23 dekabr 2023 01:36
329

Qalib LİDER

Xalqımız Qarabağı Azərbaycana qaytaran cənab İlham Əliyevlə birlik və həmrəyliyinin sarsılmazlığını bütün dünyaya bəyan edəcək 

Prezident İlham Əliyevin dəfələrlə «İlin adamı» nominasiyalarına layiq görülməsi, nüfuzlu beynəlxalq  təşkilatların fəxri adları, mükafatları ilə təltif olunması, ən başlıcası isə Azərbaycan xalqının etimadını qazanması  onun  liderlik haqqına verilən qiymətdir

Tarixdə sözü, izi qalmış müdriklərin söylədikləri kimi, müdrikliyin iki tərkib hissəsi var: Liderlik kapitalı  və liderlik şəraiti.   Yalnız perspektivi  görmək,  müdriklik, cəsarət, inam qazanmaq qabiliyyətinə,  səmərəli ünsiyyət yaratmaq bacarığına malik və dəyərlər sistemini birləşdirən lider kapitalına malik şəxsiyyət  xüsusi istedad bacarığı ilə ətrafındakıları arxasınca aparmağa qadirdir. Liderliyin dəyişilməz qiyməti varisliklə  qiymətləndirilir. Əməllərin dəyəri onların məqsəd və  nəticələri ilə ölçülür.  Dünyanın dövlətçilik tarixində   liderlik zirvəsində  olanlar arasında  ölkəmizə  qərinədən artıq müddətdə  rəhbərlik etmiş,  dünyada  tanıtmış Ulu Öndər Heydər Əliyevin xidmətlərinin nəticəsi qüdrətli Azərbaycan olduğu kimi , təkrarolunmaz əməlinin  dəyəri  Prezident İlham Əliyev  kimi layiqli varisini yetişdirməsidir.   Hunların sərkərdəsi Attila demişdir: «Bütün rəhbərlər qəbul etməlidirlər ki,  qələbə o adamlara nəsib olur ki, onlar təkcə nəyi etmək lazım olduğunu yox, həm də  nə vaxt etməyi bilirlər Bu, məkanı və zamanı  hiss etməkdir.»  «Nəyin, necə, nə vaxt» ediləcəyini zamanın tələbinə uyğun , dövlətçilik təcrübəsinə, varislik siyasətinə uyğun  planlaşdıran Prezident İlham Əliyev də zamandan «səxavətlə, ehtiyatla » istifadə  etməklə hadisələri dəyərlər sisteminə,  məkanın tələbinə uyğun  şərtləndirməyi bacardığını respublikaya rəhbərliyi dövründə   sübut etdi. 

Zamanın dili ilə «danışmağı» bacaran Prezident İlham Əliyev  bu keyfiyyətləri öz şəxsiyyətində formalaşdırmaqla, dünya liderləri arasında  tanınmaqla  kifayətlənmədi, daha irəli gedərək  başqalarına örnək oldu. Ulu Öndərin zamanın çağırışlarına uyğun atdığı qətiyyətli addımların istiqamətlərini şaxələndirdi,  coğrafiyasını genişləndirdi. « Əminəm ki,  Azərbaycan xalqının dəstəyi ilə  qarşıda duran bütün vəzifələri yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı  görəcək ki,  mən Azərbaycan  üçün, xalqımız üçün yaxşı Prezident olacağam» sözlərinin sahibi oldu.  

Xalqın arzularını reallaşdıran Lider

Son 20 ildə ölkədə həyata keçirilən, yeniliklərin, islahatların coğrafiyası o qədər genişdir ki, onların təkcə xronologiyası ölçüyəgəlməz dərəcədə zəngindir, insanı təəccübləndirəcək qədər möhtəşəmdir.

