19 dekabr 2023 15:17
3909

Təxribat oyunları və müxalifətin “kirli” siyasəti

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Artıq Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bundan başqa, ölkədə fəaliyyət göstərən ayrı-ayrı partiyaların rəhbərləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliklərini irəli sürüblər. Potensialı və elektoratı olan siyasi partiyaların rəhbərləri yaxşı dərk edirlər ki, əslində demokratik cəmiyyətlərdə seçkilər bütün siyasi qüvvələr üçün yaxşı imkandır. Təbii ki, respublikamızda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən tarixi reallıqlar var. Eyni zamanda, bu siyasi prosesin azad, ədalətli, şəffaf şəraitdə keçirilməsi üçün çox əlverişli demokratik mühit mövcuddur. Xüsusilə burada ən önəmli məqamlardan biri odur ki, müstəqil Azərbaycanın tarixində seçkilər ilk dəfə bütün ölkə ərazisində keçiriləcək.

Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə baş tutub, İlham Əliyevin səslərin 86 faizini topladığı elan olunub. Müxalifət həmin seçkiləri boykot edib və müxalifət liderləri seçkidə iştirak etməyib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün hətta nəzəri şəkildə belə alternativi yoxdur. Bu həqiqəti ölkəmizin hətta ən “böyük dostları” belə etiraf etmək məcburiyyətindədirlər. Ancaq təəssüflə qeyd etməliyik ki, hələ də beynəlxalq münasibətlər sistemində tüğyan edən tendensiyalar və kimlərinsə sonu bilinməyən geosiyasi “iştahalarının” mövcudluğu səbəbindən hər bir ölkə üçün daxili siyasi sabitliyin pozulması ilə əlaqədar potensial təhdid yaşana bilər. Əlbəttə ki, ölkəmizə və bütövlüklə regionumuza müdaxilə etmək imkanlarını getdikcə daha artıq itirmək qorxusunu yaşayan güclər məkrli niyyətlərindən rahatlıqla əl çəkməyəcəklər. Elə bu səbəbdən də onlar seçki prosesinə təxribatlar üçün universal fürsət kimi baxırlar. Kimlərinsə əlində oyuncağa çevrilməmək üçün bəzi sadə həqiqətləri hər bir vətəndaş bilməli və öz ayıq-sayıqlığını qorumalıdır.

Təbii ki, növbədənkənar prezident seçkiləri İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Qətiyyətlə demək lazımdır ki, Ali Baş Komandanımız xalqımıza verdiyi vədlərə ən yüksək səviyyədə əməl etməklə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Bölgədə separatizmə son qoydu və status-kvonu dəyişdirdi, Silahlı Qüvvələrimizin hərbi uğurlarını siyasi-diplomatik müstəvidə uğurla davam etdirdi. Təbii ki, radikal müxalifətin rəhbərləri Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılan belə möhtəşəm qələbələrin müəllifinə rəqib ola bilməyəckləri və seçkilərdə ona ağır şəkildə məğlub olacalarını hər kəsdən yaxşı bildikləri üçün əsassız iddialar və müxtəlif bəhanələrlə seçkilərdən imtina yolunu seçdilər.

Seçki potensiallı və sağlam rəqabət aparmaq niyyətində olan siyasətçi üçün bilik və bacarıqlarını nümayiş etdirmək baxımından yeganə legitim rəqabət vasitəsidir. Odur ki, siyasətdə rəqabət aparmaq üçün bu imkandan imtina edən “iddialı” şəxs, sadəcə, öz zəifliyini etiraf etməklə yanaşı, “boykot” pərdəsi altında gizlətmiş də olur. Bu cür alverçi-siyasətciklər siyasi münasibətlərdə yalnız manipulyasiyalar üçün iştirak edirlər. Əlbəttə ki, seçkilərdə iştirak etməkdən imtina edənlər öz tərəfdaşlarına da arxa çevirmiş olurlar. Bir sözlə, “boykot” onların həm də mənəvi məğlubiyyətinə səbəb olur.

Hətta bu cür qısa ekskurs belə “boykot” adlanan siyasi texnologiyanın qarşısında duran növbəti əsas hədəfləri ifşa edir: qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmaq; iqtidarı qərəzli şəkildə tənqid etmək üçün süni “imkanlar” yaratmaq; öz zəifliyini “kamuflyaj” edərək emosional gərginliyə nail olmaq; seçkilər ətrafında beynəlxalq informasiya ajiotajı yaratmaq və əsasən, seçkidən sonrakı dövrdə təxribatları davam etdirmək üçün yeni səbəblər yaratmaq. Bir daha tam məsuliyyətlə qeyd edə bilərik ki, əslində, “boykot” emosional gərginliyin artırılması və insanları meydanlara çıxartmaq kimi “kirli” məqsədlərin texnologiyasıdır. Həqiqət budur, “boykot” adlı siyasi texnologiyanın strateji təyinatı budur. Təkrarçılıq olsa da, bir daha aydın şəkildə vurğulamalıyıq ki, Qərbin siyasi texnoloq və “ssenaristləri” üçün “boykot” seçki ilə bağlı “təxribatlar” tamaşanın, sadəcə, birinci aktıdır.

