22 dekabr 2023 02:15
323

Həyasız madam və müsyölər...

Azərbaycana şər atanların vətəni zibilliklər şəhərinə çevrilməkdə olan Paris, ekoloji təhlükə saçan Fransadır  

Azərbaycanın beynəlxalq arenada qazandığı növbəti uğurunu gözü götürməyən, həmişəki kimi qərəz və riyakarlıqları, erməni sevgiləri xəbis xislətlərində özünü büruzə verən fransalı merlərin və ictimai-siyasi xadimlərin hamısı tanış simalardır. 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış edən həmin şəxslərin Ermənistana və işğal dövründə qeyri-qanuni şəkildə Qarabağa səfərlərini, separatçılarla işbirliklərini unutmamışıq. Müraciəti imzalayanların təkcə adları onların əsl məqsədləri haqqında fikir yürütməyə imkan verir: Paris şəhərinin meri Ann İdalqo, senator Bruno Retaylon, İl-de-Frans regionunun rəhbərliyindən Xavier Bertrand, Valeri Perkes və Karol Delqa, Marsel merinin birinci müavini Mişel Roubirola, Monpelye şəhərinin meri Maykl Delafosse, Strasburq meri Janna Barseqyan...

İnzibati idarəçiliyinə məsul olduqları şəhərlərin və əyalətlərin sosial-iqtisadi problemlərini həll etmək əvəzinə işlərini-güclərini buraxıb ermənilərin könüllərini xoş etməyə çalışan bu madamların və müsyölərin Azərbaycan düşmənçiliyi hətta öz ölkələrində də məşhurdur. Narazılıqlar, etirazlar səngimir, fransız xalqı erməni lobbisinin əlaltısına çevrilmiş belə əbləhlərin yaramazlıqları ücbatından “kef edə” bilmir.

Bəs bu fransız mer və siyasətçilərin dərdləri, ümumiyyətlə Fransanın Azərbaycana qərəzli münasibətinin səbəbi nədir görəsən? Axı, biz heç bir dövlətə qarşı düşmənçilik siyasəti aparmırıq. Hətta otuz il torpaqlarımızı işğalda saxlamış Ermənistanla da sülh şəraitində yaşamağın tərəfdarıyıq. Ancaq xatırlatmalı olacağıq ki, hətta erməni işğalı müddətində də Fransa xüsusilə Makron bu ölkənin prezidenti seçildikdən sonra hər vəchlə Cənubi Qafqazda sülhün və sabitliyin əldə edilməsinə mane olmağa çalışıb. Vaxtilə ATƏT-in Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli məqsədilə yaradılmış Minsk qrupunun həmsədri olduğu müddətdə Fransanın təmsilçiləri həmişə Azərbaycana qarşı qərəzli münasibət göstərərək erməniləri işğal siyasətini davam etdirməyə şirnikləndiriblər. Bu gün də açıq görünür ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, eləcə də Ermənistanla sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın yaranması Fransanı ciddi narahat edir. Təbii olaraq Makron hökuməti özünün bu prosesdən kənarda qaldığının fərqindədir. Əslində isə bütün bunların səbəbi də məhz elə Fransanın açıq-aşkar işğalçı Ermənistanın tərəfini saxlamasıdır.

Təəssüf ki, Fransanın qanunverici orqanının timsalında da dəfələrlə Azərbaycana qarşı qərəzin və erməni təəssübkeşliyinin şahidi olmuşuq. Həmsədrliyi müddətdə bircə dəfə də Ermənistanın işğalçılıq siyasətini pisləməyən, özündə bu işğalın qeyd-şərtsiz aradan qaldırılmasını ehtiva edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir real və səmimi addım atmayan Fransanın Senatı Vətən müharibəsindən sonra dəfələrlə ölkəmizin əleyhinə beynəlxalq hüququn norma və prinsiplərinə zidd qətnamələr qəbul edib.

Başda Ann İdalqo olmaqla fransalı merlərin və siyasətçilərin COP 29-a Azərbaycanın ev sahibliyi etməsinə etirazlarına gəlincə, əvvəla onların iddialarının heç bir əsası yoxdur. Çünki neft və qaz sənayesi Azərbaycan iqtisadiyyatında əhəmiyyətli çəkisini saxlasa da bu gün Avropanın həmin enerji resurslarına daha çox ehtiyacı var. Üstəlik, “ermənidən artıq erməni olmağa iddialı” bu fransızlar nəzərə almaq istəmirlər ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarını azad etdikdən sonra Avropanın mühüm elektrik enerjisi, əsasən, də “yaşıl enerji” təchizatçısına çevrilməyi planlaşdırığını da dəfələrlə bəyan edib. Dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji potensialı ilə bağlı bildirib ki, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir: “Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq.”

Azərbaycan ekoloji təmiz dünya üçün beynəlxalq təşəbbüslərlə çıxış etdiyi halda, Fransanın ermənipərəst dairələrinin ölkəmizə qarşı çirkin təşəbbüsləri həm də ona görə təəccüb doğurur ki, Ermənistan özü belə COP 29-un Azərbaycanda keçirilməsinə razılıq verərək namizədliyini bizim xeyrimizə geri götürüb.

Başqa bir məqam isə Fransanın özünün ətraf mühitə münasibətindəki ciddi problemlərlə bağlıdır. Məlum olduğu kimi, 2024-cü ildə Fransa paytaxtı Yay Olimpiya Oyunlarına ev sahibliyi etməlidir. Ancaq dünya KİV-lərinin yazdığına görə, başı erməni “bacılarına” qarışan mer Ann İdalqonun yarıtmaz fəaliyyəti nəticəsində Paris getdikcə zibilliklər şəhərinə çevrilməkdədir və bu gedişlə paytaxtın ekoloji problemlərinin həlli müşkülə çevriləcək. 

Beynəlxalq araşdırma qrupları ümumilikdə bu ölkənin yaratdığı ekoloji təhlükələrdən bəhs edirlər. Belə ki, hesabatlara görə, Fransa Aralıq dənizini plastik vasitələrlə çirkləndirən ölkələr sırasında liderdir. Dünya Vəhşi Təbiət Fondunun (WWF) “Plastik çirklənmə: günahkar kimdir? 2030-cu ilə qədər sıfır plastik çirklənməyə nail olmaq üçün sistemli səbəblər və ssenari” adlı hesabatına görə, dünya okeanının ən çirkli hissəsi Aralıq dənizinin payına düşür və hər il ora təxminən 600 min ton plastik tullantı axıdılır. Bu, Hind okeanı və ya Sakit okeana atılan tullantılardan dörd dəfə çoxdur. 22 sahilyanı ölkə arasında Fransa plastik çirklənməyə görə Aralıq dənizində liderlik edir. Regionun illik 24 milyon ton plastik tullantılarının 4,5 milyon tonu fransızların “əsəridir”.

İndi bütün bu faktlardan sonra Azərbaycana şər atan fransız mer və siyasətçilərin həyasızlıqları sadəcə ikrah doğurur...

Mahir Rəsuloğlu, “İki sahil”