09 dekabr 2023 12:38
395

Bu tarixi günün şahidi bizik

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Möhtəşəm Zəfər paradı ölkəmizin hərbi  qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Hər bir əlamətdar tarix təbii ki, keçirilən yolun təqdimatını bir zərurətə çevirir. Azərbaycan xalqı əmin idi ki, işğal altında olan torpaqlarımız azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Bu əminliyə əsas verən Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni bir mərhələnin başlanması oldu. 

Azərbaycan qısa müddətdə sabitlik diyarına, böyük investisiyalar məkanına çevrildi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Azərbaycan daha da qüdrətləndi, gücləndi, ordu quruculuğu sahəsində davamlı addımlar atıldı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycanın Günəş kimi dünyaya doğmasını təmin edən Ulu Öndər Heydər Əliyev 2003-cü il prezident seçkilərində namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürəndə  xalqa müraciətində belə bir əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi işləri, planları xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. 

Son 20 ilin uğurları tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi, 28 il kağız üzərində saralan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Tarixi Zəfərimizdən bir ay sonra keçirilən Zəfər paradı bütün bu reallıqların dünyaya təqdimatı oldu. Qeyd etdiyimiz kimi, bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi. Dövlət başçısı İlham Əliyev Zəfər paradındakı nitqində bildirmişdir ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamız işğaldan azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Məlumdur ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışında bu çağırışı etmişdir ki,  2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Bu fikirlərin fonunda Prezident İlham Əliyev bu əminliyi bildirmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Dövlətimizin tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin,  Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin  sayəsində həmin gün gəldi. Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış Zəfər Günümüz, həmçinin bu qələbəmizin təqdimatı olan Zəfər paradı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları çatdırdı. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri iştirak etdilər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.

Zəfər paradı Azərbaycanın hərbi qdrəti ilə yanaşı, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının təqdimatı  oldu. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı, dövlət başçısı İlham Əliyevi bir an da olsa belə tək qoymayan, ilk gündən dünyaya «Azərbaycan tək deyil» mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında da Azərbaycan Prezidentinin yanında oldu və çıxışında bu birliyin sarsılmazlığını nümayiş etdirən mesajlarını səsləndirdi. İki dost ölkənin prezidentlərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj kimi qəbul olundu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürü idi.
Zəfər paradından üç il keçir. Ötən bu dövrdə Azərbaycan tarixini mühüm uğurlarlarla,  Zəfərlərlə zənginləşdirdi. Öncə onu qeyd edək ki, bu ilin  aprelin 23-də Laçın buraxılış-keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi oldu. Sentyabrın 19-20 tarixlərində rəşadətli Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. 8 noyabr-Zəfər Gününün üçüncü ildönümündə Xankəndi şəhərində hərbi parad keçirildi.

Zəfər paradından ötən üç il, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri, soydaşlarımızın mərhələ-mərhələ bu məkanlara qayıdışı ilə diqqətçəkəndir. Artıq Laçın və Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri sakinlərinə qovuşublar. 
 Son üç il Azərbaycanın sülh gündəliyinin müəllifi kimi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyi səylərlə, müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərlə zəngindir. Azərbaycan regionda sülh istəyir. 
Son üç ilin mühüm addımları sırasında Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun gələcək inkişafını təmin edəcək, yol xəritəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin imzalanmasını qeyd etməliyik. Azərbaycan və Türkiyə dünyaya qardaşlığın nümunəsini təqdim edirlər. 
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanı bundan sonra daim uğurlar, Zəfərlər müşaiyət edəcək. 

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi