12 dekabr 2023 00:09
538

Sülh, sonra yeni hədəflər, yeni uğurlar...

Bu gün arzuları reallaşan, sona çatdıra bilmədiyi bütün ali məqsədləri uğurla həyata keçirilən Ulu Öndər Heydər Əliyevin ruhu şaddır!

ABŞ-ın məşhur “Bloomberg” nəşri yazır ki, dünyanın müxtəlif yerlərində müharibələrin sayı çoxalır. Hazırda planetimizdə 183 regional silahlı münaqişə mövcuddur və bu göstərici son 30 ilin rekordudur. Yeni araşdırmalara görə, münaqişələrin intensivliyi kimi, qurbanların sayı da artmaqdadır. Bu artım müharibələr nəticəsində həyatlarını itirinlərin sayında 14%-ə, zərərçəkənlərin sayında isə 28%-ə faizə yüksəlib.

Bütün qeyd edilənlərin əsas səbəbi, təbii ki, dünyanın geosiyasi mənzərəsində müşahidə olunan xaos, güc mərkəzlərinin yenidən formalaşması, beynəlxalq aktorların öz təsir dairələrini genişləndirmək naminə maraq savaşına çıxmalarıdır. Azərbaycan şəksiz yeganə dövlətdir ki, belə bir vaxtda, yəni yeni silahlı münaqişələrin yarandığı zamanda öz ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilib, ərazisində otuz ildən artıq mövcud olan separatizmi tarixin arxivinə göndərib. Özü də Cənubi Qafqaz kimi müxtəlif maraqların toqquşduğu strateji bir regionda.

Məhz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasətinin, qətiyyətinin, sarsılmaz iradəsinin nəticəsidir ki, bu gün artıq bölgədə dayanıqlı sülhə nail olmaq üçün real tarixi şərait yaranıb. Hətta bir neçə il əvvələ qədər işğalçılıq və ərazi iddiaları dövlət siyasətinin əsas istiqamətlərindən olan Ermənistan da indi Azərbaycanın sülh çağırışlarının əhəmiyyətini dərk etməyə, uzun illərdən sonra nəhayət ki, konstruktiv davranış sərgiləməyə başlayıb. İki ölkə arasında sülh müqviləsinin imzalanması regionumuz üçün yeni inkişaf mərhələsinin başlanğıcı ola bilər və həm Azərbaycan, həm də rəsmi İrəvan buna çox istəkli görünür.

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də yayılmış birgə açıqlaması münasibətlərin normallaşması istiqamətində atılmış çox mühüm addımdır. Sülh müqaviləsinin mətninin razılaşdırılması məqsədilə həyata keçirilmiş birbaşa təmaslar konkret nəticələrin əldə olunması ilə reallaşa bilər. Danışıqlarda əldə edilmiş irəliləyiş də göstərdi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi vasitəçilərsiz daha çox perspektiv vəd edir. Çünki “vasitəçilər” arasında Ermənistanda revanşizmin baş qaldırmasında maraqlı olan qüvvələr var ki, onların da məqsədi sülhə nail olmaq deyil, sülh prosesini pozmaqdır. Rəsmi Bakının bu istiqamətdə dəfələrlə etdiyi xəbərdarlıqların ciddi əsaslarının olmasını indi Ermənistanın hakim dairələrinin nümayəndələrinin açıqlamaları da sübut edir. Məsələn, bu ölkənin parlamentindəki hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Gevorq Papoyan dekabrın 11-də jurnalistlərə etiraf edib ki, Ermənistanda revanşist əhval-ruhiyyəni gücləndirmək istəyən xarici qüvvələr var. Onun sözlərinə görə, Ermənistanın mövcudluğu həmin qüvvələri maraqlandırmır: “Biz üçüncü güclərin əlində alətə çevrilməməliyik. Ermənistan güclənmək və möhkəm dövlətçiliyə sahib olmaq istəyirsə, qonşularla dialoq aparmalıdır.” Deputat Qarabağdakı keçmiş xunta rejiminin dırnaqarası “parlamentinin” irəvanda iclas keçirməsinə də sərt reaksiya verib və bunu Ermənistana qarşı atılmış təhlükəli, qəbuledilməz addım adlandırıb. Papoyan onu da bildirib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistana çox lazımdır.

