20 dekabr 2023 17:34
408

Hindistan Ermənistana niyə silahlandırır? 

Ermənistan və Hindistan arasında “Akaş” (Akash) orta mənzilli Hava Hücumundan Müdafiə sisteminin alınması ilə danışıqlar aparılır. Bir müddətdir ki, Ermənistanın həm Fransa, həm də Hindistan tərəfindən silahlandırılmasını müşahidə edirik. Xüsusilə də bu hadisələr yekun sülh müqaviləsi ilə bağlı gözləntilərin artdığı məqamda baş verir. 

Ermənistanın sülh müqaviləsinin imzalanamsı ilə bağlı prosesi bilərəkdən uzatması ilə bağlı xeyli danışmışıq. Bu dəfə vurğulamaq istədiyim məsələ isə Hindistanın bu məsələdəki canfəşanlığıdır. Əlbəttə ki, hər bir ölkə qərar qəbul etməkdə, alış-verişdə müstəqildir. Lakin Hindistan nəzərə almalıdır ki, Cənubi Qafqazın lider dövləti Azərbaycandır və gələcək perspektivdə də əməkdaşlığın yolu məhz Azərbaycanla normal münasibətlərdən keçir. 

Doğrudur, verilən silahların əksəriyyəti müdafiə xarakteri daşıyır, lakin bu da Azərbaycanın beynəlxalq müstəvidəki mövqeyinə zərbə vurmaq məqsədi güdür. Belə ki, Azərbaycanın Ermənistana hücum etməsi ilə bağlı aylardır ki, bəzi dairələr saxta kampaniya aparır. Məsələn, ABŞ dövlət katibinə istinadla "Politico" nəşrinə bu tipdə bir açıqlama yayımladı. Daha sonra qəzet bu məlumatı yalanladı. Amma anlaşılan odur ki, bəzi dairələr bu istiqamətdə fəaliyyətə start veriblər.

Əvvəla qeyd etməliyəm ki, bu gün Ermənistanın Azərbaycanla sərhədinin böyük bir hissəsinin dəqiqləşdirilməsinə ehtiyac var. Yəni, bu gün cərəyan edən hadisələr şərti sərhəddə baş verir. Kimsə bizi buna görə ittiham edə bilməz. Bu ölkələr anlamalıdır ki, Ermənistana müxtəlif silahların verilməsi bölgədə güc balansına heç bir halda təsir etməyəcək. Digər tərəfdən Hindistan və Fransa kimi ölkələr bu addımlarla Ermənistanı növbəti fəlakətə sürükləyir. Belə ki, Ermənistanın durmadan silahlanmasına, müəyyən təxribat xarakterli addımlarına Azərbaycan səssiz qalmayacaq. Bunu isə beynəlxalq hüquqla təsbit edilmiş ( BMT 51-ci maddə) şəkildə həyata keçirmək hüququmuz var. Yəni 51-ci maddəyə əsasən biz Milli və Təhlükəsizlik maraqlarımıza, sərhədlərimizə qarşı təxribatlar görsək bufer zona yaratmaq hüququna sahibik. Ermənistanın bu addımları hətta onların gələcəkdə suverenliklərini ciddi şübhə altına salmış olur. Bəli, Ermənistan 30 il öncə buraxılan səhvi təkrarlamamalı, inkişaf etmək istəyirsə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, kommunikasiya xətlərini açmalıdır. 

Hindistana gəldikdə isə onların bu addımları anlaşılan deyil. Azərbaycandan ən çox neft idxal edən ölkələr arasında Hindistan ilk beşlikdə yer alır. O zaman Hindistanın bu addımlarının səbəbi nədir? Sözsüz ki, bütün bunlar əsasən Cənubi Qafqaz uğrunda mübarizənin nəticəsidir. Digər tərəfdən isə Hindistan Pakistan-Azərbaycan əlaqələrini çox yaxşı anlayır və bölgədə var olmaq üçün Ermənistanla əməkdaşlıq yolunu seçib.

Fuad Heydər