11 dekabr 2023 10:22
196

Ümummilli Lider müstəqilliyimizin memarıdır

Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü nəticəsində Azərbaycanın dövlət müstəqilliyi bərpa olunmuşdur. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi.

Ümummilli Liderin dövlətçilik fəlsəfəsinə görə elmə, təhsilə göstərdiyi qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir. Ötən əsrin 60-cı illərində SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Bu illərdə ulu öndərin qayğı və diqqəti ilə 10 minədək azərbaycanlı gənc respublikamızdan kənarda - keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmişdir. Məhz həmin dövrdə prioritet istiqamətli ixtisaslara yiyələnmiş yüksək səviyyəli kadrlar bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Heydər Əliyev təhsil sistemində baş verən boşluqları, deformasiyaları düzəltmək üçün böyük qüvvə sərf etdi. Ölkənin problemlər içində çaxnaşmasına baxmayaraq məhz Heydər Əliyevin qayğısı sayəsində 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyinin yüksək səviyyədə keçirilməsi baş tutdu. Biz bu görüşə böyük ehtiram və ümidlə gəlmişdik. Həmişəki kimi Heydər Əliyev özünəməxsus müdrikliklə elmin və təhsilin qarşısında dayanan problemlər haqqında fikirlərini söylədi, çıxış yolunu göstərdi.

Heydər Əliyev Azərbaycanı yenidən qurub, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, zavod və fabriklər, teatrlar, kitabxanalar, heykəllər... ölkəmizdəki bütün mədəni sərvətlər onun adı ilə sıx bağlıdır. Heydər Əliyev bütün həyatı boyu Azərbaycanı yeniləşdirdi, təzələdi, onun hər bir sahəsində mədəni inqilab yaratdı. Ümummilli Lider bütün sahələrdə dərin bir irs qoyub getmişdir. Onun siyasətinin istər ölkədə, istərsə də dünya müstəvisində öz ədəbi, öz əxlaqı vardır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi.

1969-cu ildə Heydər Əliyev Azərbaycanın rəhbəri seçildikdən sonra respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, hərbi təhsil və müdafiə sənayesi sahəsində də böyük işlər görülmüş, bütün manelərə baxmayaraq, bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əsasını təşkil edən və ölkənin müxtəlif şəhərlərində yerləşən geniş profilli müəssisələrin yaradılmasına nail olunmuşdur. Birmənalı olaraq o illərdə görülən işlərdə, həyata keçirilən genişmiqyaslı layihələrdə Ümummilli Lider Azərbaycanın gələcəyini, indiki müstəqilliyini düşünmüşdür.1994-cü ildən etibarən Azərbaycanın gələcək inkişaf strategiyasını istiqamətləndirən Ümummilli Lider Heydər Əliyev zamanında düzgün və qətiyyətli qərarlar qəbul edərək ölkənin bərpa və uzunmüddətli dinamik inkişaf dövrünə start vermiş oldu. Nəticədə, ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan sərmayələrin həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

Təhminə Əlizadə,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü