21 dekabr 2023 01:57
270

Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib

Ölkəmizin ev sahibliyi etdiyi, həmçinin Prezident İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlər tarixi Zəfərimizin reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə beynəlxalq dəstək ölkəmizin artan nüfuzunun, möhkəmlənən mövqeyinin göstəricisidir.

Bu gün Azərbaycana beynəlxalq baxışın hansı səviyyədə olduğu ev sahibliyi etdiyi və qatıldığı tədbirlərin say tərkibindən də aydın görünür. Son aylarda bu tədbirlərin statistikasına diqqət yetirək.

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirildi. Azərbaycanın türk dünyasının birliyinə, həmrəyliyinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Həmin Zirvə görüşü bu məqamlara bir daha işıq saldı. Bu staistik rəqəm də açıqlandı ki. Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə yatırılan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlanıb. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb. Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir. Bu Zirvə görüşünün ardınca noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirildi.

Bu mühüm məqamı xüsusi qeyd etmək lazımdır ki, hazırkı dövrün əsas çağırışı bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında da bu məqam vurğulandı ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Azərbaycanın bərpa olunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.

Yaxın gələcəkdə ölkəmiz yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və Anlaşma memorandumlarına əsasən qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı oldu. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Onu da qeyd edək ki, azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Noyabrın 24-də Bakıda Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Dövləçt başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirdi. Ölkəmizin son 20 ildə qazandığı sosial-iqtisadi göstəricilərə diqqət yetirək. Bu müddətdə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Bu illər ərzində ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Belə ki. Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılışı olacaq.

Göründüyü kimi, Azərbaycan hər bir sahədə əməkdaşlığa xüsusi önəm verir və bunu atdığı addımları ilə təsdiqləyir. Tarixi Zəfərimizdən sonra bu əlaqələrin daha geniş coğrafiyanı əhatə etdiyi göz qabağındadır. Azərbaycan bu ilin oktyabar ayında 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Reallıq budur ki, Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq Azərbaycanda kosmik sənayenin inkişafı davam etdirilir. Bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müasirləşdirilmə gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.

Hazırkı dövrün reallığı budur ki, Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. Ölkəmizin ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin gündəmə gətirdiyi hər biri layihə beynəlxalq dəstək qazanıb. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir.

Ölkəmizin Avropa institutları ilə də əməkdaşlığ uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, dövlətimizin xarici siyasətinin gündəliyini nümayiş etdirir.

Azərbaycanın yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Şərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan tolerantlıq məkanı, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır. Cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə «Multikulturalizm İli», 2017-ci ilin «İslam Həmrəyliyi İli» elan edilməsi də bunun bariz nümunəsidir. «Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Otuz ildən artıq müstəqillik dövründə həyat tərzimizin bu faktorunu gücləndirmişik. Müxtəlif xalqların, millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayır və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edir. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.

Dövlət başçısı İlham Əliyev hər bir çıxışında diqqəti üç il əvvəl tarixi Zəfərə imza atmağımıza yönəldir. 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları hazırkı dövrdə keçirilən bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə geniş təhlil edilir. «Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü» bildirən cənab İlham Əliyev onu da vurğulamışdır ki, uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışdıq. 28 il danışıqlar prosesinə sadiq qaldıq. Özünümüdafiə hüququmuzdan, BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan istifadə etdik. Üç il əvvəl ərazilərimizi işğaldan azad etdik, ərazi bütövlüyümüz bərpa olundu.

Bu ilin mühüm uğurlarından biri təbii ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması oldu. Dövlət başçısı İlham Əliyev separatçılardan təmizlənmiş ərazilərimizə səfər edərək Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Dövlətimizin başçısının iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi.

Cənab İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresində bu məqamı da xüsusi vurğuladı ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir: « Beləliklə, Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır.»

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Ölkəmizin ev sahbiliyi etdiyi tədbirlər əməkdaşlığın coğrafiyasının nə qədər geniş olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına- COP29-a ev sahibliyi edəcək. Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. 

Bu qərar ölkəmizin növbəti uğuru kimi dəyərləndirilir. Bu, Azərbaycana inamın və etimadın göstəricisidir. «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı» söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, bu hadisənin önəmi ondadır ki, qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur.

Ölkə Prezidenti COP29-un bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmədiyini bildirir. COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək. Bu sayda nümayəndə Azərbaycan reallıqlarının şahidinə çevrilməklə ölkələrində təbliğinə yardımçı olacaqlar. Azərbaycan malik olduğu imkanların təqdimatı üçün növbəti tribunanı qazanmaqla bir daha beynəlxalq münasibətlər sistemində yeri və roluna yeni əlavələr edəcək.

Cari ilin son aylarının qısa təhlili əsasında Azərbaycanın xarici siyasətinin dəyişməz prinsiplərinin qazandırdığı uğurların aydın mənzərəsini təqdim etdik. Qalib Azərbaycan bundan sonra daha möhtəşəm tədbirlərə ev sahibliyi ilə diqqətdə olacaq. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana etimad böyükdür. Təbii ki, bu uğurlarımızda dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzu əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin yürütdüyü siyasətə dəstək onun fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibindən də aydın görünür. COP29 bir daha bu reallıqların təqdimatına geniş imkanlar yaradacaq.

Yeganə Əliyeva, «İki sahil»