20 dekabr 2023 02:57
274

Konseptual inkişaf yolunun bələdçisi və nümunəsi - Azərbaycan

«Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2024-cü il fevralın 7-də respublikamızda da dünyada qəbul olunmuş təcrübə kimi, növbədənkənar prezident seçkiləri keçiriləcək. Həmin gün xalqımızın birlik və həmrəyliyinin növbəti təzahürü kimi tarixə yazılacaq, İllərin təcrübəsi göstərir ki, siyasi kampaniyalar hər bir ölkənin demokratik inkişafının göstəricisidir. Tam əminliklə demək olar ki, bütün siyasi kampaniyalarda siyasi, iqtisadi, sosial inkişafı ilə fərqlənən Azərbaycan növbəti dəfə demokratik islahatların davamlı aparıldığı nümunəvi ölkə olduğunu təsdiqləyəcək.

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra respublikamızın inkişaf yoluna nəzər salmaqla regionda və dünyada nümunə göstərilən Azərbaycanın heyrətləndirici uğurlarının şahidi oluruq. Respublikaya rəhbərliyə başladığı gündən siyasi fəaliyyətini dövrün çağırışlarına uyğun hədəfləyən Prezident İlham Əliyevin dünyada dəstəklənən daxili və xarici siyasətinin məntiqi nəticəsi müasir Azərbaycana artan maraq, ölkəmizin adının qüdrətli dövlətlər eyni sırada yer almasıdır.

Respublikaya rəhbərlik etdiyi son 20 ildə ona göstərilən etimadı əməli fəaliyyəti ilə doğruldan Prezident İlham Əliyevin qarşısına qoyduğu strateji hədəflərə çatmaq üçün göstərdiyi qətiyyətin məntiqi nəticəsi çoxəsrlik milli dövlətçiliyimizin salnaməsinə yeni uğurlar yazmasıdır. Dövlət başçısı kimi Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirəcəyini bildirən Prezident İlham Əliyev eyni zamanda ata vəsiyyətinə sadiqliyini təsdiqlədi. Əsas hədəfi olan Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün müəyyənləşdirdiyi konseptual yol xəritəsini müasir dövrün tələblərinə uyğun reallaşdırdı. Güclü iqtisadi potensialın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, qüdrətli Silahlı Qüvvələrin yaradılması, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin möhkəmləndirilməsi kimi taleyüklü vəzifələri paralel yerinə yetirən, xalqı öz ardınca aparan, liderlik üçün tələb olunan xüsusiyyətləri şəxsi və siyasi fəaliyyətində formalaşdıran cənab İlham Əliyev beynəlxalq aləmdə də nüfuzlu dövlət başçısı, qətiyyətli lider olduğunu təsdiqlədi. Ölkə iqtisadiyyatının dinamik inkişafını sürətləndirməklə güclü dövlət formulunu təkmilləşdirdi. Dünyanın tanınmış maliyyə təşkilatlarının hesabatlarında pillə-pillə irəliləyən Azərbaycanda ÜDM-nin səviyyəsi, dövlət büdcəsinin xərcləri, strateji valyuta ehtiyatları artdı. Sosial sahədə tətbiq olunan islahatlar paketinin milyonların maraqlarına uyğun zənginləşdirilməsi ilə ölkə vətəndaşlarının həyat tərzi yaxşılaşdırıldı, orta əmək haqları artırıldı, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə endirildi.

Ulu Öndər Heydər Əliyevin müəllif olduğu neft strategiyasının, «Əsrin müqaviləsi»nin coğrafiyasının genişləndirilməsi ilə Azərbaycana yönələn investisiyaların həcmi artırıldı. Neft-qaz sektoruna cəlb olunmuş sərmayələrin coğrafiyasının genişlənməsi, ixrac infrastrukturunun təkmilləşdirilməsi, respublikamızın Orta Dəhliz kimi mühüm tranzit mərkəzinə çevrilməsi, beynəlxalq aləmdə enerji, nəqliyyat xəritəsini dəyişən qüdrətli ölkə kimi tanınması sadalanan uğurların yalnız bir tərəfidir. 2004-cü ildən Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu və tətbiqi ilə bölgələrin inkişafı üçün istiqamətləri düzgün müəyyənləşdirən dövlət başçımız İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərin həlli ilə Azərbaycanın siması dəyişildi. Birinci Avropa və IVİslam Həmrəyliyi oyunlarının keçirildiyi respublikamız dünyada qüdrətli idman, multikultural ölkə kimi tanındı. Beynəlxalq ictimaiyyəti düşündürən qlobal məsələlərlə bağlı çağırışlar siyasi, iqtisadi, humanitar platforma kimi tanınan Azərbaycandan səsləndirildi.

Respublikaya rəhbərliyinin ilk günlərindən Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsini əsas prioritet kimi qarşıya qoyan cənab İlham Əliyev Ali Baş Komandan kimi də ordu quruculuğuna, ölkəmizin müdafiə qüdrətinin yüksəlməsinə xüsusi diqqətlə yanaşdı. «Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir» söyləyən Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi. Ali Baş Komandan kimi Azərbaycan xalqına qazandırdığı Qələbə sevincində bu uğurlar əks olunur. Vətən müharibəsi zamanı Ermənistanı dəstəkləyən qərəzli dairələrin təhdidlərinin, təzyiqlərin qarşısını dövlət başçısı kimi qətiyyəti, siyasi iradəsi ilə alan Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən Azərbaycan xalqı bütün dünyaya birlik, həmrəylik nümunəsi göstərdi.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması bu qətiyyətin ifadəsidir. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə ölkəmizin ərazi bütövlüyünün, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatizminin məhv edilməsi, suverenliyimizin tam bərpası, paytaxtımızın Azadlıq meydanında, Şuşada, Xankədidə keçirilən hərbi paradlar Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin heç bir dövlətin ordusuna nəsib olmayan peşəkarlığının, müdafiə qüdrətinin ifadəsi kimi tarixə yazıldı. Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən yeganə, dünyada isə çox nadir ölkələrdən biridir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam etdirilir, Böyük Qayıdış Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma torpaqlarında məskunlaşırlar. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı»na uyğun infrastruktur layihələri həyata keçirilir. Qısa müddətdə Füzuli, Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçında hava limanının tikintisinin davam etdirilməsi, yeni inşa edilən və yə bərpa olunan elektrik stansiyaları, salınan yollar Prezident İlham Əliyevin özünü doğrultmuş dövlətçilik təcrübəsinin, ökəmizdə davam etdirilən məqsədyönlü iqtisadi inkişafın məntiqi nəticəsidir. Dövlət başçımızın 20 illik siyasi-iqtisadi fəaliyyəti Şuşa qalamızın zirvəsi Xankəndi məğrurluğu ilə tamamlandı. Qüdrətli dövlətin başçısı, qalib sərkərdə kimi Xankəndi şəhərinin mərkəzi meydanında, həmçinin, Xocalıda, Xocavənddə, Əskəranda, Ağdərədə… Dövlət Bayrağımızı dalğalandıran, 30 il gözlənilən tarixi gün münasibətilə Azərbaycan xalqını, dünya azərbaycanlılarını təbrik edən Prezident İlham Əliyev 20 il bundan əvvəl verdiyi vədi sədaqətlə yerinə yetirdi. Bütün dünyaya bəyan etdi ki, «Qarabağ Azərbaycandır!»

«O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər» söyləyən Prezident İlham Əliyevin «Heydər Əliyev İli»ndə Xankəndidə Azərbaycan Bayrağını qaldırması böyük rəmzi məna daşıyır. Azərbaycan torpağı uğrunda şəhid olmağı bacaran qəhrəmanlar yurdudur.

Son 20 ildə Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən nüfuzu da xalq-iqtidar birliyinin, həmrəyliyinin ifadəsidir. Azərbaycanın 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və iki il ərzində uğurlu fəaliyyəti, 2019-cu ildən etibarən sədrlik etdiyi Qoşulmama Hərəkatına (QH) üzv ölkələrinin yekdil qərarı ilə təsisata rəhbərliyinin daha 1 il uzadılması, Azərbaycanın təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilməsi dövlət başçımızın beynəlxalq aləmdə möhkəmlənən nüfuzunun ifadəsidir. Bu ilin dekabr ayının 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar qəbul olunan qərar Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı daha bir uğurdur. Təsdiqlənmiş faktdır ki, Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında danılmaz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirən cənab İlham Əliyev misilsiz xidmətləri ilə bu təşkilatda Azərbaycan faktorunun nüfuzunu daha da artırıb.

