xristian dövlətləri ilə mübarizədə sipər rolunu öz üzərinə götürməsi milli maraqların qorunması baxımından həlledici əhəmiyyət daşımışdır. Anadolunun müdafiəsi xüsusən səlib yürüşü dövründə ölüm-dirim məsələsinə çevrilmiş, Qızıl Arslan da, türkmən bəyləri də bu yolda var qüvvələrini səfərbər etmişlər. Türkmən bəyliklərinin səlibçilərə qarşı müqavimət hərəkatından söz açarkən Faruk Sümər yazır: “Türkmənlər Ankara-Konya arasında toplu şəkildə yaşayıb həm xaçlıların, həm də Bizansın təcavüzkar hücumlarına qarşı keçilməz bir səd təşkil etdilər. Onlar “uc türkmənləri” kimi tanınırdılar. Xorasanda “diyari-Rum” deyiləndə “uc türkmənləri” nəzərdə tutulurdu”. Amma səlib yürüşünün əsas ağırlığının Anadolu Səlcuqilərinin üzərinə düşdüyü də tarixdən yaxşı məlumdur.

N.MUSTAFA

(ardı var)