11 dekabr 2023 10:34
228

Azərbaycan sülh və sabitlik məkanıdır

Azərbaycan hər zaman sülh və sabitlik siyasətini dəstəkləyən, bu siyasətə sadiq qalan, bu siyasəti təbliğ və təşviq edən çox nadir ölkələrdən biridir. Azərbaycan sülh və sabitlik naminə apardığı bütün mübarizələrdə ədatətli mövqe tutmuşdur, baxmayaraq ki, Azərbaycan özü həmişə ədalətsiz mövqe ilə üz-üzə qalıb. Bu baxımdan Azərbaycan tarixinin son onillikləri çox mürəkkəb və ziddiyyətli hadisələrlə olduqca zəngindir. Belə ki, 70 yaşlı Sovet imperiyası - "xalqlar zindanı" dağıldıqdan sonra müstəqillik əldə etmiş Azərbaycana yeni tarix yeni reallıqlar diktə edirdi. Bütün bu rellıqların fonunda Azərbaycan öz ərazisinin 20 faizini itirməyə məcbur oldu. 

Azərbaycanın coğrafi mövqeyi, tarixi, ictimai-siyasi vəziyyəti hər zaman dünyanın diqqət mərkəzində olmuşdur. Zəngin yeraltı və yerüstü sərvətlərimiz, əlverişli geosiyasi mövqeyimiz və digər mühüm amillər Azərbaycana dostdan çox düşmən qazandırmışdır. Xüsusən də Ermənistan Azərbaycanın regiondakı yerini və rolunu görmək istəmirdi. Mənfur qonşunun nadanlıq və naxələfliyi nəticəsinda ortaya çıxmış Qarabağ problemi buna bariz sübutdur. Təəssüf ki, Ermənistan və onlara havadarlıq edən bəzi "sivil" ölkələr əsl həqiqətdən çox uzaq düşmüşdülər. Tarixi və taleyi qaranlıq olan Ermənistan işıqlı, nurlu Azərbaycanın qədim torpaqlarını, kənd və şəhərlərini, maddi və mənəvi sərvətlərini zəbt etməklə özünü "böyük qəhrəman" hesab edirdi. Ancaq həqiqət, haqq-ədalət və hüquq ermənilərin yanlış yolda olduqlarnı onlara aydın şəkildə göstərə bildi. 

Memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Qarabağsız bütöv ola bilməzdi. Azərbaycan üçün Qarabağ məsələsi tale məsələsi idi və Azərbaycan bu məsələni birdəfəlik həll etməklə həm də öz taleyinə sahib çıxmış oldu. Bu baxımdan 44 günlük İkinci Qarabağ müharibəsi dünya müharibələri tarixində xüsusi bir hadisədir. Vətən müharibəsi adlandırdığımız bu müharibə Qarabağa əbədi donüşün və zəfər tariximizin başlanğıcı oldu. Lakin unutmaq lazım deyil ki, hər bir tarixi qələbənin, hər bir şanlı zəfərin əsasında düşünülmüş siyasət, hikmətli qərarlar, mental dəyərlər, böyük liderlərin müdrikliyi, qəhrəman insanların fədakarlığı dayanır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı dəqiq daxili və xarici siyasət yüksək dəyərə malikdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş rəşadətli Azərbaycan ordusunun yenilməzliyi, vətən, millət, torpaq naminə canlarını qurban vermiş şəhidlərimizin igidliyi, sağlamlığını itirmiş oğul və qızlarımızın qəhrəmanlığı bütün dünyanın diqqət mərkəzindədir. Bu gün qalib Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən biridir. Regionun aparıcı ölkəsi olan Azərbaycan işğaldan azad edilmiş torpaqlarımızda böyük tikinti və quruculuq işlərinə başlayıb. Doğma Qarabağımız yenidən gülüstana çevrilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 6-da keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" forumundakı çıxışı xüsusi əhəmiyyət daşıyır.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin bu forumdakı müfəssəl çıxışı həm ölkəmizdə, həm də beynəlxalq aləmdə geniş müzakirələrə səbəb oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu çıxışı ilə ölkəmizdə baş verən bir çox ictimai-siyasi, tarixi-hüquqi, sosial-iqtisadi proseslərin fəlsəfəsindən danışdı, işğaldan azad edilmiş bölgələrimizdə görülən işlərin mahiyyətini açıqladı, Azərbaycan dövlətinin daxili və xarici siyasət kursunun əsas prinsiplərini ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırdı. O, qeyd etdi ki, Azərbaycan xalqının mübarizəsi ədalətli və haqlı mübarizədir, tarixi zərurətdən yaranan mübarizədir, bütöv və böyük Azərbaycan uğrunda aparılan mübarizədir. Cənab Prezidentin forumda dünyaya verdiyi mühüm mesajlardan biri də bundan ibarətdir ki, bizi heç kim heç vaxt öz yolumuzdan döndərə bilməyəcək. Və biz bu müqəddəs məkanı - azad, müstəqil, demokratik, hüquqi, dünyəvi, suveren Azərbaycanı dünyanın ən güclü ölkəsinə çevirəcəyik. 

Şükran Mustafayev,
YAP Xətai rayon təşkilatının "Aşıq Ələsgər 64" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü