07 dekabr 2023 14:10
526

Qələbəmizin rəmzi - Hərbi Qənimətlər Parkı

Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış yüz minlərlə azərbaycanlı öz əzəli torpaqlarından didərgin salındı. Bununla da sonuncu soydaşlarımız da öz ata-baba yurdlarını, Qərbi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edildi. Daha sonra 1990-cı illərin əvvəllərində Ermənistanın Qarabağda torpaqlarımıza qarşı işğalçılıq siyasəti suveren ərazilərimizin təxminən 20%-nin düşmən işğalı altına düşməsinə səbəb olmuşdu. 30 ilə yaxın müddətdə əzəli və əbədi torpaqlarımızı işğal altında saxlayan düşmən ciddi beynəlxalq təzyiqlə üzləşməməsi səbəbindən bu işğalı əbədi davam etdirəcəyini düşünürdü. Amma düşmən Azərbaycan xalqının doğma torpaqlara qayıtmaq əzmini, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin sarsılmaz iradəsini və ən nəhayət mərd, cəsur Azərbaycan oğullarının savaş meydanında necə böyük qəhrəmanlıqlara imza atmaq iqtidarında olduqlarını unutmuşdu. 30 illik işğal dövründə insanlıq əleyhinə çoxsaylı hərbi cinayətlər törədən Ermənistan anlaya bilmədi ki, törətdiyi cinayət əməllərinin gec-tez qarşılığını alacaq.

Vətən torpaqlarımızın düşmən işğalı altında olduğu 30 il ərzində Azərbaycan Respublikası öz iqtisadi imkanlarını ötən hər gün daha da genişləndirməkdə idi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 20 sentyabr 1994-cü ildə “Əsrin kontraktının” imzalanması ilə qoyulmuş davamlı iqtisadi inkişaf strategiyamız dövlət başçımız Cənab İlham Əliyev tərəfindən daha da uğurla davam etdirildi. İqtisadi amil şübhəsiz ki, Silahlı Qüvvələrimizin maddi-tekniki bazasının möhkəmlənməsinə və onun sürətli inkişafına öz əvəzsiz töhvələrini vermiş oldu. Bununla yanaşı Azərbaycan Respublikasının peşəkar diplomatik cəhdləri sayəsində Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti ifşa olunmaqda idi. Məntiqi sonluq olaraq Azərbaycan dövləti 44 günlük Vətən müharibəsinin gedişində Ermənistanı məğlubiyyətə uğradaraq 10 noyabr 2020-ci il kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Döyüş meydanında məğlubiyyətə uğrayan düşmən insanlıq adına çirkin və qanlı cinayətə əl atdı. Döyüş zonasından xeyli kənarda yerləşən şəhərlərimizi ballistik raketlərlə, fosfor tərkibli kasetli bombalarla atəşə tutdular. Ermənistanın bu insanlıq əleyhinə cinayətkar hücumu nəticəsində 100-ə yaxın mülki vətəndaş, o cümlədən, uşaqlar, qadınlar həlak oldular. Dörd yüzdən çox mülki vətəndaş yaralandı, beş mindən çox ev dağıdıldı. Dünya ictimaiyyəti əvvəlki 30 illik işğal dövründə olduğu kimi bu xain hücum zamanı da etiraz səsini ucaltmadı.

Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə ermənilərin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar Bakıda, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Artıq Hərbi Qənimətlər Parkı ölkəmizin 44 günlük Vətən müharibəsindəki qələbəsinin rəmzinə çevrilmişdir.

Nigar Qocayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi