09 dekabr 2023 02:16
388

Böyük Qayıdışın bəxş etdiyi dirçəliş

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına qayıtmasına imkan yarandı. Hazırda bu proses Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən  mərhələli şəkildə davam edir. Belə ki, dekabrın 7-də Füzuli şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb. Bununla da indiyədək Füzuli şəhərində 333 ailənin (1186 nəfərin) daimi məskunlaşması təmin edilib. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.  Növbəti günlərdə də belə köçlərin şahidi olacağıq. Xatırladaq ki, Füzuli şəhərinə qayıdış 2023-cü il avqust ayının 18-də başlanılıb.

Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olmalarından çox məmnundurlar. 1992-ci ildən məcburi köçkünlük həyatı yaşayan Füzuli sakini Xatın Şirinova yaradılan şəratiə görə, Prezident İlham Əliyevə tminnətdarlığını bildirməklə yanaşı, torpaqlarımızın işğaldan azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib, şəhidlərə Allahdan rəhmət diləyib.

Şübhəsiz, köçürülmə ilə iş bitmir. Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda  bu vacib məsələyə toxunaraq demişdir: “Yeri gəlmişkən onu da deyim ki, iş yerlərinin yaradılması da vacib sahələrdəndir və biz qayıdış prosesini planlaşdırarkən diqqətimizi buna yönəldirik. Beləliklə, geri qayıdan insanların əksəriyyəti artıq işlə təmin edilib və bu bir daha onu nümayiş etdirir ki, bizim yanaşmamız hərtərəflidir”.  Məsələn, cari ilin noyabr ayında  Füzuli şəhərində, Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə köçürülən sakinlər üçün  məşğulluq tədbiri təşkil olunub. Dövlət və özəl sektordan olan və Füzulidə fəaliyyət göstərən 20 işəgötürənin iştirak etdiyi tədbirdə müxtəlif istiqamətlər üzrə 200-ə yaxın vakansiya təqdim edilib.

30 il ərzində işğal altında olan digər ərazilərimiz kimi, Füzuli rayonu da erməni vandalları tərəfindən tamamilə dağıdılmış, təbii sərvətləri talan edilmişdi.  Hətta daşnaklar Füzulidə bir dənə də olsun salamat bina qoymamışdılar. 44 günlük  Vətən müharibəsi başa çatdıqdan sonra burada bərpa tikinti-quruculuq işlərinə start verilidi və qısa zaman kəsiyində çox mühüm işlər həyata keçirildi. Bununla bağlı təkcə bir faktı xatırladaq ki, artıq bu məkanda Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı da istifadəyə verilib və regionun inkişafına xidmət edir. Bəli, bu gün Füzulinin yeni siması göz oxşayır. Ona bu gözəlliyi, bu dirçəlişi isə geniş vüsət alan abadıq, quruculuq işləri, obrazlı şəkildə desək, Böyük Qayıdışımız bəxş edib. Bu gün isə Füzulinin yüzlərlə guşəsinda  bayrağımız dalğalanır.

Burada aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə Prezident İlham Əliyev şəxsən özü nəzarət edir. Dövlət başçımızın Füzuliyə hər səfəri aparılan yenidənqurma işlərinə yeni töhfələr verməkdədir. Məsələn, oktyabrın 16-da Prezident İlham Əliyev Füzuliyə səfəri çərçivəsində rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, şəhərdəki idman kompleksinin, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının və inzibati binanın təməlini qoyub. Noyabrın 8-də isə  inzibati ərazisinə Yal-Pirəhmədi və Sərdarlı kəndləri də daxil  olan Qarğabazar kəndinin təməliqoyma mərasimi keçirilib. Bu kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, mədəniyyət evinin, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 384 şagird yerlik orta məktəbin, 128 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, bazar kompleksinin, kitabxananın, ticarət obyektinin, qonaq evinin, məscidin və digər zəruri obyektlərin tikilməsi planlaşdırılıb. Kəndə 2 min nəfərin köçürülməsi gözlənilir. Burada ümumilikdə 527 fərdi ev tikiləcək. 

Baş plana əsasən 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə  9 ümumi və orta təhsil, 13 məktəbəqədər təhsil, peşə təhsili müəssisələrinin internat tipli musiqi məktəbi, xəstəxana, idman kompleksinin inşası, Qələbə və Memorial park və s. salınması nəzərdə tutulub.

Qeyd edək ki, ilin sonuna qədər burada təqribən 2 minə yaxın insanın məskunlaşması planlaşdırılıb. Böyük Qayıdış Proqramının birinci mərhələsində, yəni 2026-cı ilin sonunda Füzuli şəhərində 22 min insan məskunlaşacaq. Füzuli şəhəri ilə yanaşı, rayonun Dövlətyarlı, Dədəli, Pirəhmədli, Qoçəhmədli və digər kəndlərdə də  məskunlaşma həyata keçiriləcək. 

Qvami Məhəbbətoğlu, “İki sahil”