Yeri gəlmişkən, Ermənistan parlamentinin spikeri Alen Simonyan da bir neçə gün əvvəl ölkəsinin yaxın günlərdə Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirmişdi. Onun açıqlamalarında diqqətçəkən məqamlardan biri Qərbi azərbaycanlıların qayıdışı ilə bağlıdır. Belə ki, Simonyan müəyyən bir müddətdən sonra bəzi ermənilərin Azərbaycana yaşamağa getməsinin, eyni qaydada azərbaycanlıların bir hissəsinin də Ermənistana qayıtmasının mümkünlüyünü istisna etməyib: “Bəli, biz sülhə doğru irəliləyirik, başqa cür ola bilməz. “Münaqişədəyik və bunun həlli mümkün deyil” iddiaları mənim üçün qəbuledilməzdir. Tarixdə münaqişələrin həlli ilə bağlı xeyli misallar var: İngiltərə və Fransa 116 il müharibə aparıblar. Bu gün onlar ən yaxın müttəfiqdirlər.”

Əlbəttə, bu gün müttəfiqlikdən danışmaq mümkün deyil, ancaq Ermənistan rəsmilərinin son açıqlamaları Azərbaycanın sülh danışıqları ilə bağlı irəli sürdüyü əsas prinsiplər çərçivəsində olmaqla rəsmi Bakının maraqlarına uyğundur. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da “Euronews” televiziyasında yayımlanan müsahibəsində bildirib ki, ya Qarabağın erməni azlığının daimi yaşamaq üçün geri qayıtması otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı ilə eyni vaxtda və eyni şərtlər daxilində həll edilməlidir, yaxud da sülh müqaviləsində bu məsələyə ümumiyyətlə toxunulmamalıdır: “Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik.”

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların nəticəsidir ki, 2019-cu ildə Xankəndidə keçirilən böyük mitinq zamanı “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistanın baş naziri Nikol Paşinyan bu gün artıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanıdıqlarını bəyan edir. Bu isə danışıqlar prosesinin sülh müqaviləsinin imzalanması ilə yekunlaşmasının mümkünlüyünü göstərir. Azərbaycan Prezidenti “Euronews”a müsahibəsində Ermənistan rəhbərliyinin yeni yanaşmalarını xüsusi vurğulayaraq bildirib ki, bu, yaxşı haldır, irəliləyişdir: “Biz irəliləyişi hər zaman dəstəkləyirik, lakin hazırda “Qarabağ Azərbaycandır” dedikdə, onlar gərək bunun altında öz imzasını qoysunlar və biz bunu gözləyirik.”

Sülh təkcə Azərbaycanın deyil, həmçinin Ermənistanın və bütün regionun gələcək inkişafını şərtləndirəcək. Bugünkü tarixi şəraiti Azərbaycan yaradıb, ancaq nəticələri Ermənistan və bütün region üçün ciddi əhəmiyyət kəsb edir. Ərazi bütövlüyümüzün və süverenliyimizin bərpa edilməsi, sülh müqaviləsinin imzalanması ilə dinc dövrün başlanması Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyəgəlməz və əvəzsiz olan Ümummilli Lider Heydər Əliyevin də ən böyük arzusu idi. Çünki Onun şərəfli ömür yolunun yalnız bir müqəddəs qayəsi olub – bütün varlığı ilə xalqımızın gələcəyi, Azərbaycanın inkişafı naminə çalışmaq, müstəqil dövlətimizin yaşamasına, güclənməsinə nail olmaq. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki sona çatdıra bilmədiyi bütün ali məqsədləri Onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dahi rəhbər 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyev haqqında demişdi ki, mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”. Bu gün dövlətimizin başçısı ətrafında yumruq kimi birləşmiş xalqının dəstəyi ilə Azərbaycanın taleyüklü məsələlərinin həllinə nail olmaqla Ümummilli Liderimizin də arzularını həyata keçirir. Qarşıda isə yeni hədəflər, yeni uğurlar var!..

Mahir Rəsuloğlu, “İki sahil”