23 dekabr 2023 02:37
349

Dünyada çox nadir təcrübələrdən biri...

2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburu köçkün öz doğma evlərinə qayıdacaq

Vətən müharibəsindən sonra keçən 3 il ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və abadlıq  işlərinə şahidlik edirik. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı strateji infrastruktur obyektləri işə salınır, yenilərin təməli qoyulur. Bununla da 30 ildə düşmənin dağıdaraq viran qoyduğu yurd yerlərimizə yeni nəfəs gəlir, şəhər və kəndlərimizdə həyat yenidən dirçəlir. Prezident İlham Əliyev dekabrın 21-də Xankəndi stadionunda çıxışında da dediyi  kimi, biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır.

Həqiqətən də işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri bütün dünyada örnəkdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanması mərasimində söyləyib ki, işğal dövründə 9 şəhər və yüzlərlə qəsəbə tamamilə dağıdılıb:“Azərbaycan postmünaqişə dövründə mühüm quruculuq işləri görür. Bu, həmçinin dünyada çox nadir təcrübələrdən biridir. Biz bu təcrübəni bütün dünya ilə paylaşacağıq. Şəhərlər, qəsəbələrlə bərabər, Azərbaycan, həmçinin dini və mədəni abidələri də bərpa edir”.

İşğaldan azad olunan ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm layihələr həyata keçirilib. Müasir texnologiyalar əsasında “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunub.

Bölgənin bərpasına başlanıldığı vaxtdan ötən müddətdə dövlət başçısının iştirakı ilə Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin bərpasının təməl daşı qoyulub, digər şəhərlərimizin isə Baş planının hazırlanmasına başlanılıb. Həmçinin Ağdamda sənaye, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının, Zəngilan və Laçında hava limanlarının tikintisi isə davam edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına əsasən, 2026-cı ilədək ümumi uzunluğu 2264,5 kiolometrlik 20 avtomobil yolunun və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədər qazma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Qarabağ və Şərqi Zəngəzurda müharibədən sonra bölgənin energetika sisteminin gücləndirilməsi daim diqqətdə saxlanılır. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Reabiltasiya Proqramı çərçivəsində bu sahə əsaslı şəkildə müsairləşdirilir, “itirilmiş” generasiya gücləri bərpa edilir. Cari ilin ötən ayları ərzində “Cəbrayıl”, “Hadrut”, “Qorçu”, “Laçın” yarımstansiyalarının, “Qamışlı”, “Meydan”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarının istismara verilməsi də bunun bariz nümunəsidir.

Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji”nin reallaşdırılması da prioritet istiqamətlərdən biridir. Azərbaycanın alternativ və bərpaolunan enerji potensialı isə olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Bütövlükdə isə, hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir.

Yeri gəlmişkən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur. Gələn il Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da da əsas məqsədimiz yaşıl enerji növlərinin yaradılması və həmin yaşıl enerjinin dünya bazarlarına nəqlinin hazırda Azərbaycanın enerji siyasətində prioritet olduğunu dünyaya nümayiş etdirmək olacaq. Göründüyü kimi, Azərbaycanın COP29-a hesabatı üçün uğurlu işləri, “yaşıl enerji” layihələri kifayət qədərdir.

Bütün bu infrastruktur tədbirlərinin reallaşdırılması nəticəsində Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarında bu gün bir coşğunluq yaşanır, Zəngilan, Laçın və Füzulinin yurd-yuva həsrəti ilə yaşayan keçmiş məcburi köçkünləri məskunlaşdırılır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə sıfırdan yeni şəhərlər və kəndlər inşasə davam edir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin , o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpası nəzərdə tutulub. “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburu köçkün öz doğma evlərinə qayıdacaq.

Zəngilanda yaradılan “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər başa çatdırılır. Layihənin hər 3 mərhələsinin başa çatdırlması nəticəsində 6 min hektar cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaş, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəassisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. İstehsal olunan məhsullar yerli tələbatı ödəməklə yanaşı, “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılacaq. “Dost Aqropark” ətraf mühitinin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq.

Sonda qeyd edək ki, 2021-2023-cü illər ərazində 10 min kvadratkilometrdən çox ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb. Azad edilmiş torpaqlarımızın artmasına geniş imkanlar vəd edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurlu icrası bu baxımdan böyük önəm daşıyır.

Nigar Orucova, “İki sahil”