Bu sadalananlar son 20 ildə qazanılan uğurların cüzi hissəsidir.
 Lakin əvvəlki qərəzli vərdişlərini davam etdirən xəstə təfəkkürlü radikal müxalifətin 2024-cü ilin 7 fevralında keçiriləcək prezident seçkiləri ilə bağlı cəfəng, xalqın maraqlarına, dövlətçiliyimizin mənafeyinə zidd mövqe göstərmələri təsdiqləyir ki, milli xəyanətkarlar üçün xalq, Vətən məfhumu, vətəndaşlıq duyğuları qrantlarla ölçülür. Azərbaycan xalqına, ölkə ictimaiyyətinə bəllidir ki, torpaqlarımız işğal altında qaldığı 30 ilə yaxın müddətdə radikal müxalifətin bataqlıq təfəkkürlü fitnəkarları artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»ni bəhanə edərək ermənipərəst dairələrdən xeyli qrantlar almışlar. AXC- Müsvat cütlüyünün iqtidarda olduğu qısa müddətdə ölkədə yaratdığı gərginliyin, özbaşınalığın, xaosun şahidi olan vətəndaşlarımız yaxın keçmişimizdə yaşadıqları əzab-əziyyətləri unutmayıblar. O dövrdə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoyan AXC-Müsavat iqtidarının mənsubları artıq arxaikləşib. Özlərini ana müxalifət adlandıran hər iki partiyanın, qondarma «Milli Şura»nın gələn ilin 7 fevralında keçiriləcək seçkiləri boykot çağırışları vaxtilə etdikləri cinayətlərin üstünü pərdələməkdən başqa bir şey deyildir. Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsi zamanı belə özlərini xalqdan hesab etməyən naxələflərin Silahlı Qüvvələrimizə qarşı səsləndirdikləri böhtanlar da unudulmayıb. Respublikada fəaliyyət göstərən siyasi partiyaların xalqla birliyini ifadə edən bəyanatları belə imzalamayan AXCP və Müsavat Partiyasının, millilikdən kənar «Milli Şura»nın kimlərə və hansı əqidələrə xidmət etdikləri bəlli oldu. Əksinə, erməni separatçılarına dəstək olan xain çıxışları ilə tarixi Qələbəmizə kölgə salmağa çalışdılar. Vətən müharibəsinin davam etdiyi müddətdə belə dinc əhaliyə qarşı vəhşiliklərini təkrarlayan, Gəncəni, Tərtəri və digər şəhərləri bombalayan Ermənistana havadarlıq edərək milli mənsubiyyətlərini qrantlara dəyişən satqınların prezident seçkilərinin keçirilməsi ilə bağlı xəyanətkar mövqeləri başadüşüləndir. Lakin tarixi həqiqətləri düzgün qiymətləndirən Azərbaycan xalqı əvvəlki ədalətli, obyektiv seçimlərini təkrarlayaraq reallığa səs verəcək. Milli maraqlarımıza erməni havadarlarının sifarişi ilə dəyər verən dəyərsizlər aydın başa düşürlər ki, onların xalqın etimadını qazanacaq namizədləri belə yoxdur və seçki qanunvericiliyində nəzərdə tutulan sayda imza toplamaq imkanları tükənib. Çünki Azərbaycan xalqı sosial bazaları olmayan bu nadürüstləri siyasi səhnədən çoxdan silib. Gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli çıxışlar sadəcə ritorikadan, «Biz də varıq» görüntüsü yaratmaq saxtakarlığından qaynaqlanan sərsəmlikdir. Boşboğazlığın, populizmin, saxtakarlığın bariz nümunəsi olan milli xəyanətkarlar xalqın maraqlarına zidd sərsəmləmələri ilə heç nəyə nail ola bilməyəcəklərini aydın başa düşürlər. Son sözü isə hər zaman olduğu kimi Azərbaycan xalqı deyəcək.

Xuraman İsmayılqızı, «İki sahil»