22 dekabr 2023 00:57
265

Fransanın avantürası fiaskoya uğrayacaq

Zaman-zaman bəzi ölkələrə qarşı ikili standartlar nümayiş etdirən, xroniki islamofobiya və türkofobiya xəstəliyinə tutulan, separatizmi təşviq edən bəzi Qərbi Avropa ölkələrinin, xüsusilə Fransa rəsmilərinin son zamanlar reallıqlardan tamam ilə uzaq, böhtan mahiyyətli bir sıra anti-Azərbaycan xarakterli açıqlamaları demək olar ki, əndazəni aşıb. Danılmaz həqiqətdir ki, hadisələrə qərəzli və qeyri-obyektiv yanaşma onların fəaliyyətinin əsas prinsiplərindən birinə çevrilib.

Dünyanı yönləndirməyə çalışan güc mərkəzlərinin, “qoca qitə”nin böyük dövlətlərinin etnik separatizmi və terrorçuluğu dəstəkləmələri, ayrı-ayrı etnik qrupların silah, işğal gücünə dövlət qurmaq istəyinə, “öz müqəddəratını təyinetmə hüququ” adı altında bir dövlətin ərazi bütövlüyünə qəsd etmək cəhdlərinə qətiyyətsiz münasibətləri bütün dünyanı  qarşısıalınmaz parçalanma prosesi ilə üz-üzə qoyub. Qərbin dünyanın müxtəlif yerlərində separatizmə laqeyd münasibəti, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz fəsadlarını verir.

Qərbin Azərbaycana münasibətində ikili mövqe sərgiləməsi yeni deyil və 32 illik müstəqillik tariximizdə dəfələrlə belə halların şahidi olmuşuq. Lakin son illərdə Azərbaycan inkişaf etdikcə, iqtisadi və siyasi gücünü artırdıqca, qırx dörd günlük münaribədə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ölkəmizə qarşı ikili standartlar və qarayaxmalar da bu prosesə adekvat olaraq güclənib.  Danılmaz faktdır ki, terrora qarşı mübarizədə, demokratiya və insan haqları sahəsində qəbul edilən prinsiplərə, sərhədlərin toxunulmazlığı və suverenliyin qorunması qaydalarına Qərbdə yalnız öz maraqlarına uyğun olduqda diqqət yetirilir. Digər hallarda isə bu qaydaları onlar özləri də poza bilərlər.

Daim insan haqlarından, demokratiyadan dəm vuran bəzi Qərb ölkələrində dini və etnik məsələlərdə diskriminasiya, islamofobiya, miqrantlara nifrət, rasizm, artıq özünün pik nöqtsəinə çatıb. Sözdə insan hüquqları haqqında danışanlar Aralıq dənizində boğulan miqrantlar haqqında danışmırlar. Məsələn, “qoca qitə”nin aparıcı ölkələrindən olan Fransanın başqa etnik və dini qruplara baxışı daha çox assimilyasiya siyasəti üzərində qurulub. Bu, özünü xristian olmayan dini qruplara baxışda açıq-aşkar göstərir. Bu ölkədə fərqli etnik və dini qruplar “ümumfransız” kimliyinin içərisində əridilməyə çalışılır, fərqliliklər gözardı edilir. Belə ki, Fransa dövlətinin xüsusən müsəlmanlara qarşı diskriminasiya siyasətində bu mövqenin təzahürləri bariz şəkildə özünü göstərir.

Bundan başqa, qırx dörd günlük Vətən müharibəsindən sonra, bu il sentyabrın19-20-də Qarabağda lokal antiterror tədbirləri keçirirək mülki əhaliyə və infrastruktura zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməklə qanunsuz xunta rejiminə son qoyması və suverenliyini bərpa etməsi rəsmi Parisin anti-Azərbaycan fəaliyyətini daha da gücləndirib. Çox təəssüf ki, sentyabrın 19-20-də həyata keçirilən tədbirlərdən sonra bölgədə hərbi müstəvidə yaranmış sabitliyə Fransa başda olmaqla bəzi Qərb ölkələri və beynəlxalq dairələr diplomatik müstəvidə zərər verəcək addımlar atırlar. Xüsusilə Fransanın Ermənistana silah-sursat verməsi, bir müddət bundan əvvəl bu ölkənin xarici işlər naziri Ketrin Kolonnanın İrəvandakı çıxışı, sentyabrın 11-də Senatdakı çıxışı, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürəcəklərini bildirməsi bir daha göstərir ki, rəsmi Paris militarizm siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməməyə çalışır. 

Bütün bunlar Azərbaycana qarşı qərəzli münasibətin təzahürdür. Biz yaxşı bilirik ki, bu ölkələr öz maraqlarına cavab verən, necə deyərlər, özlərinə sərf edən konfliktlərə göz yumurlar. Özlərinə sərf etməyəndə isə ən xırda insidentləri belə şişirdirlər. Öz əlaltılarını isə həyasızcasına müdafiə edirlər

Bu bir gerçəklikdir ki, ümumavropa siyasətinin cılızlaşması baş verir, nüfuzlu siyasətçi, lider artıq yoxdur. Bütün bunların fonunda Fransa Prezidenti Emmanuel Makron kimiləri özünü Avropanın əsas siyasətçisi kimi aparmağa çalışsalar da heç nəyə nail ola bilmirlər. Fransa başda olmaqla bəzi Qərb ölkələrinin sözdə dünyada sülhə çağırışları isə manipulyasiyadan başqa bir şey deyil. Bu gün Ukraynada, Qəzzada baş verənlər, daha əvvəl “ərəb baharı” nəticəsində Liviyanın, İraqın, Suriyanın və.s alovlara qərq olmasının əsas səbəbi məhz Qərb ölkələrində iş başına keçən millətçi siyasətçilərin eqoistik siyasətinin bariz nümunəsidir.

Zahid Rza, “İki sahil”