20 dekabr 2023 01:37
299

Sülhə töhfə yox, zərbə vurmaq cəhdi...

Maraqlıdır, Avropa İttifaqının missiyası əslində Ermənistanda nəyi və niyə müşahidə edir?

Avropa İttifaqının (Aİ) Ermənistandakı “mülki” müşahidə missiyasının tərkibini genişləndirmək qərarı birbaşa olmasa da dolayısı ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına zərər verir və vəziyyəti yenidən gərginləşdirməyə xidmət edir.

Aİ ölkələrindən başqa Kanadanın da prosesə qoşulmasından sonra müşahidəçilərin sayının 50 faiz artırılaraq 138-dən 209-a çatdırılması əslində Qərbin Cənubi Qafqazda möhkəmlənmək planının bir hissəsidir. Məqsəd və hədəf də bəllidir: Qərb Ukrayna müharibəsi vasitəsilə zəiflətməyə çalışdığı Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq niyyətindədir. Göründüyü kimi, plan mərhələli şəkildə həyata keçirilir və ardıcıl addımlar Şimal qonşumuzun maraqlarını daha çox təhdid etməyə başlayıb. Gürcüstanın Aİ-yə namizəd statusu almasından sonra Ermənistanda fəaliyyətini genişləndirən Qərb regionumuzu getdikcə daha çox siyasi toqquşmaların mərkəzinə çevirməkdədir. Bəs proseslərin inkişafının Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarına mənfi təsirləri hansılardır? Qərbin son addımları işğalçı ölkədə revanşizmi yenidən necə “körükləyir”?

Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Ermənistan mətbuatına açıqlamasında bildirib ki, müşahidəçilərinin sayının artırılması onların imkanlarını genişləndirəcək və patrulların sayının artırılmasına imkan verəcək. Təbii olaraq ilk növbədə sual yaranır ki, patrulların sayının artmasına, ümumiyyətlə, bu missiyanın Ermənistanda mövcudluğuna ehtiyac varmı? Axı, Azərbaycanın öz ərazi bütövlüyünü, ardınca isə Qarabağdakı “boz zona”nı aradan qaldırmaqla suverenliyini tam təmin etməsinin ardından Ermənistanla sülh müqaviləsinin imzalanması üçün real imkanlar yaranıb. İki ölkə münaqişə və müharibənin başlamasından indiyə qədər sülhə heç vaxt bu qədər yaxın olmayıb. Faktdır ki, xüsusilə son günlər rəsmi İrəvanın Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etməsi və birbaşa təmaslar nəticəsində əldə edilmiş irəliləyişlər dayanıqlı sülhün əldə edilməsi baxımından tarixi imkan kimi dəyərləndirir. Aİ isə Ermənistandakı missiyanın tərkibinin genişləndirilməsini guya regionda sülh və təhlükəsizliyə sadiqliyinin nümunəsi kimi təqdim etməyə çalışır. Ancaq məsələ ondadır ki, Ermənistanın Rusiya ilə sərhədi yoxdur, müşahidəçilər bu ölkənin Azərbaycanla şərti sərhədində patrul xidməti həyata keçirəcək. Missiyanın rəhbəri Markus Ritterin açıqlamasındakı bir məqam bu baxımdan xüsusilə diqqət çəkir. O, bildirib ki, heyətin genişlənməsi ilə bizim Ermənistan-Azərbaycan dövlət sərhədinin Ermənistan tərəfində təhlükəsizlik vəziyyətini müşahidə edərək hesabat vermək, habelə münaqişədən zərər çəkmiş rayonlarda insanların təhlükəsizliyinə töhfə vermək üçün daha geniş imkanlarımız olacaq.

Göründüyü kimi, Aİ, əvvəla öz maraqları və regionda mövcudluğunu əsaslandırmaq naminə Azərbaycanı Ermənistana qarşı təhlükə mənbəyi kimi təqdim edir. İkincisi, Ermənistanda “münaqişədən zərər çəkmiş” rayonların olduğunu iddia etməklə Azərbaycanı digər tərəfin ərazilərinə müdaxilə etməkdə və zərər verməkdə günahlandırmış olur. Belə bədnam açıqlamalar isə təbii ki, Ermənistanda revanşizm meyillərinin baş qaldırmasına və artmasına şərait yaradan ciddi amillərdir. Halbuki nəinki Azərbaycan Ermənistan ərazisiniə müdaxilə etməyib, əksinə anklavlar – Qazax rayonunun yeddi və Naxçıvanın bir kəndi hələ də işğal altındadır və sülh danışıqlarında müzakirə mövzularından biridir. Necə olur ki, Ermənistan heç vaxt münaqişə nəticəsində hansısa rayonunun “zərər çəkməsi” ilə bağlı Azərbaycana qarşı iddia sürməyib, ancaq Aİ öz yanından belə bir qərara gəlib?

Axı Azərbaycan və Ermənistan liderləri elə Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilmiş üçtərəfli görüşdə qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü tanıdıqlarını rəsmi şəkildə bəyan ediblər və bunu cənab M.Ritter də yaxşı bilir. Onu da yaxşı bilir ki, Azərbaycan dəfələrlə heç bir qonşu dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiasında olmadığını bildirib, təkcə sözdə deyil, atdığı real addımlarla da bu mövqeyini təsdiq edib. Üstəlik, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də yayılmış birgə açıqlaması, iki ölkə arasında dayanıqlı sülhə nail olunması, həmçinin etimad quruculuğu istiqamətində ciddi addımların atılması, humanizm dəyərləri rəhbər tutularaq 32 erməni, 2 azərbaycanlı hərbçinin azad edilməsi Aİ nümayəndəsinin iddialarının yalan və böhtan olduğunu, başqa məqsədlər güddüyünü göstərir.

Nəticə olaraq, Aİ-nin Ermənistandakı “mülki” müşahidə missiyasının məqsədi sülhə töhfə vermək deyil, əksinə zərbə vurmaqdır. Bu riyakar təsirləri neytrallaşdırmağın ən sadə yolu isə sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan ədalətli sülhün əldə edilməsində maraqlı tərəf olduğunu, sülh gündəminə sadiqliyini səmimi şəkildə nümayiş etdirir. İmzaların atılması və son nöqtənin qoyulması üçün qalır Ermənistan hakimiyyətinin də adekvat davranışı və Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi iradəsi...

Mahir Rəsuloğlu, “İki sahil”