Qərbin texnoloqları təcrübəlidir və onların hiylələri bir çox ölkələrdə xalqların ziyanına səbəb olmuş nəticələr veriblər. Ancaq, onlar unudublar ki, Azərbaycanda seçkilərə “boykot” rinqə dəsmal atmaq deməkdir. “Kirli” siyasi texnologiyalarının ifşasına davam. Qərbin siyasi texnoloqları cəmiyyətin saf və bəzən də hətta sadəlövh emosiyalarından məharətlə istifadə edərək öz kirli manipulyasiyalarını həyata keçirirlər. Elə buna görə də radikalların “kirli” siyasi texnologiyalarının açıq şəkildə ifşa olunmasının artıq zamanıdır. Seçkiqabağı kampaniyalar kimlərinsə sifarişi ilə məkrli tamaşaların nümayişi meydanına çevrilməməlidir. İnsanların duyğuları hansısa yad qüvvələrin şəxsi ambisiyalarını təmin etmək alətinə çevrilməməlidir. Odur ki, xalqın siyasi iradəsinə təsir edə biləcək bütün manipulyasiya alətləri zamanında ifşa olunmalıdır.

“Kirli” siyasi texnologiyaların işə düşməsinin ən bəsit indikatoru emosional gərginliyinin süni və qəfil şəkildə artmasıdır. Bu mənada sosial şəbəkələr süni gərginliyin artması üçün ən ideal və işlək platformadır. Siyasi texnologiyalar müstəvisində real və virtual həyat arasında sərhədi aradan qaldıran sosial şəbəkələr artıq rahatlıqla kütləvi qırğın silah növləri ilə müqayisə oluna bilər. Hər bir qalmaqal mütləq olaraq şüvən, qeybət, təhqir, böhtan və hətta normativ leksikonundan uzaq olan ritorika ilə müşahidə olunur. Bu səbəbdən də məsuliyyət hissini itirmiş radikallar qalmaqallı situasiyalarda özlərini daha rahat hiss edirlər. Emosional siyasi texnologiyaların təsir mexanizmi məhz qeyd olunan amilə hesablanıb. Əlbəttə ki, mübahisə və ya açıq debatlarda bənzər emosionallığı özünə rəva görməyən iqtidar nümayəndəsi müəyyən çətinlik çəkəcək. Bilməliyik ki, Qərbin siyasi texnoloqları öz strategiyalarında qeyd olunan amili də mütləq nəzərə alırlar.

İnsanların qeybətə “təbii” meyilliyini nəzərə alan siyasi texnoloqlar hadisələrə sadəcə emosiyalar vasitəsilə rəng qataraq proseslərin gedişatını onlara sərf edən məcrada inkişaf etdirə bilirlər. Emosiyalar, eyni zamanda, əhalinin ictimai şüurunda yanlış sosial stereotiplərin formalaşdırılmasına xidmət edirlər. Daha bir önəmli xüsusiyyət ondan ibarətdir ki, “emosiya” fərdi narazılığı ictimai rəy kimi də təqdim edə bilir. Emosiya üstünlük təşkil edən şüurda rasional düşüncə və məntiq arxa plana keçir, bütün nailiyyətlər unudulur, siyasi davranış isə hirs, acıq və qərəzə tabe olur.

Radikalların “bayraqtutan” hesab olunanlarının bəzi davranışlarını bir anlıq yada salın. Onlardan hansısa biri danışanda əksər hallarda “yarımçıq” yumruq tutur, nitqlərinin 80-90 faizi isə emosionaldır. Nitqin tonallığı yalnız sarkazm və eroniya zamanı aşağı düşür. “Bədən dili” çox ifadəlidir və gizlətmək istədiklərimizi ifşa edir. Siyasətdə isə “bədən dili”, ümumiyyətlə, Morze əlifbası kimidir. Əlbəttə ki, bütün hərəkətlərin həm texnoloji, həm də psixoloji izahları var. Sosial şəbəkələr vasitəsilə özlərini məşhur komikslərin qəhrəmanları kimi hiss edən müxalifetin saxta “Robinqudlar”ın əsl xislət və niyyətləri mütləq ifşa olunmalıdır. Emosiyalara təslim olmaq olmaz və hər kəs taleyüklü məqamlarda yalnız dövlətin yanında durmalıdır. “Kirli” siyasi texnologiyalardan istifade eden müxalifetin saxta siyasileri, elbettdeki xalqın demir yumruğunun dadını Zefer Seçkisinde dadacaqlar.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı