Bu, dünyanın qüdrətli və qalib Azərbaycanı yenidən kəşf etdiyi möhtəşəm gün idi
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən hərbi parad əvvəlkilərdən ona görə möhtəşəm idi ki, bu, bizim İkinci Qarabağ müharibəsindəki haqlı savaşımızın təntənəsi idi. Eyni zamanda, bu, ağır, lakin şərəfli döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzərək dünyanı heyrətləndirən Azərbaycan Ordusunun gücünün nümayişi idi. Həmin gün ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının başını dik tutacağı, qürurla «Mən qalib xalqın övladıyam» deyəcəyi gün idi. Ali Baş Komandanmız İlham Əliyevin dediyi kimi: «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir».
Bəli, Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə yerinə yetirdi. Xalqımızın 30 illik Vətən həsrətinə 44 günlük ağır döyüşlərdən sonra son qoydu. Eyni zamand, bu Zəfərlə yeni salnamə yazdı, dövlətçiliyimizi, tariximizi qələbələr ənənəsi zənginləşdirdi. Bu Qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.
Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 30 ilə yaxın müddətdə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Ordumuzun apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadı, qəhrəman hərbçilərimizin hədəfinə çevrilərək hərbi qənimətlər kimi ələ keçirildi.
Hələ bir neçə ay əvvəl Ermənistanın məğlub olaraq vəzifəsindən istefa verən keçmiş müdafiə naziri David Tonoyan Azərbaycanı işğalla hədələyirdi. Düşmən təbliğatı müharibə başlayacağı təqdirdə erməni tanklarının Bakıya gələcəyindən dəm vururdu. Bəli, erməni tankları Bakıya gəldilər, amma məğlub kimi, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi…
Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən sərt bir mesaj idi. Xüsusilə İkinci Qarabağ müharibəsində aldığı sarsıdıcı zərbələrdən sonra işğalçı ölkənin bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə nə cürəti, nə dəqüvvəsi çatmayacaq.
İkinci Qarabağ müharibəsindəki Qələbəmizə yalnız sevinən deyil, həm də siyasi və mənəvi dəstək verən ölkələrin biri və hətta birincisi qardaş Türkiyə oldu. Ona görə də 10 dekabr Zəfər paradı həm də qardaş ölkəmizin qürur və ləyaqət günü kimi qəbul edilirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həmçinin qardaş ölkənin rəsmi şəxslərinin iştirakı, o cümlədən Türkiyə hərbçilərinin nümunəvi keçidi Zəfər paradının diqqəti çəkən əsas məqamlarından biri idi. Bu amilin önəmli siyasi və rəmzi mənası var idi. Çünki Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi.
Bir sözlə, iki ölkənin dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının şahidi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paraddakı çıxışında bildirdi ki, bu Zəfər Gününüzdə sizlərlə birlikdə olmaqdan böyük məmnunluq duyuruq: «Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır. Bu gün Azərbaycanın mili şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür».
Zəfər paradındakı çıxışında Prezident İlham Əliyev bu barədə demişdir: «Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk».
Təbii ki, Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj idi. Eyni zamanda, bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı.
Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəki bütün hərbi strukturların, ayrı-ayrı qoşun növlərinin, hərbi birliklərin bölmələri, hərbi tədris müəssisələrinin kursantları keçdi. 44 günlük müharibədə qələbənin əldə olunmasında hərbi strukturların hər birinin böyük rolu olmuşdu. Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu müharibədə qarşılarında duran vəzifələri layiqincə icra etdilər. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti bölmələri öz vəzifələrini uğurla yerinə yetirərək Qələbəyə öz töhfələrini verdilər. Təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən onların hər birinin əməkdaşları yüksək orden və medallarla təltif olundular.
Zəfər paradından bütün qoşun növlərini əhatə edən 3000 hərbçi ilə yanaşı, 150-dək hərbi texnika keçdi. Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir.
Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən illər ərzində uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir hərbi gücə çevrilib.
Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Eyni zamanda bu hərbi parad düşmənə verilən növbəti mesaj oldu. Prezident İlham Əliyevin dediyi kimi: «Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq».
2020-ci ilin 10 dekabr Zəfər paradından keçən 3 ilə yaxın dövrdə Azərbaycan Ordusu daha bir möhtəşəm missiyasını peşəkarlıqla və qısa müddətdə yerinə yetirdi. 2023-cü il sentyabrın 19-da başlayan və cəmi bir gün çəkən lokal antiterror tədbirləri nəticəsində Xankəndidəki xunta rejimi təslim oldu. Ən qürurverici hadisə isə həmin xunta rəhbərlərinin əli qandallı Bakıya gətirilmələri və ədalət mühakiməsinə təslim edilmələri oldu. Bununla da Ermənistandakı revanşist qüvvələrə sonuncu və həm də öldürücü zərbə vuruldu. Eyni zamanda, bu, Azərbaycan Ordusunun yenilməzliyinin, qüdrətinin yeni bir təzahürü kimi özünü büruzə verdi.
Elçin Zaman, «İki sahil»