07 dekabr 2023 01:15
312

İranda ad qovğası...

Orada uşaqlara türk mənşəli adların qoyulması qısqanclıq doğurur

İki ay davam edən mübarizədən və məhkəmə proseslərindən sonra təbrizli valideynlər axır ki, yeni doğulmuş oğullarına “Baycan” adına kimlik sənədi almağa nail olublar.

Bu barədə Baycanın atası Ramin Cəbraili məlumat verib.

O, Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsinin türk mənşəli ada sənəd verməkdən imtina etməsindən sonra məhkəməyə müraciət etdiyini yazıb. Cəbraili uzun sürən məhkəmə prosesindən sonra oğluna verdiyi ada görə kimlik sənədi verilməsi barədə müsbət qərar çıxarıldığını bildirib.

Vurğulamaq lazımdır ki, əyalət Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik şəhadətnaməsi verməməsi bu adların təsdiq edilmiş İran adlarının siyahısında olmaması ilə əlaqələndirilir. Qeydiyyat İdarəsinə görə, siyahıda olmayan adlar əcnəbi ad hesab olunur və iranlı kimliyi ilə ziddiyyət təşkil edir. Buradan aydın görünür ki, azərbaycanlıları hətta mənsub olduqlarıı türkçülükdən belə uzaqlaşdırmaq xətti götürüblər. Necə yəni, bəyəm azərbaycanlı türk deyilmi? Yoxsa türkə fars adı qoyulmalıdır? Bu və digər anti-Azərbaycan, şəxsiyyət əleyhinə tədbirlər adını  İslam respublikası qoymuş ölkədə demokratiyanın boğulmasına, insan haqq və hüquqlarının tapdalanmasına dəlalət edir.

Buna bənzər bir hadisə illər öncə Türkiyənin İqdır vilayətində baş vermişdi. Ancaq orada motiv başqa idi. Əkiz doğulan qardaş və bacıya müvafiq olaraq oğlana Azər, qıza Baycan adlarını vermişdilər. Bu, qardaş Türkiyədə və Azərbaycanda böyük bir hadisə kimi qiymətləndirilmişdi. Mətbuatda bu barədə məqalələr yazılmış, körpələrin fotoşəkilləri dərc olunmuşdu. Hadisəni eşidən bəzi Vətən həsrətliləri hətta gözlərinin yaşını saxlaya bilməmişdilər. Yəni, eyni məsələyə İranda bir cür, Türkiyədə başqa cür münasibət bildirilmişdi. Yəni, eyni məsələyə müxtəlif yanaşmalar göz qabağındadır.

Onsuz da radikal molla rejiminin o taylı-bu taylı Azərbaycana münasibəti bəllidir. Rejimin canında qorxu var ki, Arazın o tayında əsarət altında caxladıqları insanlar nə vaxtsa ayağa qalxar, öz haqlarını tələb edərlər. Ona görə də Azərbaycanı yada salacaq hər hansı söz və ya ifadələr varsa, onları ya dəyişdirmək, ya da yasaq etmək istəyirlər. Təsadüfi deyil ki, orada indi də azərbaycanlılar yaşayan yerlərin adlarıı dəyişdirilir, vilayətlər parçalanıb xırdalanır. Haqqında danışdığımız məsələ də elə o qəbildəndir. Nə isə...

Biz körpə Baycanımızı bağrımıza basır, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxt gələcək arzulayırıq. Atalı-analı böyüsün, qeyrətli vətəndaş olsun, daşıdığı uca adın şərəfini daha da ucaltsın!

Vəli İlyasov, "İki sahil"