11 dekabr 2023 11:24
231

Zəfər paradının keçirilməsi ilə Azərbaycanın şanlı qələbəsi əzəmətli və təntənəli şəkildə təqdim olundu

Qələbə paradının  həsrətini düz 30 il idi ki, gözləyirdik. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusu inanılmaz bir qəhrəmanlıq göstərərək 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Vətən müharibəsində qazandığımız tarixi qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradı bundan əvvəl keçirilmiş hərbi paradlardan daha möhtəşəm, daha qürurverici idi. Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsi ölkəmizin qüdrətini, xalqımızın milli mübarizə əzmini növbəti dəfə ortaya qoydu.  Zəfər paradını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev və qardaş Türk Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdilər. İki qardaş dövlət başçısının Zəfər paradını birlikdə qəbul etməsi Türkiyə və Azərbaycanın sarsılmaz, əbədi dost olması barədə dünyaya bir mesaj idi. Zəfər paradında diqqətçəkən bir məqam da Şuşa azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi idi. Eyni zamanda, əldə edilən möhtəşəm uğur şərəfinə paradda 3000 nəfərdən artıq şəxsi heyətin, türk əsgər və zabitlərinin iştirakı, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi hər birimizdə qürur hissi doğururdu.

Beləliklə, Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi ilə Azərbaycanın şanlı qələbəsi əzəmətli və təntənəli şəkildə təqdim olundu. Belə ki, Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqlarını qaytara bilmədiyi bir halda, Prezident, Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaq görən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Və bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasi meydanında işğalçı düşməni layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. 44 günlük Vətən müharibəsində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Noyabrın 10-da isə Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və bu gün qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi. O dəmir yumruq ki, düşmənin başından vurmaqla belini qırdı.
Sözsüz ki, asan yolla qələbə qazanmaq olmur. Bu qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Güclü Ordumuzun, rəşadətli əsgər-zabitlərimizin igidliyi ilə bu qələbəni qazandıq. Dövlətimizin başçısı İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqa təbrikində bir daha bildirdi ki, döyüş meydanında, siyasi müstəvidə qazandığımız Qələbə ölkəmiz üçün yeni dövr açır. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi! Azərbaycan əsgəri tarixdə görülməyən bir işin öhdəsindən gəldi. Cəmi 44 günə 30 il ərzində torpaqlarımızda güclü istehkamlar qurmuş erməni ordusunu məhv etdi. Vətən müharibəsində iştirak etmiş, böyük şücaət göstərmiş hərbiçilərimizlə yanaşı bütün Azərbaycan xalqı arxa cəbhədə də böyük qəhrəmanlıq nümayiş etdirdi. Şanlı qələbəmiz münasibətilə "Zəfər", "Qarabağ" ordenləri və "Vətən Müharibəsi Qəhramanı" da daxil olmaqla 15 yeni medal təsis edilmişdir. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalq yenilməzdir və müstəqilliyi əbədidir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid vətən oğullarına minnətdarıq.

2023-cü il, 15 oktyabr tarixində Azərbaycan xalqı cənab İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsi, xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Dövlətimizin başçısı gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri