20 dekabr 2023 10:25
269

Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkmiş ölkədir

“Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyevin diqqət çəkdiyi əsas məqamlardan biri də ölkəmizin qonşuluq siyasəti oldu. Ölkə başçısı bildirdi ki,  Azərbaycanın qonşularla münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Ölkəmizin Avropa təsisatları ilə münasibətlərinin öz müsbət dinamikası var. Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri həmrəylik və tərəfdaşlıq nümunəsidir.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə demək olar ki, hər gün dünyanın nüfuzlu KİV-lərinə müsahibələr verirdi, dünya ictimaiyyətinə Ermənistanın təcavüzkar dövlət olduğu, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi uğrunda işğalçıya qarşı müharibə apardığı haqda məlumat verirdi. Siyasi və hərbi sahələrdə olduğu kimi informasiya sferasında da Prezident İlham Əliyev Ermənistanı acı məğlubiyyətə uğratmışdır. Vətən müharibəsində qələbəmizlə Azərbaycan regionda yeni reallıqlar yaratdı. Dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu anladı. Bəzi Qərb dövlətləri, xüsusən Fransa və Avropa Parlamenti Azərbaycanın qələbəsini, müstəqil siyasət həyata keçirməsini, güclənməsini qəbul edə bilmir. Bütün vasitələrlə, o cümlədən, nəzarətlərində olan kütləvi informasiya vasitələrində Azərbaycana qarşı ittihamlar irəli sürürlər, ölkəmizin dünyada qazandığı nüfuza xələl gətirməyə çalışırlar. “Euronews” televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev  bildirib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Son 20 ildə ölkəyə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Neft və qaz sektoru ölkə iqtisadiyyatının əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən ölkəmizin iqtisadi artımı nisbətən zəifdir. Lakin son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ümumi daxili məhsulun 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf 7 faizidir. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb. Bütün bunlara baxmayaraq, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə məhz Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan Azərbaycanla razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb və Ermənistana təqdim edib. Sülh sazişinin şərtləri beynəlxalq hüquqa əsaslanır.

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində  onu da vurğuladı ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Eyni zamanda “Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev qeyd edib ki, əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünlər mümkün qədər tez yerləşdirməlidirlər. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Ölkə başçısı həmçinin qeyd edib ki, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı olub. Növbəti 5-6 ildə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı planlaşdırılır.Prezident İlham Əliyev müsahibəsində onu da bildirib ki, ölkəmizin enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, Azərbaycanın neft hasilatı və ixracı hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı.

 “Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev  vurğulayıb ki, hətta işğal dövründə iqtisadiyyatımız inkişaf edib. Artıq ölkəmiz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Bundan əlavə, bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacaq. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözlənilir. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri