20 dekabr 2023 16:10
614

“Kirli” siyasi texnologiyaların təzahürü

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə növbədənkənar prezident seçkiləri elan edilib. Qərara görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar seçkilərin 2024-cü il fevralın 7-nə təyin olunmasını və səsvermənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Fəxrlə qeyd edə bilərik ki,bu seçki Azərbaycanın dövlətçilik tarixində baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək.Budəfəki seçkilər əvvəlki illərdəki seçkilərdən fərqli olacaq.Çünki, ilk dəfə olaraq biz qalib ölkə üçün prezident seçəcəyik.Üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. 2023-cü il 19-20 sentyabrda isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi.

Ölkəmizdə sosial problemlər heç zaman ərazi bütövlüyü məsələsindən öndə olmayıb. Azərbaycan xalqı hər zaman inkişafa, sabitliyə, tərəqqiyə səs verib. Prezident olmaq istəyən namizədlərin də çıxışlarında Qarabağ, suverenlik, ərazi bütövlüyünün təmin olunması mövzuları prioritet təşkil edirdi.

Etiraf edək ki, 2020-ci ilə qədər keçirilən seçkilərdə müxalifətdən olan namizədlər çıxışlarını əsasən keçmiş Qarabağ münaqişəsi ətrafında qurardular .Bu gün isə Qarabağ mövzusu aktual deyil və yaxud ümumiyyətlə yoxdur. Sağlam rəqabət əvəzinə təxribatları seçən destruktiv müxalifətin yanaşması seçkiləri qərəzli şəkildə “boykot” etməsi xarici qüvvələrə xidmətin əyani təzahürüdür. Çünki “boykot” siyasi rəqabət metodu deyil. Bu sadəcə olaraq qərəzli informasiya və manipulyasiyalar üçün münbit şərait yaradan “siyasi texnologiyadır” və ya sifarişli təxribatdır. “Kirli” texnologiyaların klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyalar yaratmaq üçün istifadə edilir.

Əslində bu kimi yanaşmalar “ikili standartlar” siyasətinin mahiyyəti olaraq ortaya çıxır. Beynəlxalq münasibətlər sistemində isə bu kimlərinsə sonu bilinməyən geosiyasi “iştahalarının” təzahürüdür. Məhz radikal təfəkkürün əsasında da kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanır.Bütün bu sadalanmış amillər isə manipulyasiya mexanizminin tərkib alətləridir.

Təsadüfi deyil ki, Qərbin mürəkkəb siyasi texnologiyalarının metodoloji bünövrəsində məhz emosional manipulyasiyalar dayanır. Bir sıra beynəlxalq qurumlar, hüquq müdafiə təşkilatları Avropada insan haqlarının kütləvi surətdə pozulmasına, mitinqlərin zorakılıqla dağıdılmasına və jurnalistlərin həbsinə susqunluq nümayiş etdirir, Azərbaycanda isə kiçik bir hadisəni xüsusi olaraq qabardır, ona siyasi məzmun verərək ölkəmizə qarşı ittihamlar irəli sürürlər.
Emosional sabitlik və ya emosional durum pozulan zaman fərd və cəmiyyət manipulyasiya üçün tam açıq və müdafiəsiz olur.Emosional durum pozulanda adekvatlıq itir.İctimai və siyasi fəaliyyətlərini yalnız digərlərinin “tənqidinə” həsr etmiş müxalifət nəinki məsuliyyətsiz davranır,  eyni zamanda, cəmiyyətə əldə olunan nailiyyətlərə, tarixə və bütövlükdə ölkəmizin gələcəyinə qarşı da məsuliyyətsiz davranmış olurlar.Sözügedən hal bütün cəmiyyət müstəvisində yaşananda isə daha böyük faciələr yaşana bilər.Bilavasitə siyasi texnologiyaların təbiəti ilə bağlı olan bütün bu mülahizələr seçkilər zamanı xüsusilə aktuallaşır. Məhz elə bu səbəbdən də Qərbin siyasi texnoloqları cəmiyyətin saf və sadəlövh emosiyalarından məharətlə istifadə edərək öz kirli manipulyasiyalarını həyata keçirirlər. Elə buna görə də radikalların “kirli” siyasi texnologiyalarının açıq şəkildə ifşa olunmasının artıq zamanıdır.

Seçkiqabağı kampaniyalar kimlərinsə sifarişi ilə məkrli tamaşaların nümayişi meydanına çevrilməməlidir. İnsanların duyğuları hansısa yad qüvvələrin şəxsi ambisiyalarını təmin etmək alətinə çevrilməməlidir. Odur ki, xalqın siyasi iradəsinə təsir edə biləcək bütün manipulyasiya alətləri zamanında ifşa olunmalıdır.

Yuxarıda qeyd olunan məsələlərə baxmayaraq qeyd eməliyik ki, Fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlılar  müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında - Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda, Kəlbəcərdə və azad olunmuş digər yerlərdə səs verəcəklər.

Bəli, məhz şəhidlərimizin qanı bahasına alınmış  torpaqlarımızda! Bundan böyük qürur və sevinc hiss ola bilməz.

Aybəniz  Şahmuradova
YAP Xətai rayon təşkilatının "Vunq Tau 12" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü