08 dekabr 2023 00:11
278

AXCP-dəki istefalar Əli Kərimlini isterikaya salıb

Bir neçə gün bundan əvvəl AXCP-də baş verən kütləvi istefalarla bağlı yazmışdıq ki, bu proses davamlı xarakter alacaq. Yazdıqlarımız doğru çıxdı. İki gün bundan əvvəl daha bir qrup AXCP üzvünün partiyadan ayrılması istefaların qarşısıalınmaz prosesə çevrildiyini bir daha təsdiq etdi. Belə ki, AXCP Xətai rayon şöbəsindən olan fəallar-Valeh Hüseynov, Razi Cəfərov və Mehdi İbrahimov səbəbləri açıqlamaqla partiyanı tərk etdiklərini bildiriblər. Təşkilatdan ayrılan şəxslər Ə.Kərimlinin AXCP-dəki avtoritar idarəçiliyinə,  “baş cəbhəçi”nin partiya üzvlərinə laqeyd münasibətindən, eləcə də onun antimilli fəaliyyətindən bezdiklərini vurğulayıblar.

Son bir neçə gündə 20-yə yaxın partiya üzvünün Ə.Kərimlini ittiham edərək təşkilatdan istefa verməsi, partiyanın süquta doğru getdiyini tutarlı arqumentlərlə əsaslandırması bir daha göstərir ki, AXCP özünün qürub çağını yaşayır. Bizə görə, son günlər Ə.Kərimlinin sosial şəbəkə platformalarında tez-tez görünməsi, populist, təxribatçı çıxışları, avantürist bəyanatları pərdələnmək cəhdləri heç də təsadüfi deyil. Təbii ki, bütün bunlar təşkilatındakı səsli-küylü istefaları, ziddiyyət və qarşıdurmaları müxtəlif yollarla ört-basdır etmək, daha doğrusu, izi azdırmaq üçün AXCP sədri tərəfindən düşünülmüş (uğursuz) addımlar kimi dəyərləndirilməlidir və dəyərləndirilir də.

Reallıq belədir. Həqiqətin bir üzü var: O da həqiqətdir. Bu mənada AXCP-də silsilə xarakter alan bəyanat və açıqlamalarla müşayiət olunan istefaları, itgiləri gizlətmək, yaxud da təkzib etmək mümkün deyil. Belə olan təqdirdə Ə.Kərimli,  əlaltıları və trolları sosail şəbəkələrdə partiyadan istefa verən cəbhəçilərə şər-böhtan atır, təhqir və şantaj etməkdən belə çəkinmirlər. Fikirmizi əsaslandırmaq üçün AXCP-dən istefa verənlərin necə linc edildiyini tam çılpaqlığı ilə ortaya qoyan sosial şəbəkədəki bir “statusu” diqqətə çatdırmaq yerinə düşərdi: “AXCP-dəki son istefalar partiya daxilində böyük səs-küy yaratmaqdadır. Çünki illərini və enerjisini partiyaya həsr etmiş insanların bu gün əslində Əli Kərimlinin ailəsinin xidmətçisi olduğunu anladığı üçün etiraz etməyə, sonda isə kənarlaşmağa məcbur qalır. Biz bunu Dilarə Miriyevanın, Məmməd Balaməmmədovun, Aydın Əliyevin, Könül Əhmədovanın timsalında görmüşük.

Lakin bu cür haqsızlıqlara və istefalara rəğmən AXCP-də dəyişməyən bir “adət-ənənə” hələ də yaşadılmaqdadır. Bu da istefa verib gedənin, partiyada etiraz edənin ŞƏRLƏNMƏSİ, TƏHQİR OLUNMASI VƏ LİNÇ EDİLMƏSİDİR.

Təqdim olunan şəkildəki rəylərə diqqətlə baxın. Təsəvvür edin ki, dünən istefa vermiş AXCP Ali Məclisinin və Təşkilat şöbəsinin üzvü, bir müddət AXCP Nizami rayon şöbəsinə sədrlik etmiş Seymur Əhmədzadə illərdir uğrunda həbsə belə düşdüyü Əli Kərimli tərəfindən OĞRU adlandırılır. Eyni zamanda digər istefa vermiş Pərvin Hüseynli ilə ailəli olmasına baxmayaraq, münasibət yaşadığını dilə gətirirlər.

Reallıq ondan ibarətdir ki, Əli Kərimlinin trolları bu cür çirkin fikirlərlə guya istefaları pərdələməyə çalışırlar. Amma anlamırlar ki, belə əxlaqsızlıqlar, dələduzluqlar dilə gətirilirsə, o zaman AXCP haqqında hansı fikir yarana bilər? Belə çıxır ki, AXCP dələduzlar və əxlaqsızlar yığnağıdır? Yəni, Əli Kərimlinin trolları bunu deməyə çalışır?

Əli Kərimlinin sevimli bir sözü var: bumeranq effekti ilə özünü vurmaq. Əli Kərimli, bax bu dəfə bumeranq səni vurdu...

P.S. Seymur Əhmədzadə ilə Pərvin Hüseynliyə əxlaqsızlıq şərinin atılması AXCP Gənclər Komitəsinin sədri olmuş Əbülfəz Qurbanlını yadımıza saldı. Onu da elə bu cür əxlaqsızlıqda ittiham etmişdilər, partiyadan uzaqlaşdırmışdılar. Lakin hamı bilirdi ki, Əli Kərimlinin mühafizəçisinə aid “cəbhəçi xanıma” söz atdığı üçün Əbülfəz Qurbanlı belə cəzalandırılmışdı...”.

Belə yerdə dahi Hüseyn Cavidin “İblis”də yazdıqları yada düşür: “Ya Rəb, bu nə vəhşət, nə zəlalət?” Açığını desək, bütün bunlar bizə bir daha Adolf Hitlerin ən yaxın dostu, Üçüncü Reyxin əsas təbliğatçısı və “propaqanda” naziri olmuş Paul Josef Gebbelsin nasist partiyasından ayrılan köhnə silahdaşları haqqında apardığı şər-böhtan və linc kampaniyasını xatırladır.

Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə ictimai-siyasi proseslərə təsir imkanı “plintus”dan aşağı olan, şəxsi ambisiyaları naminə milli maraqları və dəyərləri ayaqlar altına atan, antimilli fəaliyyəti ilə nəinki cəmiyyətin, hətta sıravi üzvlərinin ikrahını qazanan “rəhbərçiklər”in cəmləşdiyi, xaos və ziddiyyətlər girdabınada çapalayan AXCP-nin süqutu qaçılmazdır.

Zahid Rza, “İki sahil”