11 dekabr 2023 18:30
337

Avropa Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir - Kamran Bayramov

"Beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilən ölkəmizə olan maraq ildən-ilə artır. Bu reallıqlar fonunda respublikamızın dünya ölkələri ilə geosiyasi və iqtisadi əlaqələrinin əhəmiyyəti daha da yüksəlib. Son dövrlər Azərbaycanın Balkan regionu ölkələri  ilə əməkdaşlığı sürətlə inkişaf edir. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında bildirib ki, biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin, Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir. Əməkdaşlıq bizim regionda davamlı, dayanıqlı iqtisadi inkişafa və tərəqqiyə gətirir. O, bizim Avropanın gələcəyi üçün quruculuq işləri görmək istəyimizin bir ifadəsidir. O, Avropa İttifaqının təhlükəsiz və etibarlı enerji mənbələri üçün iddialı baxışdır. Mən qəti əminəm ki, interkonnektor sərhəd regionlarda, həmin boruların keçdiyi yerlərdə investisiya maraqlarının artmasına töhfə verəcək.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq.  Bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və biz inamla bu hədəfə doğru gedirik.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq və Qara dənizləri bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.  Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib: «Gələcək planlarımız təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir. Gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır və əsas bizim hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır».
K.Bayramov vurğulayıb ki, bu gün dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında münsibətlər yüksək səviyyədədir. Hər iki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Ölkələr arasında münasibətlərin inkişafında dövlət başçılarının görüşlərinin böyük əhəmiyyəti var. Belə ki,  strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. İmzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir. 

Deputat diqqətə çatdırıb ki, bu gün Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Bolqarıstan və Azərbaycan bir-birilərini qarşılıqlı olaraq Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edirlər. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il isə bu göstərici  500 milyon kubmetrdən bir qədər çox olmuşdur. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır. Dövlət başçımız bildirdi ki, həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstək göstərdilər ki,bu da, ölkəmizə olan dost münasibətin göstəricisidir.
K.Bayramov diqqətə çatdırıb ki, öz növbəsində Bolqarıstan Prezidenti Rumen Radevin bildirib ki, biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin, Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir.” Bu gün bizim layihəmiz Avropanın enerji xəritəsini dəyişdirir. Çünki interkonnektor yalnız bizim ölkələr üçün deyil, bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verir."