11 dekabr 2023 11:35
74

Azərbaycan dövlətçiliyinin xilaskarı

Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan Heydər Əliyev tarixə Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. 1990-1993-cü illər Heydər Əliyevin vətən naminə mübarizə yolunda xüsusi yer tutur. Həmin dövr Azərbaycanın tarixində “olum, ya ölüm” mübarizəsi dövrü idi. Moskvanın idarə etdiyi xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.  Bu dövrdə dahi siyasətçi 1990-cı il iyulun 20-də vətənə döndü. Lakin Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi. Xalqın xilaskar oğluna paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmağa imkan verilmədi.  Böyük dövlət xadimi Bakıya gəlişindən 2 gün sonra-1990-cı il iyulun 22-də doğulduğu Naxçıvana pənah aparmalı oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsini davam etdirdi.

1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanət, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Bax bu fəlakət anında Azərbaycan xalqının yeganə ümid yeri Heydər Əliyev idi. Müdrik xalqımız dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi, Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı.

1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti oldu. Beləliklə, xalqımızın tarixində yeni bir dövr başlandı. Bu dövrün başlanğıcı-1993-cü ilin 15 iyun günü tariximizə “Qurtuluş günü” kimi daxil oldu. O, hakimiyyətə qayıdan kimi cəbhədə atəşkəsin kəsilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də xarici dövlətlərin iri neft şirkətləri ilə “ Əsrin müqaviləsi “ adlanan Neft müqaviləsi imzalandı. Bunun ardınca digər müqavilələr də bağlandı. Müstəqilliyimiz möhkəmləndi.

Ölkəmizdə sabitlik  yaratmaqla Ulu Öndər Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məhşur kəlamına sadiq qaldığını sübut etdi. “ Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır.”

Azərbaycan xalqı 10 ildən sonra 2003-cü ildə 2-ci dəfə yenidən daha bir ağır sınaq qarşısında qaldı. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ABŞ-nın Klivlend klinikasında vəfat etdi. Bu dəfə xalqımız öz gələcəyini Heydər Əliyevin yolunu davam etdirən İlham Əliyevə etibar etdi. Prezident İlham Əliyev həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan xalqının inamını doğrultdu.

Elmira Əsgərova,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü