19 dekabr 2023 23:11
299

Paşinyanın bir əldə iki qarpız tutmaq mərəzi

Ermənistan hökuməti eyni vaxtda həm Qərbə, həm də Rusiyaya xidmət etməklə öz maliyyə-iqtisadi və hərbi-siyasi maraqlarını reallaşdırmağa çalışır

Ermənistanın müttəfiqi Rusiyanın müharibə səbəbindən düşdüyü mürəkkəb vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışdığı, rəsmi Moskva qarşısında götürdüyü öhdəliklərə xəyanət etdiyi hər kəsə məlumdur. Baş nazir Nikol Paşinyan öz aləmində ölkənin təhlükəsizliyini təmin etmək üçün başqa müttəfiqlər axtarışındadır. Əslində belə mövqe Paşinyanın siyasətində ilk hadisə deyil. Buna qədər də o, imkan yarandıqca Rusiyadan qaçaraq Qərbin yanında yer almağa, onu himayə edən Rusiyaya arxadan zərbə vurmağa cəhdlər edib. Ermənistanın indiki hökuməti Qərbə doğru reveranslar etsə də, Rusiyanın da ətəyini buraxmağa qorxur. Çünki buna nə siyasi iradəsi, nə də iqtisadi imkanları çatmır.

Bu günlərdə Ermənistandakı hakim partiyanın Gümrüdə keçirilən qapalı toplantısının bəzi detalları məlum olub. Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan Qərbin dəstəyinin zəifliyindən gileyləniblər: “Bizim “Vətəndaş müqaviləsi”ndəki mənbələrimiz əmin edir ki, baş nazir Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) İqtisadi Şurasının və MDB ölkələrinin Liderlər Şurasının dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək iclasında iştirak edəcək. Məlum olduğu kimi, rəsmi İrəvan uzun müddətdir ki, Rusiya platformalarını boykot edir: nə Ermənistanın xarici işlər naziri, nə Təhlükəsizlik Şurasının katibi, nə parlament sədri, nə də baş nazir Rusiyanın sədrliyi ilə keçirilən siyasi toplantılarda iştirak etmir. Onlar yalnız iqtisadi iştirak və əlaqələri saxlamaq qərarına gəliblər. Lakin partiyanın şənbə günü Gümrüdə keçirilən siyasi toplantısında Nikol Paşinyan və Ararat Mirzoyan gileyləniblər ki, Qərb onların addımlarını düzgün dəyərləndirmir, ona görə də Rusiya ilə münasibətlərdə yumşaq siyasətə keçməyin vaxtı çatıb. Beləliklə də onlar qarşıdakı tədbirlərdə iştirakına eyham vurublar.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Nikol Paşinyanın MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi görüşündə, eləcə də Aİİ-nin Sankt-Peterburqda keçiriləcək rəsmi iclaslarında iştirak edəcəyi barədə siqnal aldıqlarını demişdi. Paşinyanın partiyasının qapalı toplantısında səslənən fikirlər bu məlumatı təsdiqləmiş olub. Beləliklə də Paşinyan “eyni zamanda iki oturacaqda oturmaq taktikası”nı yürütməyə çalışır. Bu da onun ikiüzlü mövqeyinin göstəricisidir. Ermənistan eyni vaxtda həm Qərbə, həm də Rusiyaya xidmət etməklə öz maliyyə-iqtisadi və hərbi-siyasi maraqlarını reallaşdırmağa çalışır. Şübhəsiz ki, Ermənistanın "paralel manipulyasiya" siyasəti hər iki tərəfə məlumdur. Lakin bunun necə nəticə verəcəyi isə yalnız tərəflərin reaksiyalarından asılı ola bilər.

Məlumdur ki, Ermənistanın siyasi elitası Rusiyanı ölkələrinin bütün siyasi uğursuzluqlarında və hərbi məğlubiyyətlərində ittiham edirlər. Hətta Rusiyanın toplantılarını da boykot etməyə çalışırlar. Lakin bütün bunlara baxmayaraq, Kreml rəsmi İrəvana münasibətdə maksimum səviyyədə tolerant davranır. Rusiya tərəfindən Ermənistana qarşı indiyə qədər hər hansı radikal və prinsipial addımlar atılmayıb. Əksinə, Rusiya tərəfi İrəvanın yanlış yoldan geri dönəcəyinə inandığını bildirir. Lakin şübhəsiz ki, bu oyunun arxasında da başqa həqiqətlər dayanır. Məsələnin pərdəarxası isə belədir ki, Qərb mətbuatında Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaq üçün gizli yardım göstərdiyi barədə məlumatlar yayılmağa başlayıb. Bildirilib ki, rəsmi İrəvan Rusiyaya qarşı sanksiyalardan külli miqdarda "qara maliyyə" qazanmağa nail olub. Elə buna görə də Ermənistanın iqtisadi göstəriciləri real imkanlarını iki dəfədən çox aşıb. Bu, beynəlxalq səviyyədə böyük qalmaqallar yaratmalı olan məsələdir. Məlum olub ki, Ermənistan Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra Avropa məkanından öz əhalisinin ehtiyaclarını dəfələrlə üstələyən həcmdə elektrik avandanlıqları idxal edib. Bütün bunlar azmış kimi, Qərbdən idxal edilən həmin avadanlıqların Ermənistanın daxili bazarlarına çıxarılmadığı da məlum olub. Bu baxımdan, idxal edilmiş malların hara "buxarlandığı" olduqca ciddi məqamdır. Səssizliyin isə nə qədər davam edəcəyi hələ bilinmir…

Sevinc Azadi, “İki sahil”