21 dekabr 2023 01:15
309

Qərblilər hayların xəyallarının quyruğunu buraxmırlar

Dördüncü aydır ki, Xankəndidə yaşayan ermənilər köçüb Ermənistana getmişlər. Bununla da Azərbaycanda separatizmin yuvası dağılmış, otuz iki il davam edən erməni təcavüzü tamamilə aradan qaldırılmışdır. Ermənistana və bir qismi Rusiyaya köçən ermənilərin heç biri öz narazılığını ifadə edə etməmişdir. Bəziləri isə "Allah haqqı" deyə and içərək azərbaycanlıları "sevdiklərini" də bildirmişdilər. Köçən haylar Azərbaycan ərazilərini tərk edən məqamda televiziyalara "intervyu" verərək demişlər ki, onları qovan və ya təzyiq edən yoxdur, sadəcə ömürlərinin qalan hissəsini Ermənistanda və ya hansısa ölkədə keçirmək istəyirlər.

Könüllü gedənə yaxşı yol arzulayarlar. Biz də belə etdik. Ermənistan rəhbərliyi bununla artıq barışıb, çünki yersiz tələb etməyə üzləri və haqları yoxdur, separatçı əməllər, kütləvi qətllər, qarət və talançılıq, soyqırımları törədiblər. Bir də ki, vətəndaşları öz ölkəsinə qayıdır, Ermənistan öz hayını qovmalı deyil ki? Məsələn, baş nazir Nikol Paşinyan bildirib: "Qarabağdan Ermənistana gəlmiş ermənilərin geri qayıtmaq imkanları yoxdursa, onların Ermənistanda qalmaları üçün hər şeyi etməliyik". Buyursunlar, bu da ermənibaşının fikri.

Halbuki rəsmi Bakı ölkəni könüllü tərk edərək Ermənistana yollanmış ermənilərin geri qayıtmalarında heç bir problem olmadığını dəfələrlə bəyan edib. Geri dönmək istəyən  ermənilər Azərbaycanın mövcud qanunvericiliyində nəzərdə tutulmuş prosedurları yerinə yetirməli, ölkə vətəndaşlığını qəbul etməli, Azərbaycan cəmiyyətinə inteqrasiyaya başlamalıdırlar. Vəssalam, şüdtamam, bu qədər sadə!

Ancaq "qaşınmayan yerdən qan çıxarmağa" çalışan qərbli araqarışdıranlar iki ayağnı bir başmağa dirəyib bunu qəbul etmirlər.  Estoniyanın sabiq xarici işlər naziri, hazırda Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinə başçılıq edən 61 yaşlı Marina Kalyurandın son bəyanatı da deyilənlərə sübutdur. O, Azərbaycandan tələb edir ki, "ayağımızın altını qazan ermənilərin gül üzlərinə üf" etməyək. Marina Kalyurand deyib: "Rəsmi Bakının Avropa İttifaqının, avrokomissar Jozep Borrelin, Avropa Parlamentinin sədri Roberta Metsolanın ünvanına tənqidləri qəbuledilməzdir. Avropa İttifaqının, bizim Ermənistandakı monitorinq missiyamızın ünvanına da Azərbaycandan çoxlu tənqidlər eşidirik. Vəziyyəti diqqətlə müşahidə edirik. Azərbayacanın verdiyi vədlərə əməl edərək ermənilərin Dağlıq Qarabağa qayıdışlarını və ora dönmək istəyən ermənilərdən Azərbaycan vətəndaşlığını qəbul etmədən, hər hansı təhdidə məruz qoyulmadan təhlükəsizliklərinin təminatını gözləyirik. Qarabağlı ermənilərə hər hansı təzyiq beynəlxalq hüquq baxımından yolverilməzdir".

Soyadı kal sözü ilə başlayan keçmiş nazirin deyəsən özü də kaldır. O hələ də bilmir ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi yoxdur. Eston siyasətçinin bəyanatının hər cümləsi idiotizm, eqoizm, siyasi bisavadlıq və marazmdır. Marina Kalyurandın mavi dünyasında "qarabağlı ermənilər" kütləvi şəkildə geri qayıdaraq heç bir maneələr olmadan yenidən məskunlaşa bilərlər. Təbii ki, erməni işğalından azad edilmiş ərazilərdə, özü də Azərbaycan vətəndaşlığını qəbul etmədən. Üzə, astara bax! Vandal erməni dəstələri on iki rayonumuzda vəhşicəsinə izimizi belə silmək üçün şəhər və kəndlərimizi dağıdıb xarabazara çevirəndə, dini, mədəni, tarixi abidələrimizi məhv edəndə həmin bu siyasi əxlaqsızlar ağızlarına su almışdılar.

Bəs yaxşı, geri qayıdan ermənilər vətəndaşlığımızı qəbul etmədən Azərbaycan ərazisində hansı statusda yaşayacaqlar? Yoxsa ölkəmizi özləri üçün yolüstü dayanacaq hesab edirlər? Bu, bəlkə Marinadan başqa kimsənin bilmədiyi yeni birgəyaşayış növüdür? Bəs onda nə üçün özləri ölkələrinin sərhədlərini tikanlı məftillə bağlayıblar? Orada gömruk və polis məntəqələri, əlisilahlı sərhədçilər gecə-gündüz görmə cihazları ilə ayıq-sayıq durur, sənədlər dəqiqliklə yoxlanır, sərhədi keçənlərin əl çantaları, deklarasiyaları ciddi yoxlanılır, sərhəddən bir quşun da icazəsiz keçməsinə imkan vermirlər. Qısaca desək, o hansı dövlətdir ki, öz sərhədlərini qorumur?

Görkəmindən xəyalpərəstlik yağan Marina Kalyurandın bəyanatının forma və mahiyyəti qanmaz uşaq illüziyasından o yana keçmir. O, çox güman ki, erməni işğalından azad edilmiş bütün ərazilərimizdən hərbçilərimizin və polis əməkdaşlarının, dövlət qurumlarını mənsublarının çıxarılmasını, həmin ərazilərə ermənilərin yerləşməsini yalnız müşahidə etməyimizi, Xankəndində separatçı rejimin bərpasını, ermənilərin yenidən silahlı dəstələr yaradaraq terror hücumları etməsini "beynəlxalq hüququn tələbləri" sayır. Əcəb axmaq düşüncədir, bu ağılla hələ utanmadan başqalarına öyüd-nəsihət də verir, öz gicbəsərliklərini başqalarına da nümayiş etdirirlər. Bu adamın ağlına dua yazdırması gərəkdir.

Görəsən, burunlarını müstəqil dövlətin daxili işlərinə soxan bu siyasi çıxdaşlar öz ölkələrində bizim üçün dediklərinə yol verərlərmi? Şübhəsiz, verməzlər.

Bu sətirləri yaza-yaza bir lətifə yadıma düşdü. Rəhmətlik qəzəlxan şairimiz Əliağa Vahidin qapısındakı it ölür. Dostları ona zarafat etmək məqsədi ilə qənd-çay alıb şairin evinə “yasa” gəlirlər. Vahidin xanımı qapını açanda görür ki, şair və yazıçılardır, hərəsinin qoltuğunda balaca bir torba  qapıda durublar. Qadın bir anlıq çaşıb nə edəcəyini bilmir. Vahidi səsləyir. O, dostlarını görən kimi məsələni başa düşür və vəziyyətdən belə çıxır:

-Nə durmusan, tez çay-çörək hazırla, görmürsənmi itimizin nə çox qohum-qardaşı var?

Bu lətifədən sonra yazmağa daha bir kəlmə də söz tapmıram...

Vəli İlyasov, "İki sahil"