09 dekabr 2023 13:05
416

Azərbaycan Prezidenti regionda yeni reallıqların müəllifidir

“ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən Forumda çıxış edən Prezident  İlham Əliyev regionda təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslərdən, eləcə də regiondan keçən nəqliyyat dəhlizlərinin önəmindən ətraflı bəhs edib. Dövlətimizin başçısı Forumda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı suallarını da əhatəli şəkildə cavablandırıb”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu tədbirlərin əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Forumda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərkən erməni tərəfinin qeyri-konstruktiv mövqeyindən bəhs edib. Cənab Prezident sülh sazişinin imzalanmasının gecikməsinin səbbəkarının Ermənistan olduğunu diqqətə çatdırıb: “Bu prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Niyə gecikdirdilər? Bunu bilmirəm. Bu, onların öz qərarı idi, yoxsa bəzi Avropa paytaxtlarında yeni dostları tərəfindən məsləhət görülüb? Bunu bilmirəm, yalnız ehtimal edə bilərəm. Amma fakt budur ki, sentyabrın 11-də göndərdiyimiz şərhlərə cavabı noyabrın 21-də aldıq. İndi Xarici İşlər Nazirliyimiz həmin şərhləri nəzərdən keçirir və biz onu geri göndərəcəyik. Düşünürəm ki, bundan sonra xarici işlər nazirlərinin görüşü məqsədəuyğun olacaq. Çünki indi görürük ki, biz hələ də konsensusa yaxın deyilik, amma Ermənistanın əvvəldən təkid etdiyi bir çox mühüm məsələlər artıq mövcud deyil. Onlar, ümumiyyətlə, mövcud deyil və şərhlərində də yoxdur. Təfərrüatlara çox varmaq istəmirəm, çünki bunun məxfi sənəd olduğunu başa düşürsünüz. Düşünürəm ki, indi biz daha bir addım atırıq. Amma yenə də Azərbaycan təşəbbüskar ölkə olub, Azərbaycan faktiki olaraq öz iradəsini nümayiş etdirən ölkə olub və ümid edirəm ki, razılığa gəlmək çox vaxt aparmayacaq”.
Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır. Bu nə qədər tez baş verərsə bütün region üçün faydalı olacaq.