Fəaliyyətini ölkə vətəndaşlarının istək və arzularına, iqtisadi müstəqilliyin siyasi müstəqilliklə  paralel aparılması siyasətinə uyğun müəyyənləşdirən cənab  İlham Əliyev  xalqın  istək və  arzularını reallaşdırdı. Dünya dövlətləri arasında  ölkəmizi  bütün istiqamətlər üzrə fərqləndirən, ən güclü  ölkələr sırasına qaldıran bu siyasətin davamı və nəticəsi Azərbaycanın ən nüfuzlu  beynəlxalq təşklatların hesabatlarında, reytinq cədvəllərində   ön sıralarda  yer almasıdır.  Dünya Bankının,  «Doinq Business»in hesabatlarında   Azərbaycanın 20 ən islahatçı ölkə sırasında yer alması liderlik qətiyyətinin ifadəsi idi.
 Dünyanın  yeni enerji xəritəsi olan   Cənub Qaz Dəhlizi reallaşdırıldı. Nəticədə  bu gün Azərbaycan bir neçə  Avropa ölkəsinin enerji təhlükəsizliyinin etibarlı  təminatçısına  çevrildi. Çoxlarına  xəyal kimi  görünən , Ulu Öndər Heydər Əliyevin ən çox arzusunda olduğu  tarixi İpək Yolunun bərpasını gerçəkləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə xeyir-dua verildi.  Amma liderlik qətiyyətinin təkcə iqtisadi amillərlə  yekunlaşmadığını uzaqgörən siyasəti ilə dərk edən cənab İlham Əliyev onu da sübut etdi ki, birgə əməkdaşlığın  uğur qazanması üçün humanitar siyasət başlıca amildir.

Xarici siyasəti dünya diplomatiyasında nümunə göstərilir

Son 20 ildə  beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində formalaşan Azərbaycanın xarici siyasəti dünya diplomatiyasında  nümunə göstərilir.

2011-ci ilin oktyabrında 155 dövlətin etimadı ilə  BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilən Azərbaycan  iki il ərzində təşkilatda uğurlu fəaliyyət göstərdi. 2019-cu ildən Qoşulmama Hərəkatına  (QH) sədrlik edən  Azərbaycanın səmərəli  fəaliyyəti təsisata üzv dövlətlər tərəfindən  yüksək qiymətləndirildi.  Ölkəmizin quruma sədrliyini yüksək dəyərləndirən  təsisat üzvlərinin yekdil rəyi ilə Azərbaycanın Hərəkata sədrlik müddəti bir  il artırıldı.  İstanbulda  keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VIII Zirvə görüşündə  Prezident İlham Əliyevin  Türk Dünyasının Ali Ordeni ilə təltif olunması  bütün Azərbaycan xalqına   etimadın ifadəsi olmaqla dövlət başçımızın türk birliyinin güclənməsində göstərdiyi  xidmətlərə verilən dəyər oldu.

Bütün dövlətlərlə qarşılıqlı anlaşma  prinsipləri əsasında əməkdaşlığı  gündəlik iş prinsipi kimi diqqətdə saxlayan cənab İlham  Əliyevin təşəbbüsü ilə  ölkəmizdə keçirilən  beynəlxalq tədbirlər Azərbaycanı sivilizasiyalararası dialoq mərkəzinə, platformaya  çevirdi. Artıq tam əminliklə söyləmək olar ki,  dünyada Azərbaycan qədər  əməkdaşlığa, qarşılıqlı ehtirama önəm verən alternativ ölkə yoxdur. Tolerantlıq ənənələrini yaşadan, multikulturalizmi təbliğ edən,   qonşu dövlətlərlə  konstruktiv  əlaqələrin  möhkəmlənməsinə çalışan Azərbaycan  Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə dinlərarası əlaqələrin möhkəmlənməsini təmin etdi. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlarla  münasibətlərin etimad prinsipləri əsasında davamı  sayəsində ölkə iqtisadiyyatı daha da möhkəmləndi. Xalqlararası əməkdaşlığı gücləndirən Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin II Zirvə görüşü, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu kimi mühüm əhəmiyyətli tədbirlərin humanitar platformasına çevrilən Azərbaycan NATO-nun sessiyalarına, digər mötəbər  konfranslara ev sahibliyi edir, əməkdaşlığa xidmət edən körpülər yaradır. Bütün ölkələrlə bərabərhüquqlu, qonşularla mehriban münasibətlərin tərəfdarı, geosiyasi əhəmiyyəti  artan Azərbaycan   bölgənin aparıcı ölkəsidir.  Bütün dünya dövlətlərinin iqtisadiyyatını çökdürən  COVID-19 pandemiyası dövründə  humanitar siyasətinə sadiq qalan  Prezident İlham Əliyevin  təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib.

Artıq tarixin arxivinə  atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin sülh yolu ilə həllinə çalışan, 30 ildə  erməni lobbisinin, Ermənistanı dəstəkləyənlərin məkrli siyasətinə düşünülmüş siyasəti ilə qalib gələn  Prezident İlham Əliyev cəsarətlə bildirir  ki, Azərbaycan xalqının maraqları hər şeydən üstündür: «Bu maraqları təmin etmək üçün biz mübarizəmizi aparırıq və  aparacağıq. Nəticələr və yaxın tarix göstərir ki,  biz hətta təkbaşına mübarizədə də  qalib gələ bilirik. Azərbaycan daha da güclü olacaq və bizim haqqımızda,  ölkə haqqında yazan, o böhtanlı  məqalələrin müəlliflərinə də ən gözəl cavab bizim reallıqlarımızdır, bizim işimizdir,  uğurumuzdur.»

Tarixi missiya

Dövlətin müstəqilliyi və xalqın istəkləri ilə  bağlı məsuliyyəti öz üzərinə götürən, vaxtında və düzgün qərarlar qəbul edərək tarixi bir missiyanı yerinə yetirməyi bacaran böyük  şəxsiyyət və siyasi xadim olduğunu  dövlətçilik təcrübəsi,  gələcəyə konseptual baxışları ilə müəyyənləşdirən cənab İlham Əliyev  Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün  prioritetləri  zamanın tələbinə uyğun müəyyənləşdirdi:  Güclü iqtisadi potensialın formalaşdırılması,  müasir cəmiyyət quruculuğu,  qüdrətli Silahlı Qüvvələrin yaradılması,  beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi.  Ölkə iqtisadiyyatının gücləndirilməsi, dövlətçiliyin möhkəmlənməsi naminə nəzərdə tutulan islahatları 2004-cü ildən etibarən qəbul edilən Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilməsinə  xüsusi həssaslıqla yanaşan  və reallaşdıran Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində Azərbaycan dünyada  çəkisi və nüfuzu artan,  regionun, Cənubi Qafqazın qüdrətli dövlətinə çevrildi.  Güclü iqtisadiyyat,  güclü dövlət formuluna uyğun  ölkə miqyasında tətbiq olunan islahatlar, layihələr yol xəritəsi kimi mərhələlər üzrə  yerinə yetirildi.

«Nəyə görə bu gün Azərbaycan bölgədə və dünyada öz siyasətini inamla apara bilir? Azərbaycan bu gün özünə güvənir? Ona görə ki, güclü iqtisadi dayaqlarımız vardır. Güclü iqtisadi dayaqlar siyasi müstəqilliyə də təkan verir. Bu gün, sözün əsl mənasında, Azərbaycan müstəqil siyasət aparır”» sözlərini əməli fəaliyyəti ilə reallaşdıran Prezident İlham Əliyevin səyi ilə beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında  respublikamızın qazandığı nailiyyətlər yüksək dəyərləndirildi.

Statistik rəqəmlərə  nəzər salaq.  2003-2022-ci illərdə Azərbaycanda ÜDM 7,3 milyard dollardan 78,7 milyard dollara ,  dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata , strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 66,1 milyard dollara çatıb. Əhalinin sosial müdafiəsinin möhkəmlənməsi üçün hazırlanan islahatlar paketinin tətbiqi ilə əməkhaqları, pensiyalar, imtiyazlar dəfələrlə artırılıb. Şəhər və kəndlərin siması  dəyişib, müasirləşib, yeni idman kompleksləri inşa edilib,  təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı naminə  önəmli  addımlar atılıb. 20 il öncə müəyyən olunmuş mühüm vəzifələr icra edildi.

Qarşıda duran ən çətin problem olan artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ  münaqişəsi»nin həlli  istiqamətində səylərini əsirgəməyən Prezident İlham Əliyevin   30 ildə bu məqsədlə  göstərdiyi qətiyyət ,  təhdidlərə, təzyiqlərə qarşı cəsarət, mübarizlik nəticəsini verdi.  «Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir» söyləməklə  Silahlı Qüvvələrimizin qüdrətlənməsi naminə islahatları davam etdirən Prezident İlham Əliyev Ali Baş Komandan kimi  ölkəmizin müdafiə sənayesinin  formalaşdırılması üçün maddi-mənəvi potensialı bir məqsəd naminə birləşdirdi. Silahlı Qüvvələrimizin ən müasir silah- sursatlarla, texnika və avadanlıqlarla təminatı üçün bir çox ölkələrlə əməkdaşlığı genişləndirdi.  Müdafiə Sənayesi Nazirliyini formalaşdırmaqla, ölkənin hərbi-sənaye kompleksini təkmilləşdirməklə torpaqlarımızın Ermənistanın işğalından azad olunması üçün şəraiti yaxınlaşdıran dövlət başçımız Ali Baş Komandan kimi də üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəldi. Hərbçilərimizin döyüş qabiliyyəti, peşəkarlığı yüksəldildi.  Azərbaycan Silahlı Qüvvələrinin  dünyanın ən güclü orduları sırasına daxil olması   ordu quruculuğu sahəsində aparılan islahatların  qürurverici nəticəsidir.

Qətiyyətli və prinsipial mövqe

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Ali Baş Komandan İlham Əliyevin başçılq etdiyi Silahlı Qüvvələrimizin dünyada nümunə göstərilən döyüş təcrübəsi çəkilən zəhmətin məntiqi nəticəsi oldu. Prezident  İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurlar sayəsində 2020-ci ildə Ermənistanın təxribatları ilə başlanan   Vətən müharibəsi Qələbəmizlə başa çatdı, ölkənin ərazi bütövlüyü təmin edildi. 2023-cü ildə 24 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə  dövlətimizin suverenliyi tam bərpa olundu.  Azərbaycanın xilaskarı  Ulu Öndər Heydər Əliyevə  «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!» sözləri ilə raport verən Ali Baş Komandan İlham Əliyev  30 il Ermənistanın  işğalı altında qalan  torpaqları azad etməklə həm də ata vəsiyyətini yerinə yetirdi. Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə, dünyada isə çox nadir ölkələrdən biridir. Bu  Zəfərlə başlanğıcı 200 il əvvələ gedən, neçə-neçə nəsillərə acı tale yaşadan imperiyanın, erməni faşizminin kökü tarixdən  birdəfəlik silindi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı.  300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi, düşmən ağ bayraq qaldırdı, kapitulyasiya aktına imza atmağa  məcbur oldu.  Şuşanın azad olunması tariximizə Prezident İlham Əliyevin Zəfər zirvəsi kimi yazıldı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzaladı, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olan dövlət başçımızın sərəncamları ilə Qələbə ilə bağlı orden və medallar təsis olundu.
“Mən hər zaman qazilərin yanında olacağam” söyləyən Prezident İlham Əliyev  şəhid ailələrinə və cəbhə bölgəsində xəsarət alanlara dövlət qayğısını  artırdı. Dünyanın hərb tarixinə  Azərbaycanın Qələbə diplomatiyası qızıl hərflərlə  yazıldı. Prezident İlham Əliyevin müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası kimi dəyərləndirildi.  İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, birliyi daha da gücləndirdi.

Azad olan torpaqlarımız abad olur

İşğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış üçün  2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun bərpa-quruculuq işlərinə başlanıldı. Hazırda   Şuşada,  Laçında, Xankəndidə, Suqovuşanda, Hadrutda- Qarabağın bütün rayon və şəhərlərində Azərbaycan Bayrağı əzəmətlə  dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev  qalibə layiq Qələbəsi ilə tarix yazdı. Laçın sərhəd- buraxılış məntəqəsinin yaradılması ilə sərhədlərimiz tam bərpa olundu.   Zəfər yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava limanları, Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpası,  «ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin cografiyasının genişlənməsi qürurvericidir. Azad edilmiş ərazilərdə inşa olunacaq 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir. 12 yeni Su Elektrik Stansiyası, 12 yarımstansiya istifadəyə verilib.  100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.  Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.  Reallığa çevrilən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin bərpası bütün bölgə üçün yeni imkanlar yaradacaq,  ttürk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirəcək .  Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə ölkəmizdə turizm inkişaf etdiriləcək.

Xalqın yenilməzlik salnaməsinin uğur səhifəsinə vurulan əbədi möhür

Prezident İlham Əliyevin Xankəndidən xalqa etdiyi müraciət isə  dövlətçilik salnaməmizin ən  uğurlu  səhifələri kimi yaddaşlarda iz saldı. Ermənistan üzərində tarixi Qələbəmizin üçüncü ildönümü münasibətilə Xankəndinin mərkəzi meydanında  hərbi paradın  sevincini yaşayan Azərbaycan xalqı bu günlərdə  daha bir uğura imza atdı. Xankəndi stadionunda   «Qarabağ Azərbaycandır!» sözlərini reallaşdıran Prezident İlham Əliyevin,  birinci xanım Mehriban Əliyevanın şəhid övladları ilə birgə izlədiyi Ağdamın «Qarabağ»” və Bakının MOİK komandaları  arasındakı oyun erməni revanşistlərinə və separatçılara ölümcül, sarsıdıcı zərbə oldu. Oyundan əvvəl stadionda çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər: «Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!»

Xatırladaq ki, meydançaya çıxaraq topu qapıya yönəldən  Prezident İlham Əliyev   məğlub Ermənistanın idarə olunan «diplomatik qapısı»na ilk top zərbəsini «Valday»  Beynəlxalq Diskussiya Klubunun XVI sessiyasında Ermənistanın baş naziri  Nikol Paşinyanın  « Qarabağ Ermənistanın hissəsidir və nöqtə» sərsəmləməsinə  verdiyi «Qarabağ tarixi , əzəli Azərbaycan  torpağıdır. Beləliklə  Qarabağ Azərbaycandır və nida işarəsi» cavabı ilə vurmuşdur. Həmin «nida»nın təzahürü Xankəndidə keçirilən hərbi parad, şəhər stadionunda  təşkil olunan futbol matçıdır.  Matçda «Qarabağ» komandasının qalib gəlməsi Ermənistan üzərindəki Qələbəmizin daha bir təzahürü oldu.

Sözünə imzası qədər dəyər verən  Prezident İlham Əliyev «Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq»  vədini  yenilməz sərkərdə kimi  yerinə yetirdi.  Zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqının yenilməzlik salnaməsinin uğur səhifəsinə imza atdı, əbədilik möhür vurdu. Bütün dünyaya bəyan etdi ki, «Qarabağ Azərbaycandır!»  

Gələn ilin fevral ayının 7-nə təyin olunan  növbədənkənar prezident seçkilərində  iştirak edəcək xalqımız ölkəmizi gələcəyə inamla aparan bu siyasətə səs verəcək, Qarabağı Azərbaycana qaytaran cənab İlham Əliyevlə birlik və həmrəyliyinin sarsılmazlığını bütün dünyaya bəyan edəcək. 

Xuraman İsmayılqızı, “İki sahil”