11 dekabr 2023 10:25
328

Bu müsahibə də dövlətin bəşəriliyinin təsdiqi kimi dinlənildi

Dünyanın aparıcı dövlətlərinin mediası Azərbaycan gerşəkliklərini bilməyə, onları icti­mai­ləş­dirməyə böyük maraq göstərir. Bu maraq Aərbaycan kimi bəşəri bir dövlətlə münasi­bətlərin daha da genişləndirilməsini, möhkəmlənməsini, daha geniş sahələr üzrə iqtisadi əlaqə­lə­rin dayanıqlığını təmin etməyə istiqamətləndirilir. “Euronews” televiziyasına Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyevə sualları da məhz bu istəyin nəticəsi idi.

Mahiyyətində həm siyasi, həm də iqtisadi çalarlar olan suallara verilən məntiqli, əsaslan­dı­­rıl­mış cavablar Azərbaycan gerçəkliklərini ifadə edir və bu səviyyədə ifadəetmə siyasi təfək­kü­rün  gemişliyinin təsdiqidir. “Euronews” televiziyasına verdiyi müsahibədə neft və qaz sek­torunun Azərbaycanın iqtisadiyyatının əsas hissəsi olduğunu, belə də davam etdiyini, bu il neft hasila­tı­nın cüzi aşağı düşməsi səbəbindən iqtisadi artımın nisbətən zəif­­lə­­di­yini, ümumi daxili məhsulun dörd dəfə artdığını, əsas dövlət xərclərinin azad edilmiş Qarabağa və Şərqi Zən­gə­zura yönləndiriləcəyini, keçmiş məcburi köçkünlərin mümkün qədər tez yerləş­di­rilməsi zəru­rə­tini,  2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsinin  planlaş­dı­rıldığını, bunun üçün infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalı olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verilən suala cavab olaraq bildirdi  ki, əhə­miy­yətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Bu, birbaşa xa­ri­ci investisi­ya­ların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı olub. Növbəti 5-6 ildə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı planlaşdırılır.

Dövlətlərin siyasi münasibətləri iqtisadi münasibətlərlə davam edir və hər hansı dövlətin başqa bir dövlətə borcu olması təbiidir. Bir, yaxud bir neçə dövlətə borcu olan dövlətə neçə-neçə dövlət  də borclu olur. Yəni borc dövlətlər arasında iqtisadi münasibətlərə də bir vasitədir. Müsahibədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məqamla bağlı Azərbaycanın iqtisadi potensialının yüksəkliyini vurğulayıb: “Azərbaycan bir ay içində xarici borcunu ödəyə bilər. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik - bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur”.

Azərbaycan bəşəri dövlətdir. İkinci Qarabağ müharibəsində Zəfər qazandı. Bundan sonra regionda sülhün bərqərar olmasının ciddi tərəfdarıdır. Sülh birtərəfli olmur, ikitərəfli və çoxtə­rə­fli olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionda müasir sülh posesi haqqında dedi: “Azərbaycan sülh sazişi üçün əsas gö­tü­rü­lə­cək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması, gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kom­munikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar bey­nəl­xalq hüquqa əsaslanır”.

Bu müsahibə Azərbaycanın xarici siyasətinin nəyə söykəndiyinin, dövlət-xalq münasi­bət­lərinin dönməzliyinə, dövlətin xalqı daha nurlu sabahlara aparacağına inamın müsahibəsi kimi dinlənildi.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı