08 dekabr 2023 02:57
276

«Formal sülh» gedişləri Ermənistanın özünə qazdığı quyudur

İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətindən dərs almayan Ermənistanın son üç ildə apardığı siyasətin bir açıqlaması var: «Qonşuya düyü üçün gedən evdəki yarmadan da məhrum olur.» Cənubi Qafqazda istəklərinə nail olmaq istəyənlərin bölgənin kor çibanı Ermənistandan vasitə, bağlı qapıların açarı kimi istifadənin məkrli məqsədi artıq bəllidir. Bu vasitədən yararlanmaq istəyənlər hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın elçi «daşı»nda növbə ilə biri-birini əvəz edirlər. Hamısının da qarınağrısı cənnətməkan , təbii sərvətləri bol olan Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyinə xətər yetirmək, bölgədə sabitliyi pozmaqdır. Amma dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin, bu müdrik şəxsiyyətin layiqli varisi Prezident İlham Əliyevin siyasi iradəsi qarşısında aciz qalan bədniyyətlilər məkrli yollarla ölkəmizə zərər vurmağa çalışsalar da cəsarətləri çatmayıb. Taleyi etibarlı əllərdə olan Azərbaycan xalqı birliyi , həmrəyliyi ilə bütün təxribatların qarşısını alıb. Buna görə də qərəzli qüvvələr müxtəlif bəhanələrlə bölgədə sabitliyi pozmaq üçün siyasi, ideoloji, hərbi təxribatlara əl ataraq Azərbaycan əleyhinə eyni mənbədən qaynaqlanan məkrli siyasətləri ilə ölkəmizə qarşı «səlib yürüşü»nə başlayıblar. 30 il davam edən və artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi» də qüdrətli Azərbaycanın dinamik inkişafına qısqananların birgə «əl işləri» idi.

Artıq Vətən müharibəsi başa çatıb. «Separatçıların» şər yuvası Xankəndidə Azərbaycanın Bayrağı dalğalanır. Üçüncı Zəfər paradının bu şəhərdə keçirilməsi Ermənistan kimi, onun bütün havadarlarını da məyus etdi. Ermənistanın hələ də qalib Azərbaycanın təklif etdiyi şərtlər əsasında sülh müqaviləsinin imzalanmasını ləngitməsi, «formal sülh» ətrafında gedişlər etməsi Hayastanın özünə ziyan vuracaq. Ölkə daxilində yaranan gərginliyi, siyasi partiyalar arasındakı mübarizəni tənzimləmək iqtidarında olmayan Ermənistanın rəsmi dairələri dəmir yumruğun zərbələrini unutmamlıdırlar. Bilməlidirlər ki, Azərbaycanın səbri sonsuz deyil!

Dekabrın 6-da ADA Universitetində «Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər» mövzusunda keçirlən Beynəlxalq Forumda məsələ ilə bağlı sualları cavablandıran Prezident İlham Əliyev geniş auditoriya iştirakçılarının diqqətinə çatdırdı ki, Ermənistana sülh təklif edən tərəf Azərbaycandır. Otuz il Ermənistanın işğalı altında qalan torpaqlarını azad etdikdən sonra vasitəçilər olmadan sülh sazişinin beynəlxalq hüquqa əsaslanan şərtlərini təklif edən də qalib ölkə, rəsmi Bakıdır.

Brüssel, Vaşinqton, Moskva, Praqa görüşlərini xatırladan dövlət başçımız İlham Əliyev Azərbaycanın sülh sazişi prinsiplərinin qarşı tərəfə göndərilməsinə baxmayaraq Ermənistanın uzun müddət səssiz qalmasını da dünya diplomatiyasında rast gəlinməyən etinasızlıq, məsuliyyətsizlik adlandırdı. Halbuki, Ermənistan üç il bundan əvvəl məlum 5 prinsip əsasında hazırlanan sülh sazişini imzalasaydı bu ilin sentyabrında aparılan lokal xarakterli anttiterror tədbirlərinə də ehtiyac qalmayacaqdı.

Son aylarda bölgədə baş verən hadisələr, sülh sazişinin imzalanması ilə bağlı məsələyə aidiyyətı olmayan dairələrin prosesə müdaxiləsi, Ermənistanı yeni müharibəyə təşviq çağırışları, qərəzli «şərhlər» də bölgədə sabitliyi ləngidir. Azərbaycanın təklif etdiyi maksimum altı-yeddi səhifəlik bir sənədə dəfələrlə edilən xəbərdarlıqdan sonra cavab verən Ermənistan hələ də qəti, real qərarını bildirmir. Deməli, prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Rəsmi Bakı faktiki öz iradəsini nümayiş etdirir. Amma hələ də «formal sülhü» rəsmiləşdirmək, faktiki sənəd kmi imzalmağa tələsməyən, qəti mövqeyini bildirməyən Hayastandakı hayların hərəsi bir hava çalır. « Düşünürəm ki, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik. Bizə, əslində, nə lazımdır, yəni, Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var» sözləri ilə yaranan vəziyyətin səbəblərini açıq və qətiyyətlə bildirən Prezident İlham Əliyev bölgədən kənar dairələrin təxribatçı məsləhətlərinin dağıdıcı məsləhətlərə çevriləcəyindən yalnız Ermənistanın peşman olacağını diqqətə çatdırır. Yeganə çıxış yolu budur ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini rəsmi şəkildə təsdiqləməli, keçmiş «Dağlıq Qarabağ respublikası»”nı unutmalı, sərhədlərin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur.

«Ermənistan hökuməti aydın başa düşür ki, əgər onlar bizim ərazi bütövlüyümüzə qarşı çıxmağa davam etsələr, arxasında kimin durmasından asılı olmayaraq, biz onları yenidən əzəcəyik, onların arxasında kimin dayanmasından və ya o məşhur, gözəl Avropa paytaxtında kimin onlara nə deməsindən asılı olmayaraq. Müxalifət bunu istəyir, çünki Paşinyanı devirmək istəyirlər. Onlar bunun baş verməsini istəyirlər. Onlar istəyirlər ki, o, bu səhvi etsin, sonra hakimiyyətə gəlsinlər. Deməli, bizim gözümüzlə görə biləcəyimiz zəmanətlər lazımdır. Bu, Qafqazda sülh üçün ən yaxşı amil olacaq» sözləri ilə Ermənistandakı vəziyyəti açıq şəkildə izah edən dövlət başçımızın bu çağırışları rəsmi İrəvana hələ də vaxtı ötmüş, satılmayan silahlarını göndərən Fransaya da qulaqburması olmalıdır.

Artıq Ermənistan üçün çəmbər daralıb. «Ya hərb, ya da sülh» sualının düzgün, vəziyyətə uyğun cavabı rəsmi İrəvanın gələcəyi üçün tək seçimdir. Nəzərlərini okeanın o tayına, Avropaya yönəldən Paşinyanın «bir addımlığındakı» reallığı görməyinin vaxtıdır. Sülh sazişi qalib Azərbaycanın təklif etdiyi şərtlər əsasında imzalanmalıdır. İmzalanacaq da. Başqa yol yoxdur.

Xuraman İsmayılqızı, «İki sahil»