08 dekabr 2023 11:00
126

Xilaskarlıq missiyası

Ömrünü xalqına həsr edən dahi rəhbər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövr ölkəmizin müstəqillik qazandığı çox çətin və mürəkkəb illərə təsadüf edir. Həmin dövrdə hakimiyyətdə olan səriştəsiz qüvvələrin antimilli siyasəti nəticəsində Azərbaycanda xaos və anarxiya hökm sürməyə başladı. Xüsusilə də, 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdi, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Belə çətin vaxtda Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycan daha bir ağır faciə yaşadı. Dəhşətli 20 Yanvar gecəsi xalqımızın tarixinə qara həriflərlə yazıldı. 20 Yanvar qırğınlarından sonra Ulu Öndər Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz Ümummilli Liderin qətiyyəti və fədakarlığı sayəsində insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. Ulu Öndərin arxalandığı, güvəndiyi xalq da öz xilaskarından dəstəyini əsirgəmədi. 90-cı illərin əvvəlində sabaha olan inamı tamamilə sarsılan Azərbaycan xalqı nicatı yalnız və yalnız Heydər Əliyevdə gördü. Çətin günlər yaşayan xalq uzaqgörənliklə düzgün qərar verdi, dahi şəxsiyyət Heydər Əliyevi yenidən hakimiyyətə qaytardı. Onlar qəti əmin idilər ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək.

Beləliklə, Ulu Öndər Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli anlarında xilaskarlıq missiyasını öz üzərinə götürdü, ölkəmizi böyük bəlalardan, hərc-mərclikdən anarxiyadan, xaosdan xilas etdi, Azərbaycan xalqının milli mövcudluğunu qoruyub saxladı. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Ötən əsrin 90-cı illərində ölkəmizin ictimai-siyasi həyatda dərəbəyliyin, özbaşınalığın, qanunsuzluğun hökm sürdüyü bir vaxtda 15 respublikada da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü ilə Azərbaycanın müstəqilliyinin elan olunması təklifi irəli sürüldü. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

Adını tariximizə Vətənin və xalqın xilaskarı kimi yazdıran dahi şəxsiyyət 1991-ci ilin 3 sentyabrında keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında çıxışı zamanı qeyd edir ki, bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.

Bəli, Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev sözünə əməl etdi. Dahi şəxsiyyətin təşəbbüsü ilə qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin bərpasının əsasını qoydu. 1991-ci il 30 avqust tarixindən keçən zaman xalqın düzgün seçiminin haqlı olduğunu sübut etdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri də dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə əsasını qoyduğu uğurlu inkişaf strategiyasını davam etdirmək kimi çox böyük məsuliyyətli və taleyüklü vəzifəni şərəflə irəli aparmaq üçün dövlət idarəçiliyi təfəkkürünə malik cənab İlham Əliyevə etibar etməsi oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmiz böyük inkişaf yolu keçmişdir. Azərbaycan bütün sahələrdə yüksək uğurlara imza atmışdır. İqtisadiyyatımızın aparıcı sahələrindən olan meliorasiya və su təsərrüfatı sistemi də qazanılmış nailiyyətlərdə öz yeri və payı olan sahəyə, genişmiqyaslı islahatların ünvanına çevrilmişdir. Möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Bu dövrdə nəhəng transmilli enerji layihələri həyata keçirilib, ölkənin hər yerində möhtəşəm abadlıq-quruculuq işləri aparılıb, insanlarımızın rifah səviyyəsi qat-qat yüksəlib, Azərbaycanın dünyada tanınması və yüksək nüfuz sahibi olması istiqamətində fundamental addımlar atılıb. Eyni zamanda, ötən müddət ərzində dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib. Rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib. Ötən müddət ərzində regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb. Eyni zamanda, respublikamız xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürərək beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edib. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Və nəhayət bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan bu inamlı qələbəsilə öz gücünü bütün dünyaya nümayiş etdirdi. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması bütün Azərbaycan xalqının iradəsini ifadə edən bir qərardır. Xalqımız böyük xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini əbədi olaraq öz qəlbində yaşadacaq, hər qələbəsində, hər uğurunda öz Ümummilli Liderini sonsuz ehtiramla yad edəcəkdir.

Heç bir şübhə yoxdur ki, ölkəmizin hərtərəfli inkişafı üçün Ümummilli Liderimizin hazırladığı və Prezident cənab İlham Əliyev tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edəcəkdir.

M.Mikayılova,
YAP Xətai rayon təşkilatının "Q.Nəbi 6a" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü