07 dekabr 2023 01:57
267

Cənab Jozep Borelin bareli və çin olmayan yuxuları

Azərbaycanın 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal antiterror tədbirlərində qələbələrini Avropa İttifaqı (Aİ) da həzm edə bilmir. Bu günlərdə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin bu qurumun İnsan Hüquqları üzrə 25-ci QHT Forumunda çıxışında növbəti dəfə söylədiyi fikirlər də bunu bir daha sübut edir. Bəri başdan qeyd edək ki, bu şəxsin erməni separatizmini dəstəkləməsi sadəcə, heyrət doğurur. Belə ki, J. Borel guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min (?) erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib.

Əvvəla, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, daha doğrusu, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə Qarabağda legitim tədbirlər həyata keçirib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin.

İkincisi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirlərindən sonra erməni əsilli şəxslər heç bir səbəb olmadan bölgəni tərk ediblər. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, əhalinin təhlükəsizliyi üçün bütün şərait yaratmışdı, bunu beynəlxalq təşkilatlar da təsdiq etmişdi. Bunun üçün onlardan yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək və qanunlarımız çərçivəsində yaşamaq. Amma illərlə beyinləri “miatsum”la yuyulmuş haylar öz separatist soydaşlarının fitnəsinə uyaraq Ermənistana üz tutmağa üstünlük verdilər. Rəsmi Bakı da onların sərbəst və təhlükəsiz keçidini təmin etdi. Bu mənada həmin erməni əsilli şəxslərin Qarabağı tərk etmələrini “güc tətbiqi” ilə əlaqələndirmək, onları qaçqın adlandırmaq heç bir məntiqə sığmır. Qeyd etmək lazımdır ki, bu iddialar hətta Ermənistan baş nazirinin sentyabrın 21-də xalqa müraciətində də təkzib olunub.

Borelin uydurduğu 150 minə gəldikdə isə… Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda deyib: “Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı (Borel – red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”. J. Borel də bu faktı bilməmiş deyil. Amma bilərəkdən rəqəmi şişirdir.

Şübhəsiz, beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərinin güclə qovulduqlarını iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. J.Borelin bu kimi yanlış bəyanatları, eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələl gətirməkdən başqa bir şey deyil.

Görəsən, J. Borel və onun mənsub olduğu qurum 30 ildən çox bir dönəmdə Ermənistandan, Qarabağdan öz yurd-yuvalarından vəhşicəsinə qovularaq məcburi köçkün həyatı yaşayan bir milyon soydaşlarımızın taleyindən niyə söz açmır? Olmaya xəbəri yoxdur? Şübhəsiz, var. Özü də yaxşı bilir ki, gücdən istifadə edən, etnik təmizləmə həyata keçirən, Xocalı soyqırımı kimi qətliamlar törədən, şəhər və kəndləri xaraba qoyan, dini-mədəni irs nümunələrin məhv edən haylar olublar. Amma Borelin ermənipərəstliyi əsl həqiqətləri dilə gətirməyinə imkan vermir.

Borel, həmçinin bildirib ki, guya münaqişə həll olunmayıb. Halbuki Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ münaqişəsini həll edib. Bütün dünyanın xəbərdar olduğu bu tarixi faktdan Borelin xəbərsiz olması əsla inandırıcı görünmür. Borelin söylədiklərini bir daha analiz edəndə görünür ki, onun sərsəm ifadələri hətta bu gün Ermənistanın baş naziri tərəfindən də səsləndirilmir. Borel ermənilərdən daha çox canfəşanlıq etmirmi? Edir! Bu mənada demək olar ki, Borelin bareli, yəni ölçü vahidi erməni xislətlidir və ya ermənipərəstlikdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, Aİ-nin “Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi ideyası da J. Borelə məxsusdur. Bu isə o deməkdir ki, Aİ də Ermənistanı növbəti müharibəyə sövq edir..

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Aİ-nin ali nümayəndəsinin bəyanatına cavab verib. XİN-in şərhinin sonunda deyilir: “Bir daha Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq”. Qeyd edək ki, bu kimi bəyanatlar verməyə vərdiş etmiş Borelə reallıqdan kənar danışdığı, faktları təhrif etdiyi XİN tərəfindən dəfələrlə bildirilib. Amma görünən budur ki, kor tutduğunu buraxmadığı kimi, o da öz absurd fikirlərindən əl çəkmir.

Qvami Məhəbbətoğlu, “İki sahil”