22 dekabr 2023 01:16
244

Bütün dünyanın diqqəti Bakıya yönələcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (UNFCCC) 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbulu beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində zəngin təcrübəyə malik Azərbaycana yüksək etimadın daha bir nümunəsidir

UNFCCC Tərəflər Konfransı 1995-ci ildən ehtibarən hər il keçirilir. Dünya dövlətlərinin əksəriyyətini xeyirxah, humanitar maraqlar ətrafında birləşdirən qurumun əsas məqsədi planetimizin gələcəyi üçün risklər yaradan iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak etmək, gözlənilən təhlükələrin qarşısını birgə almaqdır. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuş, qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. 2011-2015-ci illərdəki sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilmiş və sənəd 2015-ci ildə qəbul olunmuşdu. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub. Əksər dünya dövlətlərinin razılığı ilə COR29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbulu respublikamıza artan marağın, Azərbaycanın ekoloji tarazlığa xidmət edəcək yaşıl enerji siyasətinin dəstəklənməsidir.

Bu il rəsmi Bakının ev sahibliyi etdiyi, iştirakçılarının sayına və səslənən rəylərin, irəli sürülən təkliflərin aktuallığına görə fərqlənən Beynəlxalq Astronavtika Konqresindən sonra Azərbaycanla bağlı qəbul olunan bu mühüm qərar Cənubi Qafqazın lider ölkəsi olan respublikamızın dünyada möhkəmlənən mövqeyinə sonsuz etimaddır. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən və 12 gün davam edən COP28 iştirakçılarının yekdil qərarı ilə 29-cu konfransın gələn il Bakıda keçirilməsi, eyni zamanda, Azərbaycanın enerji diplomatiyasının daha bir təntənəsidir. Postsovet məkanında ilk olaraq Azərbaycana göstərilən bu etimad, beynəlxalq ictimaiyyətin ölkəmizlə bağlı ümumi rəyinin ifadəsidir: Azərbaycan dünyanın siyasi, iqtisadi, humanitar platforması, sivilizasiyalararası körpüdür. Prezident İlham Əliyevin artan nüfuzuna, sadiq qaldığı sülhsevər siyasətinə, COVID-19 pandemiyası dövründə humanitar sahədə etimad qazanmız mültikultural, tolerantlıq xidmətlərinə verilən dəyərdir.

Ümumbəşəri mahiyyət daşıyan ətraf mühitin qorunması, iqlim dəyişikliyinin yaratdığı təhlükələrin qarşısının alınması, ekoloji tarazlığın gözlənilməsi Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir. Bu baxımdan COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyin ifadəsidir. 2030-cu ilədək elektrik enerjisinin istehsalında bərpaolunan enerjinin payının 30 faizə çatdırılması, potensialının yüksəlməsi reallıqdır. Ölkəmizin quruda külək və günəş enerjisinin həcminin 27, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin həcminin 157 qiqavata çatdırılacağı ilə işlərin sürətlənməsi bütünlükdə ekoloji tarazlığa verilən töhfədir. Qarabağın və Şərqi Zəngəzurun, Naxçıvanın « yaşıl enerji» bölgəsi” adlandırılması ilk addım olsa da potensial tükənməzdir. Respublikamızda zəngin potensiala malik hidroelektrik stansiyaların gücünün 500 meqavata çatdırılacağı ilə bağlı görülən işlər də yaşıl enerjiyə keçid prosesinə dəstəkdir. Bakıda Yaşıl Enerji Məşvərət Şurasının birinci toplantısının keçirilməsi, Azərbaycanın Gürcüstanın, Rumıniyanın və Macarıstanın imzaladıqları Sazişə əsasən Enerji Halqasının yaradılması sülhə, əmin-amanlığa, təmiz dünya çağırışına yönələn İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına Azərbaycanın önəmli töhfələri olacaq .

«COP29 beynəlxalq konfransın Bakıda keçirilməsi erməni vəhşiliyinin dünyada tanıdılması üçün yaranan daha geniş imkanlar yaradacaq.Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq» söyləyən Prezident İlham Əliyevin sözlərində böyük həqiqət vardır. Çünki konfransda iştirak edəcək çoxsaylı qonaqlar, xarici ölkələri təmsil edəcək KİV nümayəndələri canlı, əyani olaraq erməni vandallarının torpaqlarımızda törətdikləri vəhşiliklərin şahidi olacaqlar. Yandırılan meşələr, dağıdılan tarixi abidələr, qurudulan bulaqlar, sıradan çıxarılan enerji və nəqliyyat infrastrukturlarının hər biri ekoloji tarazlığın pozulmasına əyani sübutdur.

İkinci Qarabağ müharibəsində, qısa müddətdə davam edən erməni separatizminə qarşı lokal xarakterli anttiterror tədbirləri zamanı belə humanitar normalara riayət edən Azərbaycanın dinc əhaliyə göstərdiyi dəstəyin özü insan amilinə qayğının təzahürüdür. Çox təəssüf ki, Azərbaycanın torpaqlarının Ermənistanın işğalı altında qaldığı 30 ildə dağıdıcı, qızışdırıcı siyasətləri ilə erməni vandallarına yardım edən Fransa kimi, bəzi Qərb dövlətləri hələ də rəsmi İrəvanı dəstəkləyir, hayların vəhşiliklərinə haqq qazandırırlar. «Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar» söyləyən cənab İlham Əliyev haqlı olaraq planetimizin bir parçası olan Azərbaycanda dəhşətli izləri qalan erməni vandalizminin, ekoloji terrorunun Cənubi Qafqaz bölgəsi üçün yaratdığı mənzərəni təbii qəbul edən erməni havadarlarını haqqa , ədalətə səsləyir.

Əsrlərdən bəri Afrika qitəsində yerləşən bir neçə dövlətin təbii sərvətlərini talayan, ətraf mühitə ziyan verən, insanları qəddarcasına qətlə yetirən Fransanın özü kimi faşist Ermənistana dəstəyi anlaşılandır. Necə deyərlər, « Su axıb, çuxurunu tapıb.» Amma hələ də məğlub Ermənistandan öz maraqları naminə istifadə edən, özləri haqqında «demokratik ölkə» imici formalaşdırmağa çalışsalar da siyasətləri demokratiyadan çox-çox uzaq , bəşəri dəyərlərə əhəmiyyət verməyən dövlətlərin, Avropa təşkilatlarının terrorçu, separatçı topluma dəstək göstərmələri təbiətə, insanlığa qarşı ədalətsizlik, biganəlikdir. Prezident İlham Əliyev «Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir» sözləri ilə bu cür münasibətləri bütünlükdə insan hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdıraraq, beynəlxalq konvensiyaların tələblərinə əhəmiyyət verilməməsini planetimizin gələcəyi üçün təhlükə adlandırır.

Bu cür ayrı-seçkiliyə, xüsusilə, ikili standartlara yol verən Fransanın məkrli siyasətinə etirazını bildirən Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunduğu kimi, Azərbaycana qarşı irqçi münasibət, islamofobiya xofu Fransa Senatının gündəlik iş prinsipidir. Ann İdalqo, Valeri Pekres, Bruno Reteyo və erməni separatçılarını dəstəkləyən digərləri «humanitar” yük karvanı» bəhanəsi ilə erməni quldurlarına yardım adı altında silah-sursat göndərməyə çalışsalar da «əsl yardım» prosesində beynəlxalq aləmdə belə zəngin təcrübəsi olan Azərbaycanın qətiyyəti qarşısında «ağ bayraq» qaldırdılar.

Azərbaycanla Ermənistan arasında 2023-cü il dekabrın 7-də birbaşa danışıqlarla əldə olunan razılıqlar, o cümlədən Ermənistanın Azərbaycanın COP29 namizədliyini dəstəkləməsi göstərdi ki, «cəfakeş» fransız merlərinin bölgəyə müdaxilə cəhdləri yersizdir. Əsas odur ki, COP29-un 2024-cü ildə dünyanın nəzərlərinin yönələcəyi Bakı konfransı daha möhtəşəm olacaq. 70-80 min xarici nümayəndənin ölkəmizə iki həftəlik səfərləri çərçivəsində Azərbaycan həqiqətləri daha geniş, ətraflı dünya ictimaiyyətinə çatdırılacaq.

«Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək» soyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, BMT İqlim Sammitinin (COP29) Azərbaycanda keçirilməsi dünya siyasətinin aktual problemlərinin, iqlim dəyişikliyinin yaradacağı təhlükələrin qarşısının birgə alınması çağırışları dünya ictimaiyyətinə Azərbaycandan çatdırılacaq.

Xuraman İsmayılqızı, «İki sahil»