22 dekabr 2023 02:36
320

Bunlar həmin keşişlərdir ki...

Tarix boyu Türklərə kin bəsləyən daşnaklarla revanşist kilsə xadimlərinin mayası eyni xəmirdən tutulub

Hayların ən davakar, kinli, revanşist və türkə düşmən münasibət formalaşdıran kiçik bir hissəsi keşişlərdir. Lakin onlar sayca çox az olsalar da güclü düşmənçilik hissləri yarada bilirlər. Çünki avam və qədimdən bəri köçkün həyat sürən hay tayfaları keşişlər "öl" deyəndə ölüblər, "qal" deyəndə qalıblar. Yəni, bu yaramazlara müqəddəs din xadimləri kimi inanıblar.  Bu axmaq ənənəyə əsrlər boyu əməl ediblər.

Haylar XVIII əsrdə dövlət qurmaq niyyətlərini keşişlərin rəhbərliyi ilə reallaşdırmağa başlamışdılar. Varlı ermənilər bu məqsəd üçün kilsələrə pul yığıb xəzinəyə çevirirdilər. Qızıl-gümüşlər tonlara çatdıqca hayların dövlət təşkil etmək həvəsi güclənirdi. İndi də belədir. 200 il əvvəlki qisasçı və davakar keşişlər indi əqidəcə revanşist olublar və yeni müharibə çağırışları edirlər.

İrəvanda çıxan “Fakt” qəzeti isə yazır ki, hərçənd, Nikol Paşinyan hakimiyyəti “revanş” kəlməsinin cəmiyyətin lüğətindən çıxarılmasına çalışır. Hakimiyyətdəki "Vətəndaş Mülki Müqaviləsi" Partiyasının funksionerlərindən biri deyib ki, “Azərbaycanla imzalanacaq sülh müqaviləsi biz tərəfdən revanşın, qisasın olmayacağını ehtiva edir. Əgər revanş olacaqsa, hansı sülh müqaviləsindən danışa bilərik. Əgər Ermənistan revanşa hazırlaşdığını bəyan edərsə, bu, ölkəmizin sonuna aparacaq yol olacaq”.

Hayların dediklərinə görə, rəsmi Bakı İrəvandan tələb edib ki, revanşizmlə bağlı çağırışlara son qoyulsun, qisasçılığı təbliğ edərək yeni müharibə istəyənlərin öz yerlərində oturdulsun. Bu, o deməkdir ki, İrəvan revanşizmə qarşı dövlət səviyyəsində lazımi tədbirlər görməlidir. Ancaq görün ortaya nə çıxır?

“Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”. Bunu isə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalustanyan kilsədə çıxışında deyib. Arxiyepiskop xütbəsində qeyd edib ki, revanşizm erməniləri nə mənəvi, nə əxlaqi, nə də fiziki mənada qarət etmək məqsədi daşımır. “Bu, daim diz çöküb sürünmək deyil, əksinə, ayağa qalxıb Rəbbimizin hüzurunda durmaq və ona "yer üzündə Sənin işini görmək üçün imanımı artır" demək üçündür. Və düşünməliyik ki, bununla biz yer üzündə Tanrının işini, ədalətin, həqiqətin və xilasın bərpasını edirik. Bəli, bu, qisas yoludur. Evinizi bərpa etməyin başqa hansı yolu var?", - deyə erməni din xadimi sual edib. Baqrat Qalustanyan  çıxışında qeyd edib ki, bir neçə il əvvəl "artsax"da hamı xoşbəxt yaşayırdı, yaşlı-kiçik ziyarətə gedirdi. Bizim üçün bu, qazanılmış bir şirinlik idi və belə də olmalıdır."

Göründüyü kimi, erməni kilsəsi hər zaman olduğu kimi, radikal millətçiliyini və faşizmin təbliğatını davam etdirir. Son zamanlar erməni din xadimlərinin davranışlarını nəzərdən keçirərkən görərik ki, erməni kilsəsi Ermənistanın qonşuları ilə sülh sazişi imzalamasını istəmir və dini zəmində xalqlararası qarşıdurmanın yaranmasına çalışır. Yüz il əvvəl yaşamış IV Gevorq da, II Qaregin də belə hərəkət etmişlər. İki yüz il əvvəl isə keşişlər İrəvanı işğal etmək üçün müharibə aparan Rusiyanın  işğalçı ordusunun tərkibində həm bələdçilik edir, həm əldə silah döyüşür və amansızlıqları ilə fərqlənirdilər. Yəni, bu Baqrat yeganə nüsxə deyil, onun köhnə variantları var.

Qarabağ münaqişəsinin davam etdiyi otuz il ərzində də erməni kilsəsinin vəzifəsi daim bu münaqişəni dinlərin toqquşması, xristianların sıxışdırılması və dini zəmində münaqişənin daha da dərinləşdirilməsindən ibarət olub. Erməni din xadimləri hesab edir ki, xristian sivilizasiyasının belə güclü bir vaxtında Azərbaycan qələbə əldə etməməli idi. Ona görə də hər fürsətdə yenə də dini siyasi vasitə kimi istifadə etməklə Azərbaycanı siyasi şantaja məruz qoymağa çalışırlar. Bu məsələdə daşnaklarla revanşist keşişlərin mövqeyi üst-üstə düşür.

Keşişlərin "vəzifəsi" sadə ermənilərin beyinlərini türk düşmənçiliyi ilə zəhərləməkdir. Ermənistan Azərbaycanla iki dəfə müharibə edib. Həmin müharibələrdə neçə keşiş döyüşərək olüb? Heç neçə. Deməli, hayları müharibəyə təhrik edənlər yenə qaçıb hansısa küncdə-bucaqda gizlənəcəklər. Həmin "künc-bucağ"ın miqyası isə çox böyükdür.

Artıq sadə haylar da anlayırlar ki, yeni müharibə olsa, ölkəni tərk edib Moskvada, Krasnodarda, Armavirdə, Parisdə və ya Los-Ancelesdə gizlənənlər, yox, məhz onlar döyüşüb həlak olacaqlar.

Vəli İlyasov, "İki sahil"