07 dekabr 2023 15:03
275

Ulu Öndər müstəqil  və qüdrətli Azərbaycanın qurucusu və yaradıcısıdır

1993-cü ilin iyununda ölkəmizdə taleyüklü hadisələr baş verdi. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqların işğalı, digər tərəfdən ölkənin parçalanmaq təhlükəsi qarşısında qaldığını  görən ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə  hakimiyyətə qayıtdı. Böyük siyasətçi ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, ölkəmizin müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Ulu Öndərin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalınmaz vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəti addımlar atmaqdan ibarət idi. Onun hakimiyyətinin ilk illərində milli ordumuzun formalaşdırılması və döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi hərbi qarşıdurmada tarazlıq yaratdı.

1994-cü ilin qışında ordumuzun Horadiz istiqamətindəki sürətli hücumları və 20-dən artıq kəndin işğaldan azad edilməsi Ermənistanı atəşkəsə məcbur etdi. Məhz Ulu Öndərin təşəbbüsü, qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi sayəsində 1994-cü ilin may ayının 12-də Ermənistanla atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı.

Bundan sonra Azərbaycanın neft strategiyası işlənib hazırlandı. Bakı nefti dünya bazarlarını çıxarıldı. Ölkəyə 100 milyonlarla valyuta daxil olmağa başlandı. Azərbaycan iqtisadiyyatı dirçəliş dövründən inkişaf dövrünə qədəm qoydu. Şəhərlərimiz və kəndlərimiz inkişaf etməyə başladı. İnsanların sosial rifah halı gündən –günə  yaxşılaşdı.

Ən başlıcası isə ölkəmizdə ordu quruculuğu sürətləndi. Peşəkar hərbi qüvvələrin təməlini yaradan Ulu Öndər Heydər Əliyev bununla da düşmənə bildirdi ki, biz gec- ya tez toraqlarımızı işğaldan azad edəcəyik.

Bu, bir həqiqətdir ki, bu gün müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Xüsusilə 2003cü ildən sonrakı dövrün əsas hədəfi torpaqlarımızın işğaldan azad edilməsi idi. Ümummilli lider Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi  «Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik» fikirləri artıq reallıqdır.

Torpaqlarımız işğaldan azad edilib, üçrəngli bayrağımız bu ərazilərdə dalğalanır, onların malik olduğu potensial imkanlardan istifadə edib gələcəkdə ölkəmizin inkişafına davamlı töhfələr vermək üçün «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib. Artıq Böyük Qayıdışın da sevincini yaşayırıq. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi güclü, qüdrətli, qalib Azərbaycandır. Tarixi Zəfərimiz milli qürurumuzu, kimliyimizi özümüzə qaytardı. Bu gün qalib ölkənin müzəffər xalqı kimi qürurluyuq. Alnımız açıq, başımız ucadır. Xalqımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna güvəni də sonsuzdur.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri