21 dekabr 2023 00:11
356

Reallıqla üzləşmək xofu...

Künc zərbəsi

Radikal müxalifətin “boykot” qərarı sifarişli təxribatdır

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ciddi əsaslardan qaynaqlanmaqla yanaşı, həm də ölkənin siyasi arenasında sağlam rəqabət imkanları yaratması baxımından əhəmiyyətlidir. Yəni proses, eyni zamanda, yeni demokratik mübarizə mühiti formalaşdırır ki, bu da siyasi partiyalar və onların liderləri üçün xalqa öz fəaliyyətlərinin hesabatını vermək fürsəti yaradır. Sadə dillə desək, hansı cəbhədə təmsil olunmasından asılı olmayaraq öz elektoratına, nüfuzuna və partiyasının gücünə güvənən istənilən siyasi xadim növbədənkənar seçkilərdə iştirak etməklə növbədənkənar uğur qazanmaq şansı əldə edir.

Seçkilərin növbədənkənar keçirilməsi daha çox müxalifətin maraq dairəsində olmalıdır. Təbii ki, burada radikal, destruktiv, öz qərarlarını xarici qüvvələrin sifarişləri əsasında quran antimilli qüvvələr deyil, normal, sağlam müxalifət cəbhəsi nəzərdə tutulur. AXCP-nin, Müsavat Partiyasının, “Milli Şura”nın növbədənkənar prezident seçkilərini boykot etmək qərarlarının arxasında da qərəzli informasiya manipulyasiyaları vasitəsilə Azərbaycanda siyasi sabitliyi pozmaqda maraqlı olan bəzi Qərb dairələrinin dayanması şübhə doğurmur. Bu, Qərbin hansısa ölkədə demokratik yollarla xalqın iradəsinə təsir imkanlarının tükəndiyini başa düşdüyü anda istifadə etdiyi son vasitədir. Özü də daha asan, ucuz başa gələn, hiyləgər vasitə. Radikal müxalif qüvvələrdən istifadə etməklə siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan həmin xarici qüvvələr seçki prosesini də təxribatlar üçün hərtərəfli fürsət yaradan amil kimi dəyərləndirirlər. Bu oyunda alətə çevrilmiş radikal təfəkkürlü satqınların isə əsas xidmətləri onsuz da kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaqdır. Başqa məqsədlər də var. Boykot öz zəifliyini gizlətmək və cəmiyyətdə emosional gərginliyə nail olmaq, iqtidarı qərəzli şəkildə tənqid etmək üçün süni “imkanlar”, həmçinin seçkilər ətrafında beynəlxalq informasiya ajiotajı və seçkidən sonrakı dövrdə təxribatları davam etdirmək üçün səbəblər yaratmaq üçün çirkli vasitədir.

“AXCP, Müsavat, milkisiz şura növbədənkənar seçkilərdə iştirakdan niyə imtina etdi” sualının cavablarından biri də onların reallıqlarla üzləşmək xofu ilə bağlıdır. Məsələn, Əli Kərimli öz gücünə, nüfuzuna güvənsəydi yəqin növbədənkənar seçkilər onun üçün göydəndüşmə fürsət olardı. Çünki bu seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub və bununla da seçkilərdə iştirak etmək üçün bütün siyasi partiyalara imkan yaradılıb. Ancaq sağlam rəqabət aparmaq limitlərinin tükəndiyini əli kərimlilərin, arif hacılıların, antimilli şura üzvlərinin özləri də yaxşı başa düşürlər.

Radikal müxalifətin düşdüyü acınacaqlı vəziyyəti əks etdirən mühüm məqamlardan biri də şübhəsiz ki, seçkilərdə əsas söz sahibi olan xalqın həmin “boykotçu” xainlərə münasibətidir. İctimai fəal, yazıçı, mühəndis İlqar Tağının öz sosial şəbəkə hesabından mövzu ilə bağlı paylaşdığı bir status bu münasibəti əks etdirən çox gözəl nümunədir. Xüsusi qeyd etmək istəyirəm ki, İlqar Tağı heç bir siyasi partiyanın, həmçinin Yeni Azərbaycan Partiyasının üzvü deyil. Odur ki, onun Əli Kərimliyə, AXCP-yə ünvanladığı fikirləri həm də əksər Azərbaycan ziyalılarının ürək sözləridir. Statusdan diqqətçəkən məqamları təqdim edirəm:

“AXCP növbədənkənar prezident seçkisinə qatılmayacaq.

Sanki SovİKP-nin qurultaylarısayağı, Əli Kərimlinin (oxu: N.Xruşşovun, yaxud L.Brejnevin) şəxsi “yox” qərarına hamı yekdilliklə “hə” dedi. Ardınca da gurultulu, sürəkli alqışlar!!!

Nəyə sevinib əl çaldınız, cənablar və xanımlar?

...Milli Məclisdə təmsil olunmağa can atma, Prezident olmağa can atma, yaxşı, siz nə üçün varsınız?!

Xalqın başını bundan sonra nə qədər piyləmək fikriniz var?!

Müxalifətçiliyinizin faydalılıq əmsalı sıfırın üstündədirsə, niyə özünüzü buraxmırsız?!

Əlbəttə ki, verdiyim sualları sizin səmimi halınızla cavablandıra biləcəyiniz, lakin dilinizə gətirməyəcəyiniz cavablarınız bunlardır:

- Çünki xalq bizə inanmır.

- Çünki biz zəif olduğumuzu bilirik.

- Çünki biz hikkəmizdən və saxta prinsipiallığımızdan əl çəkmək istəmirik, buna eqo imkan vermir.

- Çünki dövlət idarəçiliyində naşılığımızı bilirik və xalqı uçurumun dibinə yuvarladacağımızın xofu içimizdən hələ də çıxmayıb.”

Hesab edirəm, əlavə şərhə ehtiyac yoxdur...

Mahir Rəsuloğlu, “İki sahil”