11 dekabr 2023 22:57
220

Şəhid ailəsi yeni evə köçür - FOTOLAR

Vətən, millət yolunda canından keçərək, şərəfli şəhidlik zirvəsinə ucalan qəhrəman oğlanlardan  biri də  Ceyhun Sabir oğlu Yaqubovdur. Birinci Qarabağ müharibəsinin iştirakçısı, sıravi əsgər  Ceyhun Yaqubov 1974-cü ildə Masallı rayonun  Köçəkli kəndində dünyaya göz açıb. Ömür yolu cəmi 20 il olan bu, Vətən sevdalısı  yazdığı şərəfli tarixlə özünə əbədi bir abidə ucaldıb. Odur ki, cismən aramızda olmasa da, hər dəfə adı çəkiləndə bütün Azərbaycan xalqı qürur duyur.   Masallıda  milyonların ürəyinə köçən igid Vətən oğlunun adını özündə yaşadan yadigarlar indi  çoxdur. Dövlətimiz şəhidin ailəsini də heç vaxt unutmur.  Ailənin qayğı və problemlərini  vaxtında öyrənir, onlara hər işdə dayaq dururlar.   Bu günlərdə isə  Ceyhun  Yaqubovun ailəsi üçün tikilən birmərtəbəli, 3 otaqlı  fərdi yaşayış evi istifadəyə verildi.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun, Həsəni kənd ərazi nümayəndəsinin və bələdiyyəsinin, kənd sakinlərin, eləcə  media nümayəndələrin qatıldığı mərasimdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan 44 günlük əbədi tarixi  şanlı qələbədən,  qəhrəman Vətən övladlarının misilsiz hünərindən danışan rayon rəhbəri  onu da bildirdi ki,  dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı vardır. Həmçinin  şəhid ailəsi üçün tikilən növbəti fərdi yaşayış evinin inşasında zəhməti olan xeyriyyəçilərə razılığını söyləyərək  qeyd etdi ki, biz şəhidlərə, onların ailələrinə, hərbiçilərə, müharibə veteranlara həmişə, hər zaman minnətdar olmalıyıq. Şəhidlər ömürlərini Vətən torpağının azadlığına qurban verməklə bizə şərəfimizi qaytarıblar.  Bu, ölməz qəhrəmanlar xalqımız durduqca ehtiramla xatırlanacaq. Biz onlara, şəhidlərin ailə üzvlərinə, övladlarına ömrümüz boyu borcluyuq.

Kənd sakinlərinə söz veriləndə  Ə. Xəlilov çıxış  etdi:” Biz qalib xalq olaraq  başıuca yaşayırıq. Şəhidlərimiz öz qanı bahasına bu sevinci bizə bəxş ediblər. Rayonumuzda  şəhid ailələrinə dərin ehtiram və hörmət vardır.  Qarabağ müharibəsi şəhidi, Azərbaycan Ordusunun sıravi əsgəri Ceyhun Sabir oğlunun ailəsi üçün tikilən fərdi yaşayış evinin istifadəsi bütün masallıları ürəkdən sevindirir və hər dəfə Ceyhunun adı çəkiləndə  burada böyük də, kiçik iftixar hissi keçirdir. Neçə deyərlər, şəhidlər ölməz, Vətən bölünməz!” 

Şəhidin ailəsi  öz növbəsində onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayonunun icra başçısına, evin tikintisində zəhməti olan bütün şəxslərə minnətdarlığını bildirdilər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü