22 dekabr 2023 01:37
368

Yeni təkliflər paketində nikbinlik var, amma...

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Ermənistana düşmənçiliyə son qoymağı və dövlətlərarası münasibətlərə yeni səhifədən başlamağı təklif etdi. Lakin Ermənistan havadarlarına arxalanaraq sülh danışıqları prosesindən yayınmağa, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatı icra etməməklə regionda gərginliyi artırmağa çalışdı.

Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləyərək Qarabağdakı separatçıları yenidən revanşizmə hazırlaması Azərbaycanın cari ilin sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməsi ilə nəticələndi. Nəticədə bütün ərazilərimizdə suverenliyimiz təmin edildi və Qarabağda erməni separatizminin kökü kəsildi. Separatçıların yuvası hesab olunan Xankəndidə də bayrağımız dalğalandı. Bununla da sülh prosesində problem kimi görünən məsələlər həllini tapdı. Yəni, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində yeni mərhələ açıldı. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olundu. Dekabrın 13-də heç bir kənar vasitəçi olmadan əsirlərin mübadiləsi baş tutdu, iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı Dövlət Komissiyasının reqlamenti təsdiq olundu. Siyasətçilər belə bir  razılaşmanın əldə olunmasını, həm də ölkələrarası münasibətlərin tənzimlənməsi baxımından, o cümlədən sülhlə bağlı danışıqların yeni bir səhifəsinin açılması kimi dəyərləndirdilər. Bəli, həqiqətən də indi bölgədə nisbi sakitlik təmin olunub. Əgər belə demək mümkünsə, bölgə bu gün ən dinc günlərini yaşayır. Şübhəsiz, bu, Prezident İlham Əliyevin müstəsna xidmətidir. İndi onu uzunmüddətli sülhə çevirməyin, o cümlədən sülh müqaviləsinin imzalanmağın vaxtıdır. Hazırda Azərbaycanın strateji hədəfi Ermənistanla sülh sazişinin imzalanmasıdır.

Amma Qərb­dən maliyyələşən, ərazimizdə separatçılığa rəvac vermək kimi bütün cəhdlərinə  hələ də son qoymayanlar bu humanist addıma da başqa don geyindirməyə başlayıblar. Üstəlik, Qarabağ erməniləri könüllü şəkildə bölgəni tərk edəndən sonra Ermənistan Azərbaycana qarşı yeni tələblər irəli sür­mək yolunu tutub.

Erməni politoloqu Arutyun Mkrtçyan soydaşlarının hansı Qarabağdan da­nışdıqlarını sual edib: “Ermənistan və Azərbaycan hansısa məsələdə razılığa gələndə və ya sülh sazişinin imzalan­ması imkanından söz düşəndə, həmin adamlar “artsaxın müstəqilliyindən” danışmağa başlayırlar”. O, hətta bildirib ki, bu gün sülh Azərbaycandan daha çox çökməkdə olan Ermənistana lazımdır. Özü də hava kimi, su kimi. Erməni hüquq müdafiəçisi Vardan Arutyunyan da ermənilərlə azərbaycanlılar arasında vətəndaş dialoquna ehtiyac olduğunu vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, bütün bunlara rəğmən Ermənistandan aldığımız təkliflər paketi də əvvəlkilərlə eyni deyil: “Yeni təkliflər paketində nikbinlik var”. Onun sözlərinə görə, bu addımlar sülh prosesini irəli apara bilər: “Ermənistan öz istəklərini deyil, beynəlxalq hüquqa hörməti sərgiləyərsə, müsbət nəticə əldə etmək mümkündür”.  Bu da Ermə­nistanın Bakının hərtərəfli sülh sazişi ilə bağlı danışıqları davam etdirmək, Azərbaycanın sülh müqaviləsini imzalamaq ideyasını qəbul etmək niyyətindən xəbər verir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə Londonda jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Ermənistanla dayanıqlı sülh müqaviləsi bağlamaq üçün heç bir ciddi maneə görmür: “Amma vacib olan odur ki, Ermənistan və Azərbaycan bir araya gələrək sülh bağlamalıdır. Sülh əldə edildik­dən sonra hesab edirəm ki, digər ölkələr və tərəfdaşlar da bunu dəstəkləyə bilər”.

Bəli, Azərbaycan sülhə nail olmaq məqsədilə bütün imkan­larından yararlanır. Amma İrəvanın söz oyunlarından əl çəkərək real işə başlaması, havadarlarının vədlərinə şirniklənməməsi,  reallığa üstünlük verməsi, daha səmimmi, həm də adekvat addımla­r atması vacibdir. Atacaqmı? Amma bu, bir həqiətdir ki, Ermənistanın  Cənubi Qafqazın lider dövləti Azərbaycanla razılaşmaqdan başqa yolu yoxdur. 

Qvami Məhəbbətoğlu, “İki sahil”