10 dekabr 2023 15:30
106

Milli dövlətçilik ənənələri

Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt tarixi şans, milli iradə və liderə malik olmasıdır. Liderlik funksiyasını öz şəxsi nüfuzu, yüksək təşkilatçılığı, fəallığı, təşəbbüskarlığı, yaradıcılığı və enerjisi ilə fərqlənən, xüsusi idarəçilik və xarizmatik keyfiyyətlərinə malik olan, xalqın böyük hörmət və sevgisini qazanan dahi insanlar yerinə yetirirlər. Siyasi lider sadəcə, siyasi proseslərə rəhbərlik edən, cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən, siyasi təşkilatları və hərəkatları öz ardınca aparan şəxs deyil. O, hər şeydən əvvəl, hadisələrin gedişini dəyişdirməyə, siyasi prosesləri istiqamətləndirməyə qadir olan şəxsiyyətdir. Tarixən hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təsəccümünü tapmışdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.

Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Çağdaş tariximizə öz möhürünü vurmuş Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ümummilli liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaratmışdır. Müstəqillik illərində Azərbaycanın milli ideologiyası ilk dəfə Yeni Azərbaycan Partiyasının nizamnaməsində əksini tapmışdır. 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 6-cı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Ümummilli Lider Heydər Əliyev milli ideologiyanın şərhinə geniş yer verərək demişdir ki, dövlətçilik, milli-mənəvi və bəşəri dəyərlər azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Dünya Azərbaycanlılarının 2001-ci ilin 9-10 noyabrın-da keçirilmiş I Qurultayında isə Ümummilli Lider Heydər Əliyev demişdir: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir ".

Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır

Ramilə Şükürova,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi  partiya təşkilatının üzvü